29 sentyabr 2026 22:55
95

Azərbaycanın real iqtisadi mənzərəsinə baxış…

2026-cı il iqtisadiyyatımızın inkişaf tarixinə necə düşəcək?

Cari ilin yanvar-avqust aylarında Azərbaycanın iqtisadi həyatında müsbət dinamika davam edib. Hesabat dövründə ölkədə 87,7 milyard manat həcmində ümumi daxili məhsul (ÜDM) formalaşıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faizlik artım iqtisadi fəallığın qorunduğunu və real sektorda proseslərin davam etdiyini göstərir. Bu mənzərədə qeyri-neft-qaz sahələri xüsusi çəkisi ilə seçilir. Belə ki, həmin sektorda yaradılan əlavə dəyər 61,5 milyard manata çatıb və illik ifadədə 2,1 faiz yüksəlib.

Xüsusilə 2026-cı ilin  8 ayında  qeyri-neft-qaz sənayesində istehsalın ümumi həcmi 14,6 milyard manat olub ki, bu da  5,4 faiz artım deməkdir.  Nəqliyyat və anbar təsərrüfatında yaradılan əlavə dəyər 10,9 milyard manata çatıb ki, bu da 8,7 faizlik artım kimi qiymətləndirilir. İnformasiya və rabitə sahəsində isə əlavə dəyər 10,7 faiz artıb.

Dağ-mədən sənayesinin ölkə iqtisadiyyatında rolu genişlənir

Son bir neçə ildə qeyri-neft-qaz sənayesinin tərkibində mədənçıxarma xüsusi yer tutur. Bu ilin yanvar- avqust aylarında Azərbaycanda mədənçıxarma sənayesi üzrə istehsalın ümumi dəyəri 26 milyard 886,4 milyon manat təşkil edib.  Ölkədə metal filizlərinin hasilatı sahəsində istehsalın dəyəri illik müqayisədə 42,5 faiz artaraq 761,1 milyon manat, mədənçıxarma sənayesinin digər sahələrində istehsalın dəyəri 15,1 faiz azalaraq 141,3 milyon manat, mədənçıxarma sənayesi sahəsinə xidmətlərin göstərilməsi üzrə dəyər isə 28,8 faiz artaraq 2 milyard 146 milyon manat təşkil edib.

Kənd təsərrüfatında da artımlar mövcuddur

Qeyri-neft-qaz sektorunun digər əsas dayaqlarından biri kənd təsərrüfatıdır. 2026-cı ilin yanvar-avqust aylarında aqrar istehsalın həcmi 10,1 milyard manat təşkil edib və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz artıb. Kənd təsərrüfatında əldə olunan nəticələrin iqtisadi təsiri məhsul istehsalı ilə məhdudlaşmır. Aqrar sahə qida sənayesi, emal, soyuducu və anbar infrastrukturu, nəqliyyat, pərakəndə ticarət və ixracla sıx əlaqədə fəaliyyət göstərir.

Bu səbəbdən kənd təsərrüfatında  istehsal edilən  məhsulun daha böyük hissəsinin ölkə daxilində emal olunması iqtisadi baxımdan əlavə imkanlar yaradır. Belə halda ilkin kənd təsərrüfatı məhsulu daha yüksək dəyərə malik hazır və ya yarımfabrikat məhsula çevrilir, eyni zamanda, onun ətrafında yeni istehsal və xidmət sahələri formalaşır. Nəticədə iqtisadiyyatda daha uzun və daha dayanıqlı dəyər zəncirlərinin yaranması mümkün olur.

Nəqliyyat və anbar təsərrüfatında qeydə alınan 8,7 faizlik artım da qeyri-neft-qaz iqtisadiyyatının ümumi inkişaf mənzərəsində mühüm yer tutur. Hesabat dövründə bu sahədə yaradılan əlavə dəyər 10,9 milyard manat olub. İstehsal və ticarət dövriyyəsinin genişlənməsi paralel olaraq daha çevik logistika sistemlərinə tələbi artırır. Azərbaycanın regional nəqliyyat və tranzit imkanlarının genişlənməsi fonunda logistika sektoru iqtisadi aktivliyin mühüm elementlərindən birinə çevrilir.

İxrac artır, idxal azalır

İqtisadi fəallığın qiymətləndirilməsində xarici ticarətin göstəriciləri də mühüm yer tutur. İlin ötən 8 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 33,2 milyard ABŞ dollarına çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz artım deməkdir. Xarici ticarət əməliyyatlarında ixracın payına 21,8 milyard dollar, idxalın payına isə 11,4 milyard dollar düşüb. İxrac 27,8 faiz artdığı halda, idxal 24,1 faiz azalıb. Nəticədə Azərbaycanın xarici ticarət balansında 10,4 milyard dollarlıq müsbət saldo formalaşıb. Bu göstərici illik müqayisədə 5,2 dəfə yüksəkdir. İxracın daha sürətlə genişlənməsi xarici ticarət balansının müsbət istiqamətdə dəyişməsinə əsas təsir göstərən amillərdən biri olub.

Elçin Zaman, «İki sahil»