Meksikanın Keretaro şəhərində Ümumdünya İrs Şəhərləri Festivalı keçirilib. Festival Keretaronun tarixi hissəsinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin və Meksikanın Ümumdünya İrs Şəhərləri Milli Assosiasiyasının yaradılmasının 30 illiyinə həsr olunub.
“İki sahil” xəbər verir ki, ölkəmizin Meksikadakı səfirliyindən bildiriblər ki, festival çərçivəsində “Ümumdünya irsi. Turizm diplomatiyası və mədəniyyət diplomatiyası” mövzusunda dəyirmi masa təşkil olunub. Tədbirdə çıxış edən Azərbaycanın Meksikadakı səfirliyinin birinci katibi Lalə Səfərova ölkəmizin zəngin, çoxəsrlik şəhərsalma və memarlıq irsi barədə məlumat verib. O, paytaxt Bakının tarixi və mədəni xüsusiyyətlərini qoruyaraq müxtəlif dövrlərin memarlıq tendensiyalarına uyğun inkişaf etdiyini diqqətə çatdırıb. L.Səfərova dünya memarlığının mühüm nümunələrindən biri olan İçərişəhərin gün ərzində çoxsaylı ziyarətçi qəbul etdiyini vurğulayaraq, tarixi irsin qorunması ilə şəhərin gündəlik həyatı, turizm və müasir şəhər ehtiyacları arasında balansın vacibliyini diqqətə çatdırıb.
Tədbirdə İçərişəhərin mühafizəsinə Azərbaycan hökumətinin verdiyi önəm, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaradılması və 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi barədə məlumat verilib. Həmçinin İçərişəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksinin 2000-ci ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildiyi xatırladılıb.
Azərbaycanın şəhərsalma və davamlı şəhər inkişafı gündəliyinə verdiyi önəmin göstəricisi kimi bu ilin mayında Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) keçirildiyi də diqqətə çatdırılıb.
Dəyirmi masada Meksikanın Ümumdünya İrs Şəhərləri Milli Assosiasiyasının baş direktoru Xorxe Orteqa Qonsalez, Keretaro bələdiyyəsinin turizm katibi Mariana Ortiz Kabrera, həmçinin Ukrayna, İspaniya və Portuqaliya səfirliklərinin nümayəndələri də çıxış ediblər.
Festival çərçivəsində Ümumdünya İrs Şəhərlərinə həsr edilmiş sərgidə isə Bakı və İçərişəhərin fotosu nümayiş etdirilib.
Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
AAYDA-da süni intellektin idarəetmə və iş proseslərində tətbiqinə dair təlim keçirilib
Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib