Dördüncü sinif şagirdlərinin oxu bacarıqlarının qiymətləndirilməsi zamanı 2345 şagirdin minimum oxu bacarığını ölçən üç sualdan azı ikisinə səhv cavab verdiyi müəyyənləşdirilib. Bu, qiymətləndirmədə iştirak edən təxminən 150 min şagirdin 1,7 faizini təşkil edir.
“İki sahil” xəbər verir ki, bunu Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən, nazir müşaviri Elnur Əliyev təhsil işçilərinin sentyabr konfransında deyib. O bildirib ki, həmin suallar şagirdlərin ən aşağı səviyyədə oxu bacarıqlarını müəyyənləşdirmək və ciddi risk qrupunda olan uşaqları aşkar etmək məqsədilə hazırlanıb. Nəticələr regional təhsil idarələri və məktəblərlə paylaşılacaq. Bu şagirdlərin müəyyənləşdirilərək onlarla fərdi iş aparılması vacibdir.
Elnur Əliyev qeyd edib ki, 4-cü siniflər üzrə qiymətləndirmədə şagirdlərin 85 faizdən çoxu mətndə açıq şəkildə verilmiş informasiyanı düzgün müəyyənləşdirə bilir. Bununla belə, mətnin quruluşu və üslubunun qiymətləndirilməsi, müəllifin rəyi və niyyətinin müəyyənləşdirilməsi kimi daha çox tənqidi təfəkkür tələb edən tapşırıqlarda çətinliklər qalır.
Nazir müşaviri əlavə edib ki, son üç ildə 5 və 6-cı siniflərdə tədris olunan “Təbiət” fənni üzrə də şagirdlərin öyrənmə vəziyyəti qiymətləndirilir. Bu fənn kimya, biologiya və fizika üzrə biliklərin qarşılıqlı əlaqəli şəkildə tədrisini əhatə edir. Nəticələrdə əsasən sabitlik müşahidə olunur, orta balda cüzi artım olsa da, əsaslı yüksəliş qeydə alınmayıb.
O bildirib ki, oxu üzrə faktoloji qavrama, tənqidi təfəkkür və münasibət bildirmə, o cümlədən şərh etmə, əlaqələndirmə və dəyərləndirmə bacarıqları üzrə müsbət dinamika var. Bununla belə, xüsusilə tənqidi təfəkkür tələb edən tapşırıqlar istiqamətində ibtidai sinif müəllimlərinin daha çox fokuslanmasına ehtiyac var.
Diplomatlar Xankəndidə dəmir yolu və avtovağzal kompleksinin tikintisi ilə tanış olublar