29 sentyabr 2026 17:14
85

KOSMİK Akademiyanın Milli Elmi Komandası 52 universiteti əhatə edir

İmran Muxtarov: Müasir kosmik sektor yalnız akademik göstəricidən ibarət deyil

Azərbaycanın kosmik sahədə insan kapitalının inkişafı istiqamətində həyata keçirilən layihələr gənclərin elmi potensialının üzə çıxarılmasına və beynəlxalq elmi mühitə inteqrasiyasına yeni imkanlar yaradır. Bu baxımdan KOSMİK Akademiyanın 77-ci Beynəlxalq Astronavtika Konqresi (BAK 2026) çərçivəsində formalaşdırdığı Milli Elmi Komandanın fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Komanda müxtəlif ali təhsil müəssisələrində mövcud olan elmi potensialın vahid milli platformada birləşdirilməsinə və beynəlxalq səviyyədə təqdim olunmasına xidmət edir.

KOSMİK Akademiyanın rəhbəri İmran Muxtarov bildirib ki, Milli Elmi Komandanın əsas gücü kosmik elmin yalnız bir universitet, ixtisas və ya elmi istiqamətlə məhdudlaşdırılmamasıdır. Onun sözlərinə görə, hazırda  52 universiteti əhatə edən geniş elmi şəbəkə formalaşıb.

İ.Muxtarov qeyd edib ki, əsas məqsəd Azərbaycanın ali təhsil müəssisələrində mövcud elmi potensialı vahid milli platformada birləşdirmək və bu potensialı beynəlxalq elmi mühitə çıxarmaqdır.

Akademiyanın rəhbəri vurğulayıb ki, Milli Elmi Komandaya seçim zamanı əsas meyarlardan biri elmi keyfiyyət və tədqiqat bacarığıdır. Gəncin problemi düzgün müəyyənləşdirməsi, tədqiqat metodologiyasını qurması, əldə etdiyi nəticələri əsaslandırması və onları beynəlxalq auditoriya qarşısında təqdim edə bilməsi vacib şərtlər sırasında yer alır.

Bununla yanaşı, İ.Muxtarovun sözlərinə görə, müasir kosmik sektor yalnız akademik göstəricilərlə məhdudlaşmır. Buna görə seçim zamanı innovativ düşüncə, multidissiplinar yanaşma, problem həll etmək qabiliyyəti, komandada işləmək bacarığı, elmi kommunikasiya və beynəlxalq əməkdaşlıq potensialı da birlikdə qiymətləndirilir.

O bildirib ki, 2026-cı ildə Azərbaycandan BAK-a təqdim olunan 814 elmi iş bu elmi müxtəlifliyi aydın şəkildə nümayiş etdirir. Təqdim olunan tədqiqatlar süni intellektdən kvant texnologiyalarına, davamlı inkişafdan planetar elmlərə, kosmik siyasətdən təhsilə qədər geniş spektri əhatə edir.

KOSMİK Akademiyanın rəhbəri qeyd edib ki, burada əsas məqamlardan biri gənclərin yalnız mövcud texnologiyalardan istifadə edən deyil, yaradıcı düşünən mütəxəssislər kimi formalaşdırılmasıdır. Onun sözlərinə görə, Akademiya hazır texnologiyanı sadəcə tətbiq edən deyil, onun daha da təkmilləşdirilməsi və həmin texnologiyalar vasitəsilə Azərbaycan üçün konkret problemlərin həlli yollarını axtaran gənclər yetişdirməyə çalışır.

Yaqut Ağaşahqızı, “İki sahil”