05 oktyabr 2026 13:46
103

Yeni Azərbaycan: Dünən, bu gün, sabah

Müstəqilliyini yenicə qazanan Azərbaycan xalqı naşı və səriştəsiz rəhbərlərin idarəçiliyi ucbatından ciddi böhranlarla üz-üzə qalmışdı. Ölkə daxilindəki qarışıq vəziyyət, xarici təhdidlər və düzgün qurulmayan siyasət nəticəsində problemlər hər ötən gün daha da dərinləşirdi. Xalq çıxış yolunu dahi şəxsiyyət Heydər Əliyevin ətrafında birləşməkdə gördü. Yeni Azərbaycan arzusu və istəyi məhz bu dövrdə formalaşdı.

Xalqın istək və tələbi ilə Ulu Öndərin yaratdığı partiya da məhz belə adlandırıldı – Yeni Azərbaycan! Partiyanın adı, eyni zamanda, onun əsas ideya və siyasi xəttini ifadə edən bir şüara çevrildi. Xalqa xidmət və güclü dövlət quruculuğunu əsas fəaliyyət istiqaməti seçən Yeni Azərbaycan Partiyası qısa zaman kəsiyində xalqın etimadını doğrultdu. Yeni Azərbaycan uğrunda siyasət yürüdən partiya xalqın partiyasına çevrildi və ölkəmizdə yeni reallıqların yaranmasına mühüm töhfələr verdi: bütöv, suveren, qalib və güclü Azərbaycan!

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı məhz yeni reallıqlar şəraitində keçirildi. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev Qurultayda çıxışı zamanı tarixi faktları xatırlatdı, günümüzün reallıqlarını təhlil etdi və gələcək hədəfləri müəyyənləşdirdi. Dövlət başçısı qətiyyətli mövqe nümayiş etdirərək mühüm mesajlar verdi.

Dünənimiz

Azərbaycan tarix boyu bir sıra problemlərlə üzləşib. Bunun əsas səbəblərindən biri ölkəyə səriştəsiz və naşı şəxslərin rəhbərlik etməsi olub. Ölkə daxilində yaranan boşluqdan istifadə edən düşmən və Azərbaycana qarşı olan qüvvələr belə fürsətlərdən yararlanmağa çalışıb, xalqımız isə bu cür hallardan dəfələrlə zərər çəkib.

Müstəqilliyimizin ilk illərində də Azərbaycan ciddi problemlərlə üzləşdi. Səriştəsiz və vəzifəpərəst şəxslərin cəmləşdiyi AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə ölkəmiz ağır sınaqlarla qarşılaşdı, dövlətçilik əsasları ciddi təhlükə ilə üz-üzə qaldı.

Belə bir mürəkkəb şəraitdə Ulu Öndər Heydər Əliyev xalqı və ölkəni parçalanmaq və məhv olmaq təhlükəsindən xilas etdi. O, müstəqil Azərbaycan dövlətinin inkişaf strategiyasını işləyib hazırladı və ölkənin gələcək tərəqqisi üçün möhkəm təməl yaratdı.

Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin tarixi faktları xatırlatmaqda əsas məqsədlərindən biri gənc nəslin müstəqil Azərbaycan dövlətinin hansı çətinliklərdən keçdiyini bilməsidir. Keçmişi bilmək bu günün dəyərini anlamaq və gələcəyə daha inamla addımlamaq baxımından mühüm əhəmiyyət daşıyır.

Bu günümüz

Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasət nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Bu tarixi nailiyyətin əldə olunması üçün illər ərzində qətiyyətli və ardıcıl addımlar atılıb, ölkənin iqtisadi və hərbi potensialı gücləndirilib.

Ölkə iqtisadiyyatı davamlı şəkildə inkişaf etdirilib, Azərbaycanın beynəlxalq mövqeləri möhkəmləndirilib. Hazırda Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir, keçmiş məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıdışı təmin olunur.

Azərbaycanın davamlı şəkildə gücləndirilməsi istiqamətində ardıcıl işlər görülür, ölkə iqtisadiyyatının şaxələndirilmiş inkişafı təmin edilir. Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində öz mövqeyi və söz sahibi olan, orta güc dövləti kimi qəbul edilən ölkələrdən biridir.

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında əldə olunan uğurları və həyata keçirilən genişmiqyaslı işləri ətraflı təhlil edərək bütün bu nailiyyətlərin Yeni Azərbaycan Partiyasının siyasi dəsti-xətti ilə həyata keçirilən məqsədyönlü siyasətin nəticəsi olduğunu vurğuladı.

Sabahımız

Ölkəmizin sabahı, parlaq gələcəyi də Yeni Azərbaycanla olacaq. Təbii ki, bunun üçün zamanın tələblərinə uyğun olaraq qarşıda duran vəzifələr ardıcıl şəkildə yerinə yetirilməlidir.

Prezident İlham Əliyev Qurultayda müasir ideoloji işin aparılmasının vacibliyini xüsusi qeyd etdi. Bu istiqamətdə partiya fəallarının üzərinə böyük vəzifələr düşür. Müasir dövrün çağırışlarını düzgün qiymətləndirmək, milli maraqları qorumaq və gənc nəslə dövlətçilik dəyərlərini aşılamaq əsas istiqamətlərdən olmalıdır.

Ölkə başçısı həmçinin vurğuladı ki, bundan sonra xarici siyasət elə bir formada həyata keçirilməlidir ki, heç kəs Azərbaycanın daxili işlərinə müdaxilə edə bilməsin. Müstəqil və milli maraqlara əsaslanan xarici siyasətin davam etdirilməsi Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsinə xidmət edəcək.

Xalqın sosial rifahının davamlı olaraq yaxşılaşdırılması üçün tədbirlərin görüləcəyini bildirən Prezident İlham Əliyev ölkə iqtisadiyyatının dayanıqlı inkişafının təmin ediləcəyini də diqqətə çatdırdı.

Müasir dünyada söz sahibi olan müstəqil Azərbaycan dövlətinin gələcək tərəqqisinə də məhz Yeni Azərbaycan Partiyasının banisi Ulu Öndər Heydər Əliyevin siyasi kursu əsasında, Prezident İlham Əliyevin rəhbərliyi ilə nail olacağıq. Azərbaycanın tarixinə gələcək zəfərlər də Yeni Azərbaycan Partiyasının siyasi dəsti-xətti ilə yazılacaq.

Bu gün Yeni Azərbaycan sadəcə bir arzu və istək deyil. Yeni Azərbaycan artıq öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş, güclü və qalib Azərbaycan reallığıdır. Qarşıdakı illərdə əsas məqsəd bu nailiyyətləri qorumaq, ölkəmizin davamlı inkişafını təmin etmək və daha güclü Azərbaycan naminə yeni hədəflərə doğru inamla irəliləməkdir.

Anar Şahmuradov,

YAP Ağdaş rayon təşkilatı Aparatının ideoloji işlər üzrə məsləhətçisi