08 oktyabr 2026 09:50
76

474 itkin şəxsə aid sümük qalıqları üzərində müxtəlif həyati xəsarətlər aşkarlanıb

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən, şəxsiyyəti eyniləşdirilmiş mülki şəxslərdən 15 nəfəri qadın, 2 nəfəri azyaşlı olub.

“İki sahil” xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"ın ikinci günündə keçirilən panel sessiyada deyib. Onun sözlərinə görə, Qarabağın işğaldan azad edilmiş ərazilərindən indiyədək "Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə ümumilikdə 913 itkin düşmüş şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları qəbul edilib. "Laboratoriyalardan keçən 474 şəxsə məxsus sümük qalıqları üzərində müxtəlif həyati xəsarətlər (güllə və qəlpə, küt alət xəsarətləri və s.) aşkar edilib. Skelet qalıqlarının məhkəmə-tibbi müayinələri başa çatdırıldıqdan sonra bu skeletlərin hər birindən bir neçə nahiyədən (xüsusilə də sağlam dişlərdən) olmaqla bioloji nümunələr götürülərək şəxsiyyətin məhkəmə-tibbi identifikasiyası məqsədilə DTX-nin Genetik Araşdırmalar Mərkəzinə göndərilir". O deyib ki, hazırda məhkəmə-molekulyar genetik ekspertizanın köməkliyi ilə Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib:

"İdentifikasiya prosesi başa çatdırıldıqdan sonra sümük qalıqları ailələrə təhvil verilir. 273 nəfər şəhidimizin meyiti Dövlət Komissiyasının tövsiyyəsi və iştirakı ilə ailələrə təhvil verilib, onlar milli-dini ənənələrə uyğun dəfn ediliblər. Dəfn edilənlərdən 225 nəfəri hərbçi, 48 nəfəri isə mülki şəxslərdir. Şəxsiyyəti eyniləşdirilmiş mülki şəxslərdən 15 nəfəri qadın, 2 nəfəri azyaşlı olub".