08 oktyabr 2026 18:07
165

Strateji tərəfdaşlıqdan regionlararası inteqrasiyaya: Azərbaycan və Mərkəzi Asiya ölkələrinin yüksələn zirvəsi

Müasir beynəlxalq münasibətlər sistemində regional əməkdaşlıq və geostrateji tərəfdaşlıq mühüm əhəmiyyət kəsb edir. Tarixi, mədəni və mənəvi köklərlə bir-birinə sıx bağlı olan Azərbaycan və Mərkəzi Asiya dövlətləri bu gün öz münasibətlərini keyfiyyətcə yeni mərhələyə yüksəldərək, regionun dayanıqlı inkişafına və təhlükəsizliyinə misilsiz töhfələr verirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündəki proqram xarakterli çıxışı bu çoxşaxəli tərəfdaşlığın strateji xəritəsini bir daha aydın şəkildə nümayiş etdirdi.

Ötən ilin noyabr ayında Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatının tamhüquqlu üzvü seçilməsi tarixi bir addımdır. Bu mühüm qərarın yekdilliklə dəstəklənməsi dövlətlərimiz arasındakı sarsılmaz ehtimadın və qarşılıqlı hörmətin bariz nümunəsidir. Xüsusilə belə bir təşəbbüslə çıxış edən Türkmənistanın və şəxsən Qurbanqulu Berdiməhəmmədovun rolu xüsusi vurğulanmalıdır. Avazada təməli qoyulan bu təşəbbüs bu gün regionlararası inteqrasiyanın hərəkətverici qüvvəsinə çevrilmişdir. Azərbaycanın bu formata tamhüquqlu üzvlüyü Xəzəryanı və Mərkəzi Asiya regionunun vahid geostrateji və iqtisadi məkan kimi formalaşmasını sürətləndirir. Ötən ildən başlayaraq Azərbaycan və Türkmənistan arasında ən yüksək səviyyədə 5 səfərin həyata keçirilməsi siyasi dialoqumuzun intensivliyini və ikitərəfli əlaqələri gücləndirmək əzmimizi aydın göstərir.

44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın azad edilmiş ərazilərində aparılan genişqrafikli bərpa və quruculuq işlərində Mərkəzi Asiyadakı qardaş dövlətlərin göstərdiyi dəstək xalqlarımız arasındakı mənəvi yaxınlığın ən ali təzahürüdür. Bunun timsalında Türkmənistanın dəstəyi ilə Füzuli şəhərində möhtəşəm məscidin tikintisi, Özbəkistanın dəstəyi ilə Mirzə Uluqbəy adına məktəbin inşası, Qazaxıstanın dəstəyi ilə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin istifadəyə verilməsi, Qırğızıstanın dəstəyi ilə Ağdam rayonunda Manas adına məktəbin inşası qardaş ölkələrin xalqımıza dəyərli hədiyyəsidir. Bu layihələr təkcə infrastruktur dəstəyi deyil, eyni zamanda sarsılmaz dostluq və mənəvi birliyin əbədi rəmzləridir.

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında iqtisadi əməkdaşlıq dinamik şəkildə artır. Ötən il ticarət dövriyyəsinin 50 faizdən çox artması iqtisadi potensialın düzgün qiymətləndirilməsinin nəticəsidir. Bu gün Azərbaycanda Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkətin aktiv fəaliyyət göstərməsi biznes mühitinin cəlbediciliyini təsdiqləyir. Bundan əlavə, Azərbaycanın Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə təsis etdiyi investisiya fondlarının hər birinin kapitalı yüz milyonlarla dollar təşkil edir. Əsas hədəf bu fondların potensialından istifadə edərək yeni istehsal müəssisələri yaratmaq, sənaye kooperasiyasını genişləndirmək və birgə məhsullarla üçüncü ölkələrin bazarlarına çıxmaqdır.

Azərbaycan Mərkəzi Asiyanın enerji resurslarının dəniz və quru yolları ilə beynəlxalq bazarlara nəqlində etibarlı tranzit ölkədir. Türkmənistan və Qazaxıstan neftinin ölkəmiz vasitəsilə nəqli davamlı olaraq artır. Bu gün ənənəvi enerji resursları ilə yanaşı, bərpaolunan enerji sahəsində də mühüm addımlar atılır. Qazaxıstan və Özbəkistanla birgə “Yaşıl Enerji Dəhlizi”nin yaradılması layihəsi regionun ekoloji və enerjı təhlükəsizliyinə yeni nəfəs verəcəkdir.

Prezident İlham Əliyevin də vurğuladığı kimi, ölkələrimizdə sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitlik bütün nailiyyətlərimizin təməlidir. Türkmənbaşı sammitində imzalanan vacib sənədlər Azərbaycan və Mərkəzi Asiya ölkələrinin vahid geostrateji platformada inamla irəlilədiyini və bu tərəfdaşlığın gələcəkdə daha böyük uğurlara imza atacağını sübut edir.

Anar Məmmədov,

Milli Məclisin deputatı