06 oktyabr 2026 14:43
125

Zəfərdən yeni hədəflərə: AZƏRBAYCANIN STRATEJİ YOL XƏRİTƏSİ

Yeni Azərbaycan Partiyasının Qurultayında Prezident İlham Əliyevin çıxışı Azərbaycanın son onilliklərdə keçdiyi inkişaf yolunun, əldə olunan tarixi Zəfərin və qarşıdakı dövrün əsas vəzifələrinin vahid siyasi-strateji çərçivədə təqdimatı ilə yadda qaldı. Çıxışın əsas mesajı ondan ibarətdir ki, Azərbaycanın əldə etdiyi tarixi nəticələr təsadüfi deyil. Bu nəticələr uzun illər ərzində həyata keçirilmiş ardıcıl dövlətçilik siyasətinin, güclü iqtisadiyyatın, hərbi potensialın, müstəqil xarici siyasətin və milli həmrəyliyin məntiqi nəticəsidir. Bu baxımdan Prezidentin çıxışı yalnız görülmüş işlərin hesabatı deyil, həm də yeni mərhələ üçün siyasi-strateji proqram kimi qiymətləndirilə bilər.

Uzunmüddətli inkişaf strategiyası

Prezident İlham Əliyevin çıxışında Azərbaycanın bugünkü uğurlarının başlanğıc nöqtəsi Ulu Öndər Heydər Əliyevin siyasi irsi ilə əlaqələndirilir. Bu yanaşmanın mühüm tərəfi ondan ibarətdir ki, Azərbaycanın bugünkü siyasi, iqtisadi və hərbi gücü ayrı-ayrı qərarların deyil, uzunmüddətli inkişaf strategiyasının nəticəsi kimi təqdim olunur. Yeni Azərbaycan Partiyasının yaradılması da bu siyasi xəttin mühüm mərhələsi idi. Xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkədə dövlətçiliyin möhkəmləndirilməsi, müstəqil dövlət institutlarının formalaşdırılması və milli inkişaf strategiyasının müəyyənləşdirilməsi üçün yeni mərhələnin başlanğıcını qoydu.

1990-cı illərin əvvəllərinin mürəkkəb reallıqları, AXC-Müsavat hakimiyyətinin yaratdığı siyasi və iqtisadi böhran fonunda dövlətçiliyin qorunması əsas məsələ idi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət isə Azərbaycanı daxili xaosdan sabitliyə, iqtisadi tənəzzüldən inkişaf yoluna çıxardı. Zaman keçdikcə taktiki və strateji vəzifələr dəyişsə də, siyasi xəttin əsas istiqamətləri dəyişməz qaldı.

Siyasi müstəqilliyin mühüm dayaqlarından biri iqtisadi və maliyyə müstəqilliyidir. Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi nəticələr bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Müasir geosiyasi reallıqlar və enerji təhlükəsizliyi

Müasir geosiyasi reallıqlar enerji təhlükəsizliyinin əhəmiyyətini daha da artırır. Azərbaycanın zəngin enerji potensialı ölkənin yalnız iqtisadi imkanlarını deyil, beynəlxalq siyasi çəkisini də artırır. Eyni zamanda Azərbaycan ənənəvi enerji resursları ilə məhdudlaşmır, “yaşıl enerji” potensialının inkişafına xüsusi diqqət yetirir. Bu istiqamət Azərbaycanın gələcək enerji xəritəsində də mühüm rol oynayacağını göstərir. Nəqliyyat-logistika sahəsində həyata keçirilən uzunmüddətli siyasət də öz nəticəsini verir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan artıq regional tranzit sisteminin əsas mərkəzlərindən birinə çevrilib.

Tarixi Zəfərdən Böyük Qayıdışa

Tarixi Zəfərin ən mühüm nəticələrindən biri işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdış prosesidir. Qısa müddətdə Qarabağ və Şərqi Zəngəzurda 96 min insanın yaşaması, işləməsi və təhsil alması miqyas baxımından böyük quruculuq prosesinin göstəricisidir. Bu rəqəmin yaxın zamanda 100 mini keçməsi gözlənilir. Bu gün artıq 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlər məskunlaşıb. Yeni yollar, yaşayış məntəqələri, məktəblər, xəstəxanalar, enerji və kommunal infrastrukturlar yaradılır. Burada söhbət yalnız fiziki bərpadan getmir. Məqsəd insanların öz doğma torpaqlarında təhlükəsiz, rahat və layiqli həyat şəraitinin təmin edilməsidir. Böyük Qayıdış Azərbaycanın Zəfərdən sonra həyata keçirdiyi quruculuq siyasətinin ən mühüm istiqamətlərindən biridir və qarşıdakı illərdə bu prosesin daha da sürətlənməsi gözlənilir.

Yeni inkişaf mərhələsi

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışını birləşdirən əsas xətt Azərbaycanın artıq yeni inkişaf mərhələsinə daxil olmasıdır. Ərazi bütövlüyü və suverenlik bərpa edilib. İndi əsas vəzifə bu Zəfəri dayanıqlı inkişaf, güclü iqtisadiyyat, təhlükəsiz cəmiyyət və daha böyük beynəlxalq nüfuzla möhkəmləndirməkdir. Bu mərhələdə dövlətin gücü yalnız hərbi göstəricilərlə ölçülmür. Güclü iqtisadiyyat, maliyyə dayanıqlılığı, müasir təhsil, ideoloji müqavimət, müstəqil xarici siyasət, enerji və nəqliyyat imkanları, sosial rifah və Böyük Qayıdış vahid milli güc konsepsiyasının tərkib hissələridir. Yeni Azərbaycan Partiyasının qarşısında duran əsas vəzifələrdən biri də bu reallıqları cəmiyyətə müasir və təsirli formada çatdırmaqdır. Burada formal təbliğat üsullarından deyil, real nəticələrin, konkret rəqəmlərin, insan hekayələrinin və Azərbaycan vətəndaşının gündəlik həyatında baş verən dəyişikliklərin təqdimatından söhbət gedir.

Çünki Azərbaycanın əldə etdiyi nəticələrin miqyası özü ən güclü arqumentdir. Əsas məsələ bu reallıqları şişirtmədən, lakin onların əsl miqyasını və əhəmiyyətini cəmiyyətə və beynəlxalq auditoriyaya doğru, aydın və müasir kommunikasiya vasitələri ilə çatdırmaqdır.

Prezidentin çıxışının ümumi məntiqi də məhz bunu göstərir - Zəfər son deyil, yeni mərhələnin başlanğıcıdır. Qarşıdakı dövrdə əsas hədəf əldə edilmiş siyasi və hərbi üstünlükləri davamlı iqtisadi inkişaf, milli təhlükəsizlik, sosial rifah və beynəlxalq nüfuzla möhkəmləndirməkdir.

İsa Eminov,
YAP Ağdaş rayon təşkilatının sədr müavini,
VIII Qurultayın iştirakçısı