06 oktyabr 2026 13:38
131

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışında dövlətçilik və Azərbaycanın tarixi inkişaf yolu

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışı Azərbaycanın keçdiyi siyasi yolu, əldə etdiyi nəticələri və qarşıda duran yeni vəzifələri qiymətləndirmək baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilən ilk qurultay olması çıxışa xüsusi məna verir. Prezident çıxışında həm YAP-ın yaranma tarixindən, həm Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından, həm də sonrakı dövrdə Azərbaycanın keçdiyi inkişaf yolundan danışaraq bu mərhələlər arasında siyasi bağlılığı diqqətə çatdırır.

Azərbaycanın müstəqilliyinin ilk illəri ölkə üçün mürəkkəb dövr olmuşdur. Həmin illərdə Azərbaycan həm hərbi qarşıdurma, həm də ciddi siyasi və iqtisadi problemlərlə üzləşmişdi. Ölkədə sabitliyin təmin edilməsi, dövlətin idarə olunmasının möhkəmləndirilməsi və milli maraqların qorunması mühüm məsələlər qarşısında dayanırdı. Belə bir şəraitdə Yeni Azərbaycan Partiyasının yaradılması ölkənin siyasi həyatında mühüm hadisə oldu.

1992-ci il noyabrın 21-də Naxçıvanda YAP-ın təsis qurultayının keçirilməsi ilə yeni siyasi təşkilat fəaliyyətə başladı. Prezident İlham Əliyev çıxışında YAP-ın yaradılmasını xalqın tələbi ilə əlaqələndirir. Bu məqam partiyanın yaranmasının həmin dövrün siyasi reallıqları ilə bağlı olduğunu göstərir. YAP sonrakı illərdə Azərbaycanın siyasi həyatında mühüm rol oynayan təşkilatlardan birinə çevrildi.

Çıxışda Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı xüsusi yer tutur. Prezident bu qayıdışı da xalqın tələbi kimi qiymətləndirir. Həmin dövrdə Azərbaycanın qarşısında dövlətin qorunması, sabitliyin təmin edilməsi və mövcud problemlərin həlli kimi ciddi vəzifələr dayanırdı. Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkənin inkişafında yeni mərhələ başladı və siyasi kursun əsas istiqamətləri müəyyənləşdirildi.

Prezident İlham Əliyevin çıxışında Heydər Əliyevin siyasi irsi və onun müəyyən etdiyi kursun davam etdirilməsi də xüsusi vurğulanır. Bu davamlılıq Azərbaycanın sonrakı inkişafında özünü göstərən əsas amillərdən biri kimi təqdim edilir. İlham Əliyev Heydər Əliyevin siyasi kursunun müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilməsini Azərbaycanın inkişafının əsas istiqamətlərindən biri kimi göstərir.

Sonrakı illərdə Azərbaycanın iqtisadi imkanları genişləndi, dövlətin müdafiə qabiliyyəti gücləndi və beynəlxalq mövqeləri möhkəmləndi. Prezidentin çıxışında bu nəticələr Azərbaycanın qarşısında duran əsas məqsədlərin həyata keçirilməsi üçün yaradılmış imkanlarla əlaqələndirilir. Ölkənin iqtisadi gücünün artırılması və dövlətin imkanlarının genişləndirilməsi sonrakı mərhələdə qarşıya qoyulan strateji məqsədlərin reallaşdırılması üçün mühüm əsas yaratdı.

Bu prosesdə Azərbaycanın ərazi bütövlüyünün bərpası əsas məsələlərdən biri olaraq qalırdı. Uzun illər ərzində işğal altında olan ərazilərin azad edilməsi Azərbaycanın qarşısında duran başlıca milli məqsədlərdən biri idi. Prezident İlham Əliyevin çıxışında bu istiqamətdə görülən işlər və əldə olunan nəticələr Azərbaycanın son illərdə keçdiyi yolun ən mühüm hadisələri sırasında göstərilir.

44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün böyük hissəsinin bərpası ilə nəticələndi. Daha sonra 2023-cü il sentyabrın 20-də Azərbaycanın öz suverenliyini tam bərpa etməsi ölkənin tarixində yeni mərhələ yaratdı. Beləliklə, uzun illər qarşıda duran əsas milli məqsədlərdən biri həyata keçirildi. VIII Qurultayın məhz bu nəticədən sonra keçirilməsi Prezidentin çıxışının siyasi məzmununa xüsusi əhəmiyyət verir.

