07 oktyabr 2026 10:06
121

Azərbaycanın uğurları qazandığı tarixi Qələbənin təcəssümüdür - Kamran Bayramov

"Müasir Azərbaycanın dövlətçilik tarixi və qazandığı strateji uğurlar siyasi varislik prinsipi ilə sıx bağlıdır. Yeni Azərbaycan Partiyasının VIII qurultayındakı nitqində Prezident İlham Əliyev dövlət üçün siyasi varisliyin müstəsna əhəmiyyətini xüsusi vurğulayaraq, bunun milli maraqların qorunması və müstəqilliyin möhkəmləndirilməsi yolunda dəyişməz bir xətt olduğunu diqqətə çatdırmışdır. Bu prinsipial baxış təsadüfi olmayıb, məhz Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə müəyyənləşdirdiyi strateji kursun məntiqi davamı və müasir reallıqlara uyğun uğurlu inkişafıdır. Hələ həmin mürəkkəb dövrdə parlamentin sədri kimi çıxış edən Heydər Əliyev dövlət müstəqilliyinin bərpasının əsas şartləri kimi torpaqların işğaldan azad edilməsini, müharibənin dayandırılmasını və ölkədə dayanıqlı sülhün bərqərar olunmasını ön plana çəkmişdi. Bu məqsədə çatmaq üçün isə region ölkələri ilə bərabərhüquqlu, məqsədyönlü və balanslaşdırılmış diplomatik münasibətlərin qurulması vacib bir şərt kimi irəli sürülmüşdü."

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, həmin geosiyasi baxış çərçivəsində Türkiyə ilə qardaşlıq əlaqələrinin dərinləşdirilməsi, İran və Rusiya kimi qonşularla müstəqillik prinsiplərinə söykənən əməkdaşlığın inkişaf etdirilməsi, eyni zamanda Qərb dövlətləri, ABŞ, İslam və türk dünyası ilə sıx inteqrasiya xətti tutuldu. Bu çoxtərəfli xarici siyasətin iqtisadi dayağını isə xarici sərmayələrin ölkəyə cəlb edilməsi təşkil etdi. Beynəlxalq neft nəhənglərinin Azərbaycana maraq göstərməsi təkcə iqtisadi dividentlər gətirmədi, həmin ölkələrin siyasi dairələrinin də respublikaya olan münasibətini müsbət məcrada dəyişdi. Bununla yanaşı, dövlət maraqlarını hər şeydən üstün tutan Ümummilli lider suverenliyə kölgə salacaq hər hansı xarici hərbi varlıq ideyasını rədd edərək, öz gücünə və daxili milli birliyə arxalanan güclü ordu quruculuğuna xüsusi önəm verdi.

K.Bayramov qeyd edib ki, illər keçdikcə 1994-cü ildən təməli qoyulmuş yeni neft və iqtisadi inkişaf strategiyası öz bəhrələrini verməyə başladı və Azərbaycan regional layihələrin ana hərəkətverici qüvvəsinə çevrildi. Qazanılan iqtisadi müstəqillik ordu potensialının artırılmasına və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinə xidmət etdi. Bu uğurlu siyasi və iqtisadi kursun ardıcıllığını təmin etmək məqsədilə Heydər Əliyev özündən sonra beynəlxalq siyasəti və iqtisadiyyatı dərindən bilən pragmatik lider İlham Əliyevin namizədliyini dəstəkləyərək, ölkənin gələcək inkişafının etibarlı əllərdə olacağını öncədən bəyan etdi.

Deputat diqqətə çatdırıb ki, İlham Əliyevin rəhbərliyi ilə keçən illər bu siyasi varislik modelinin nə qədər düzgün və uzaqgörən olduğunu tam sübuta yetirdi. Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq öz ərazi bütövlüyünü və suverenliyini təkbaşına bərpa edərək Cənubi Qafqazda tamamilə yeni geosiyasi reallıqlar yaratdı. Qlobal münaqişələrin kəskinləşdiyi dövrdə ölkədə sabitliyin və təhlükəsizliyin qorunub saxlanılması, daxili işlərə xarici müdaxilələrin qətiyyətlə dəf edilməsi məhz müstəqil xarici siyasətin məntiqi nəticəsidir.

K.Bayramov həmçinin vurğulayıb ki, bu gün Azərbaycan təkcə regionda deyil, qlobal miqyasda da söz sahibi olan, müstəqil qərarlar qəbul edən "orta güc dövləti" statusunu qazanıb. Ölkəmiz Türk Dövlətləri Təşkilatında, İslam aləmində aparıcı mövqe tutur, Avropa İttifaqı ölkələri, Çin və ABŞ kimi böyük güclərlə strateji tərəfdaşlıq münasibətlərini uğurla davam etdirir. Əlverişli coğrafi mövqe və müasir infrastruktura qoyulan yatırımlar sayəsində ölkəmiz beynəlxalq nəqliyyat dəhlizlərinin mərkəzinə çevrilərək tranzit yükdaşımalarının həcmini rekord həddə çatdırıb.

Deputat əlavə edib ki, Zəfərdən dərhal sonra azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda başlanan genişmiqyaslı bərpa və yenidənqurma işləri dövlətin iqtisadi qüdrətinin növbəti nümayişidir. Milyardlarla manat vəsaitin yönəldildiyi infrastruktur layihələri "Böyük Qayıdış" proqramının sürətlə gerçəkləşməsinə, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdaraq orada təhlükəsiz yaşayıb yaratmasına şərait yaradıb. Bütün bu uğurlar Azərbaycanın istər hərb meydanında, istərsə də sülhün bərqərar olunması prosesində qazandığı tarixi qələbənin təcəssümüdür. BMT, Qoşulmama Hərəkatı kimi ali beynəlxalq kürsülərdən səslənən ədalətli sülh və ikili standartlardan uzaq əməkdaşlıq çağırışları ölkəmizin qlobal səviyyədə artan nüfuzunu göstərir. Təməli 1993-cü ildə qoyulmuş siyasi strategiyanın ardıcıl və qətiyyətlə davam etdirilməsi müasir Azərbaycanın tərəqqisini və gələcək uğurlarını təmin edən ana amildir.