Təhsil sistemində rəqəmsallaşmanın mühüm istiqamətlərindən biri vətəndaşlara göstərilən xidmətlərin mərhələli şəkildə elektronlaşdırılmasıdır.
“İki sahil” xəbər verir ki, bunu təhsil işçilərinin sentyabr konfransında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib. O bildirib ki, şagirdlərin məktəbə qəbulu, məktəblərarası yerdəyişməsi və digər xidmətlər elektronlaşdırılıb. Bu il ümumi təhsil haqqında attestatların elektron formada təqdim edilməsinə başlanılıb.
Agentliyin direktoru qeyd edib ki, “Rəqəmsal məktəb” platforması hazırda Bakı şəhərinin 352 ümumi təhsil müəssisəsini əhatə edir və 35 minə yaxın müəllim platformadan istifadə edir. Platforma tədris və məktəbdaxili qiymətləndirmə nəticələrinin ilboyu izlənilməsinə, məlumatların məktəb, sinif, fənn və şagird səviyyəsində təhlilinə imkan verir.
Eşqi Bağırov vurğulayıb ki, yeni tədris ilində platformanın Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir və Naxçıvanda genişləndirilməsi nəzərdə tutulur. Nəticədə “Rəqəmsal məktəb”in 500-dən çox təhsil müəssisəsini, 600 minə yaxın şagirdi və 1 milyondan çox valideyni əhatə etməsi planlaşdırılır.
Diplomatlar Xankəndidə dəmir yolu və avtovağzal kompleksinin tikintisi ilə tanış olublar