Ərazi bütövlüyünün və suverenliyin bərpasından sonra qarşıda duran vəzifələr də əvvəlki dövrdən fərqlənir. Prezident çıxışında azad edilmiş ərazilərin bərpasına, həmin ərazilərdə genişmiqyaslı quruculuq işlərinin aparılmasına və Böyük Qayıdış proqramının həyata keçirilməsinə xüsusi diqqət yetirir. Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri kimi təqdim olunur.

Bu istiqamətdə infrastrukturun yaradılması, yaşayış məntəqələrinin bərpası və keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışının təmin edilməsi mühüm əhəmiyyət daşıyır. Prezidentin çıxışında azad edilmiş ərazilərdə həyata keçirilən layihələr Azərbaycanın yeni inkişaf mərhələsinin mühüm istiqamətlərindən biri kimi qiymətləndirilir.

Çıxışın digər mühüm istiqaməti Azərbaycanın iqtisadi imkanlarının və beynəlxalq mövqelərinin gücləndirilməsi ilə bağlıdır. Prezident ölkənin iqtisadi inkişafı, investisiya imkanları, enerji siyasəti və nəqliyyat layihələri haqqında da danışır. Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunması ilə yanaşı, ölkənin regional və beynəlxalq nəqliyyat layihələrində rolunun artması da diqqətə çatdırılır.

Bu məsələlər Azərbaycanın müstəqil siyasət həyata keçirmək imkanlarının genişlənməsi ilə əlaqələndirilir. Ölkənin iqtisadi potensialının artırılması, maliyyə imkanlarının genişləndirilməsi və beynəlxalq əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın qarşısında duran strateji məqsədlərin həyata keçirilməsinə imkan verən əsas amillər kimi çıxış edir.

VIII Qurultay yeni siyasi şəraitdə keçirildiyi üçün YAP qarşısında duran vəzifələr də çıxışda ayrıca əhəmiyyət daşıyır. Ərazi bütövlüyünün və suverenliyin bərpasından sonra ölkənin siyasi həyatında yeni mərhələ başlayıb. Bu mərhələdə əldə edilmiş nəticələrin qorunması, dövlətin inkişafının davam etdirilməsi və qarşıya qoyulan yeni məqsədlərin həyata keçirilməsi əsas məsələlər sırasındadır.

Prezidentin çıxışının ümumi məntiqindən görünür ki, keçilmiş yol yalnız tarixi hadisələrin xatırlanması məqsədi daşımır. YAP-ın yaradılması, Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı, onun müəyyən etdiyi siyasi kursun davam etdirilməsi, Azərbaycanın iqtisadi və müdafiə imkanlarının gücləndirilməsi və nəhayət, ərazi bütövlüyünün və suverenliyin bərpası bir-biri ilə əlaqəli mərhələlər kimi təqdim olunur.

Bu baxımdan İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışı Azərbaycanın keçdiyi siyasi yolun qiymətləndirilməsi ilə yanaşı, yeni mərhələnin əsas istiqamətlərini də göstərir. Əvvəlki dövrdə qarşıda duran əsas məqsədlərdən biri ərazi bütövlüyünün və suverenliyin bərpası idisə, bu gün əsas diqqət əldə edilmiş nəticələrin möhkəmləndirilməsinə, azad edilmiş ərazilərin bərpasına və ölkənin davamlı inkişafına yönəlir.

Beləlıklə, çıxışda Azərbaycanın müasir siyasi inkişafının əsas mərhələləri YAP-ın yaradılması, Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı, müəyyən edilmiş siyasi kursun davam etdirilməsi və Azərbaycanın ərazi bütövlüyü ilə suverenliyinin tam bərpası kontekstində təqdim olunur. VIII Qurultay isə bu tarixi mərhələlərdən sonra Azərbaycanın qarşısında duran yeni vəzifələrin müəyyənləşdirilməsi baxımından mühüm siyasi hadisə kimi qiymətləndirilir.

Gülşən Axundova,
Qadın, İnkişaf, Gələcək İctimai Birliyinin sədri