07 oktyabr 2026 22:31
114

Ukraynalı uşaqların ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyası təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Ukraynadan ölkəmizə gətirilmiş daha 30 uşaqla bağlı reabilitasiya tədbirləri davam etdirilir. 

“İki sahil” xəbər verir ki, reabilitasiya proqramı çərçivəsində uşaqlar üçün Qəbələ, Şamaxı və Şəki turu təşkil edilib.  Ekskursiya zamanı uşaqlar Qəbələdə Tufandağ İstirahət Kompleksini və Qəbələnd Əyləncə Mərkəzini, Şamaxıda Alpaka fermasını və Şəkidə Xan Sarayını ziyarət ediblər. Onlar Azərbaycanın zəngin mədəni-tarixi irsi və təbiəti ilə yaxından tanış olublar. Həmçinin uşaqlar DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllı “DOST Evi” filialını ziyarət edərək burada müxtəlif master-klaslara qatılıblar.  

Qeyd edək ki, 10 günlük sosial reabilitasiya proqramı uşaqların emosional vəziyyətlərinin stabilləşməsinə, eləcə də cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək məqsədi daşıyır.