05 oktyabr 2026 13:07
92

Yəməndə Sənanın azad edilməsi üzrə hərbi əməliyyatın başlandığı elan edilib

Yəmən Prezident Rəhbərlik Şurasının sədri Rəşad Məhəmməd əl-Alimi respublikanın paytaxtı Sənanın üsyançı husilərin "Ənsar Allah" hərəkatından azad edilməsi məqsədilə "Yəmən dan yeri" ("Raşd əl-Yəmən") hərbi əməliyyatının başlandığını elan edib.

“İki sahil” xəbər verir ki,  Yəmənin SABA informasiya agentliyi onun sözlərini sitat gətirir: "Allahın xeyir-duası ilə dövlət institutlarının bərpası, paytaxt Sənanın azad edilməsi və terrorçu husilərin dövlət çevrilişinə son qoyulması üçün "Yəmən dan yeri" əməliyyatı başladı".

Daha əvvəl bazar ertəsi Yəmənin hökumət qüvvələri Bab əl-Məndəb boğazı yaxınlığında yerləşən Zübab rayonu üzərində nəzarəti bərpa etmişdilər. Səudiyyə Ərəbistanının "Al Arabiya" telekanalının məlumatına görə, Yəmənin "Əl-Əmalika" ("Nəhənglər briqadaları") və "Dar əl-Vətən" ("Vətən qalxanı") bölmələri husi dəstələrini həmin ərazidən çıxarıblar. Qeyd olunur ki, qoşunlar aviasiyanın dəstəyi ilə Kaxbub dağları istiqamətindən rəqibin mövqelərini yan keçiblər.

Telekanalın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, Zübabın azad edilməsindən əvvəl bu rayonda şiddətli döyüşlər gedib və hücum nəticəsində Yəmən ordusu üsyançıların təchizat xətlərini demək olar ki, tamamilə kəsməyə nail olub.