Futbolçularıma inanıram. Onlar son oyundan sonra həqiqətən çox məyus idilər. İndi bunu arxada qoyub Litvaya qarşı mübarizə aparmalı və qələbə qazanmalıyıq. İnanıram ki, azarkeşlərimizi də sevindirəcəyik.
“İki sahil” xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasında Bakıda Litva yığmasına qarşı keçiriləcək matçdan öncə təşkil olunan mətbuat konfransında deyib. Mütəxəssis qarşılaşmanın çətin keçəcəyini və komandasının qələbə qazanmaq əzmində olduğunu bildirib: “Millidə olmaq və burada məşqçilik etmək böyük bir təzyiq deməkdir. Buna mütləq dözməlisən. Bəzi gənc oyunçular bu məsuliyyətin yükünü həddən artıq hiss edirlər və nəticədə klublarında göstərdikləri rahat, sərbəst oyunu burada nümayiş etdirə bilmirlər. Onların milli komandadakı yolu yeni başladığı üçün müəyyən zamana ehtiyacları var. Xoşbəxtlikdən, heyətdə böyük təcrübəyə malik, belə çətin sınaqlardan keçmiş futbolçularımız da az deyil. Bir uğursuzluqla hər şey bitmir, əksinə, bu cür matçlar komandaya böyük təcrübə qazandırır”.
O vurğulayıb ki, əsas istəkləri qrupda liderliyi ələ almaq, xal ehtiyatını və reytinq göstəricilərini yüksəltməkdir: “Ancaq nəzərə almaq lazımdır ki, növbəti mərhələdə C Liqasının formatı fərqli olacaq və daha ciddi rəqiblərlə qarşılaşacağıq. İddialı komanda formalaşdırmaq müəyyən mərhələli proseslərdən keçməyi və hər bir futbolçunun potensialına bələd olmağı tələb edir”.
Qeyd edək ki, oktyabrın 4-də keçiriləcək Azərbaycan-Litva oyunu saat 17:00-da başlayacaq.
Rəşad Nəbiyev Marius Vizeri "Dostluq" ordeni ilə təltif olunması münasibətilə təbrik edib
İdmançılarımız "5th Aere Trampoline Cup" beynəlxalq turnirində 5 qızıl, 1 gümüş medal qazanıblar
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək