1987-ci ildə Ulu Öndər Heydər Əliyevin Moskvada tutduğu yüksək vəzifələrdən uzaqlaşdırılmasından sonra erməni millətçiləri Qarabağın Ermənistana birləşdirilməsi tələbi ilə çıxış etdilər. Bu separatçı iddia sovet rəhbərliyi, xüsusilə ermənipərəst Mixail Qorbaçov tərəfindən dəstəkləndi. Həmin dövrdə Azərbaycanın siyasi rəhbərliyinin qətiyyətsizliyi və milli maraqlara cavab verməyən mövqeyi isə vəziyyətin daha da ağırlaşmasına şərait yaratdı. Nəticədə Azərbaycan torpaqlarının bir hissəsi Ermənistan tərəfindən işğal edildi, bir milyona yaxın soydaşımız doğma yurdlarından didərgin düşərək qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur oldu.
Yeri gəlmişkən, belə bir məqamı da xüsusi qeyd etmək lazımdır ki, Ulu Öndər Heydər Əliyev Kremldən uzaqlaşdırıldıqdan sonra sovet və müstəqillik dövrlərində Azərbaycana rəhbərlik etmiş dörd şəxsdən üçünün hakimiyyət böhranı nəticəsində ölkədən qaçması həmin illərin siyasi mənzərəsini aydın şəkildə göstərir. Onlardan ikisi Moskvaya, biri isə Kələkiyə üz tutdu. Dördüncü rəhbər isə Ermənistan-Azərbaycan münaqişəsi hələ başlamamış sovet rəhbərliyi tərəfindən vəzifəsindən uzaqlaşdırıldı. Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında vurğuladığı kimi, bu, tariximizin utancverici səhifələrindən biridir.
Şübhəsiz, Ulu Öndər Heydər Əliyev həmin dövrdə Azərbaycanda olsaydı, ölkəmizin və xalqımızın belə ağır sınaqlarla üz-üzə qalmasına imkan verməzdi. Qarabağda separatizm meyillərinin dərinləşməsinin qarşısını almaq üçün bütün siyasi imkanlardan istifadə edərdi. Bu mənada 1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılması, Heydər Əliyevin xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı tarixi zərurət kimi meydana çıxdı.
Yeni Azərbaycan Partiyasının yaradılması ölkənin siyasi həyatında mühüm dönüş nöqtəsi oldu. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan ilk növbədə sabitliyə qovuşdu, dövlətçilik əsasları möhkəmləndirildi, ölkənin müstəqil inkişafının siyasi və iqtisadi təməlləri formalaşdırıldı. Azərbaycan beynəlxalq təcrid təhlükəsindən uzaqlaşaraq dünya dövlətləri ilə münasibətlərini yeni müstəvidə qurmağa başladı. Ölkəmizin mövqeyini və ərazi bütövlüyünü dəstəkləyən mühüm beynəlxalq sənədlərin qəbul edilməsi də məhz bu siyasətin nəticələrindən biri idi.
Ulu Öndərin həyata keçirdiyi uzaqgörən iqtisadi siyasət ölkənin gələcək inkişafı üçün möhkəm zəmin yaratdı. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın enerji strategiyasının əsasını qoydu, ölkəyə böyük həcmdə xarici investisiyaların cəlb olunmasına imkan yaratdı. Bununla da Azərbaycanın uzunmüddətli siyasi, iqtisadi inkişaf strategiyasının mühüm istiqamətləri müəyyənləşdirildi. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, bu gün Azərbaycan məhz həmin strateji xətt üzrə inkişaf edir. Ulu Öndərin müəyyən etdiyi dövlətçilik və inkişaf strategiyası sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən yeni çağırışlara uyğun şəkildə davam etdirildi və daha da zənginləşdirildi.
Bu siyasətin nəticəsində Azərbaycan müstəqil xarici siyasət yürüdən, milli maraqlarını qətiyyətlə müdafiə edən, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən dövlətə çevrildi. Ölkəmiz Cənubi Qafqazda yeni reallıqlar yaratmaqla yanaşı, enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan dövlətlərdən biri oldu. Bu gün Azərbaycan bir çox ölkələri enerji resursları ilə təchiz edir, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurun bərpasını Böyük Qayıdış Proqramı çərçivəsində genişmiqyaslı şəkildə həyata keçirir. Bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzunun və siyasi çəkisinin əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Bu gün ölkəmiz beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi qəbul edilir və “orta güc” dövlətlərindən biri kimi qiymətləndirilir.
Bütün bunlar isə o deməkdir ki, Yeni Azərbaycan Partiyasının müəyyən etdiyi siyasi xətt, qəbul etdiyi qərarlar və həyata keçirdiyi fəaliyyət Azərbaycanın dövlətçilik modelinin formalaşmasına, ölkəmizin inkişafına və milli maraqlarımızın təmin edilməsinə xidmət edib və etməkdədir.
Qvami Məhəbbətoğlu, “İki sahil”