Ordubad şəhərinin qədim tarixi, zəngin mədəni irsi və özünəməxsus etnoqrafik xüsusiyyətlərini əks etdirən “Cənnətin iqamətgahı” sənədli-musiqili-etnoqrafik filminin yerli premyerası keçirilib.
“İki sahil” xəbər verir ki, Ordubad Şəhər Mədəniyyət Sarayında keçirilən təqdimat mərasimində Mədəniyyət Nazirliyinin, Ordubad Rayon İcra Hakimiyyətinin, “Azernyumedia” şirkətinin nümayəndələri, mədəniyyət xadimləri, yaradıcı heyət, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Təqdimat mərasimində Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Nurlan Hacıyev, Əməkdar jurnalist, “Real” Təhlil İnformasiya Mərkəzinin direktoru və filmin media məsləhətçisi Mir Şahin Ağayev, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxış edərək filmin əhəmiyyətindən, Ordubadın milli mədəni irsinin təbliğində bu cür layihələrin rolundan danışıblar.
Çıxışlarda “Cənnətin iqamətgahı” filminin ərsəyə gəlməsində Ordubadın tarixi-mədəni irsinin, qədim şəhər mühitinin və bölgənin özünəməxsus adət-ənənələrinin əsas ilham mənbələrindən biri olduğu vurğulanıb. Qeyd olunub ki, filmin çəkilişləri Ordubad şəhərinin qədim küçələrində, eləcə də rayonun müxtəlif kəndlərində aparılıb. Layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, İCESCO-nun Bakı Regional Ofisinin tərəfdaşlığı və Real Təhlil İnformasiya Mərkəzinin informasiya tərəfdaşlığı ilə həyata keçirilib.
Çıxışlardan sonra filmin yaradıcı heyəti təqdim olunub və ekran əsərinin tam versiyası tamaşaçılara nümayiş etdirilib.