Hər il sentyabrın 29-u Ümumdünya Ürək Günü kimi qeyd olunur.
“İki sahil” xəbər verir ki, günün əsas məqsədi ürək-damar xəstəliklərinin qarşısının alınması, risk faktorları barədə ictimai məlumatlılığın artırılması və sağlam həyat tərzinin təşviq edilməsidir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, ürək-damar xəstəlikləri dünyada ölümün əsas səbəbidir. Bu xəstəliklər səbəbindən baş verən ölümlərin 85 faizi infarkt və insultun payına düşür. Ürək-damar xəstəliklərinə ürəyin və qan damarlarının müxtəlif patologiyaları, o cümlədən koronar, serebrovaskulyar, revmatik və anadangəlmə xəstəliklər daxildir.
Mütəxəssislər bildirirlər ki, əsas risk faktorları arasında tütündən istifadə, qeyri-sağlam qidalanma, fiziki passivlik, alkoqoldan zərərli istifadə, yüksək arterial təzyiq, qan şəkəri və xolesterin, artıq çəki və piylənmə yer alır. Havanın çirkli olması də ürək-damar xəstəlikləri riskini artıran amillərdəndir.
ÜST-nin məlumatına əsasən, ürək-damar xəstəliklərinin böyük hissəsinin qarşısını risk faktorlarının idarəolunması ilə almaq mümkündür. Bunun üçün tütündən imtina etmək, duz və digər qeyri-sağlam qidaların qəbulunu azaltmaq, daha çox meyvə və tərəvəz istehlak etmək, müntəzəm fiziki aktivlik olmaq, arterial təzyiq, qan şəkəri və xolesterinə nəzarət etmək tövsiyə olunur.
Ürək-damar xəstəlikləri uzun müddət heç bir əlamət vermədən inkişaf edə bilər. Bu səbəbdən mütəmadi tibbi müayinələr, risk faktorlarının erkən aşkarlanması və vaxtında müalicə xüsusi əhəmiyyət daşıyır.
Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq