30 sentyabr 2026 20:15
94

Ayxan Abbasov: Meydanda fərqli və hücumameyilli oyun nümayiş etdirməyə çalışacağıq

Mütləq qalib gəlməliyik. Bizi istəkli komandaya qarşı çətin oyun gözləyir. Rəqibin itirəcəyi heç nə yoxdur. Lakin rəqibdən asılı olmayaraq, meydanda öz oyunumuzu göstərməliyik.

“İki sahil” xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasında Bakıda Lixtenşteyn yığmasına qarşı keçiriləcək matçdan öncə təşkil olunan mətbuat konfransında deyib. Baş məşqçi komandanın hazırlıq prosesi və heyətdəki son vəziyyət barədə məlumat verib: "Heyətimizdə bəzi zədəli futbolçular olsa da, sevindirici haldır ki, bunlar onların oynamasına mane olacaq dərəcədə ciddi zədələr deyil. Sıx qrafikə və yorğunluğa baxmayaraq, ciddi itkimiz yoxdur. Amma Renat Dadaşov sabahkı matçda zədə səbəbindən meydanda ola bilməyəcək”.

Rəqib faktoruna və oyun taktikasına toxunan mütəxəssis müasir futbolda zəif komandanın qalmadığını vurğulayıb: "Milli komandalar səviyyəsində artıq zəif rəqib anlayışı yoxdur. Bütün komandalar xal almaq, özünü göstərmək üçün axıra qədər mübarizə aparır. Biz hazırlıq üçün az vaxtımızın olmasına baxmayaraq, meydanda fərqli və hücumameyilli oyun nümayiş etdirməyə çalışacağıq”.

Ayxan Abbasov futbolçuların təcrübəsinə və komandanın potensialına inandığını da əlavə edib: "Əvvəlki oyunlarda daha güclü rəqiblərlə qarşılaşmışdıq, indi isə fərqli situasiyadır. Futbolçularımız hər cür ssenariyə hazır olmalı və tapşırıqları dəqiqliklə yerinə yetirməlidirlər. Komandama inanıram, ümid edirəm ki, meydanda üzərimizə düşəni edib istədiyimiz nəticəni qazanacağıq”.

O, azarkeşlərin dəstəyinin komanda üçün böyük motivasiya olduğunu vurğulayıb: “Ümid edirəm ki, matça çoxlu azarkeş gələcək. Çünki milli komandamızın bu dəstəyə böyük ehtiyacı var. Rəhbərliklə, futbolçularla danışanda hər kəs azarkeşlər önündə oynamaq istədiyini bildirir. Ölkə çempionatında azarkeş sayı az olsa da, milli komandanın oyunlarında tribunalarda onların varlığını hiss edirik. Nə olursa-olsun, azarkeşlərimizin dəstəyi bizim üçün vacibdir”.

Baş məşqçi, həmçinin milli komandaya dəvət almayan bəzi futbolçuların fikirlərinə münasibət bildirib: "Hər bir futbolçu milli komandada oynamaq istəyir və bu onların haqqıdır. Lakin biz bütün oyunları izləyirik, mütəxəssislərlə təhlillər aparırıq və hansı futbolçunun milli komandaya daha çox fayda verə biləcəyini dəyərləndiririk. Qərarlar obyektiv meyarlar əsasında verilir. Məsələn, bu gün heyətdə yer almayan bir neçə futbolçular var. Onlar hamısı milli komanda üçün dəyərli oyunçulardır. Biz seçimlərimizi edərkən futbolçuların hazırkı formasını, oyun praktikasını və komandaya verə biləcəyi töhfəni nəzərə alırıq. Sabah şərait dəyişərsə, həmin futbolçular yenidən milliyə dəvət oluna bilərlər. Bizim yanaşmamız qərəzsizdir və yalnız milli komandanın uğuruna xidmət edir”.

Qeyd edək ki, oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan - Lixtenşteyn oyunu saat 20:00-da başlayacaq.