18 oktyabr 2026 08:00
86

Müstəqillik müqəddəs nemətdir…

Qırx dörd günlük Vətən müharibəsindəki tarixi Zəfər və 23 saat 43 dəqiqəlik lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazisində suverenliyinin tam şəkildə bərpa olunması müstəqilliyimizin sadəcə hüquqi bəyannamələrdən ibarət olmadığını, həm də real hərbi-siyasi güclə qorunduğunu bütün dünyaya nümayiş etdirdi

Oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 35 ili tamam olur. Azərbaycan xalqı tarixən öz azadlığını, müstəqilliyini və milli kimliyini qorumaq üçün daim mübarizə aparıb. XX əsrin 90-cı illərində xalqımızın sarsılmaz milli azadlıq mücadiləsinin, iradəsinin nəticəsində Azərbaycanın müstəqilliyini bərpa etməsi bunun bariz nümunəsidir. Ulu Öndər Heydər Əliyev deyirdi: “Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir”.

Azərbaycan xalqı 1991-ci ildən sonra 2021-ci ildən etibarən ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunub. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunmuş, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Beləliklə, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa edib.

Azərbaycan Respublikası Milli Məclisinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə “Müstəqillik Günü haqqında” yeni Qanun qəbul edilib. Elə həmin gün də Prezident İlham Əliyev tərəfindən “Müstəqillik Günü haqqında” Qanun təsdiqlənib. Qanunun təsdiqlənməsi ilə 28 May - Respublika Gününün və 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilib. Belə ki, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib.

Ümummilli Lider Heydər Əliyevin 1990-cı il iyulun 22-də Naxçıvana qayıdışı Azərbaycanın müstəqillik tarixində və xilas prosesində dönüş nöqtəsi oldu. Ulu Öndərin dogma yurda qayıdışı, eləcə də burada həyata keçirdiyi müstəqil dövlətçilik tədbirləri, Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözlərinin çıxarılması, üçrəngli bayrağın ilk dəfə Naxçıvanda rəsmi qəbul edilməsi müstəqillik prosesinə mühüm təkan verdi. 1990-cı il noyabrın 17-də Ümummilli Lider Heydər Əliyevin sədrlik etdiyi sessiyada muxtar respublikanın adından “Sovet Sosialist” sözləri çıxarıldı və qurum Naxçıvan Muxtar Respublikası adlandırıldı. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanın dövlət bayrağı kimi təsis olundu. Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında sovet dövrünün rəmzlərindən imtina edilmiş, sessiyanın qərarı ilə gerb və himn məsələlərinin də yenidən işlənib hazırlanması tapşırılmışdı. Naxçıvanda qəbul edilən bu qərarlar bütövlükdə Azərbaycanın müstəqillik hərəkatına təkan verdi. Ulu Öndər Heydər Əliyev Bakıdakı mərkəzi hakimiyyət qarşısında qanunvericilik təşəbbüsü qaldıraraq bu rəmzlərin bütün Azərbaycan SSR səviyyəsində qəbul edilməsini tələb etdi.

Bütün bunlardan sonra 1991-ci il fevralın 5-də Azərbaycan Ali Soveti də respublikanın adının dəyişdilrilməsi və dövlət bayrağı haqqında qərar qəbul etdi.  Dövlətin adı dəyişdirilərək “Azərbaycan Respublikası” adlandırıldı, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi təsdiq olundu.

Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, əslində Azərbaycan özünün əsl müstəqilliyini Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə etdi. Məhz Ulu Öndərin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Azərbaycanın müstəqilliyinin əbədiliyi və dönməzliyi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Ümummilli Lider Heydər Əliyevin müstəqlliyimizin qorunub saxlanması istiqmətində yorulmaz səylərini uğurla və layiqincə davam etdirən Prezident İlham Əliyev bildirib: “Müstəqillik-bu, böyük nemətdir, böyük nailiyyətdir. Amma əsl müstəqillik o vaxt olur ki, ölkə müstəqil siyasət apara bilsin. Bax, Azərbaycan o ölkələrdəndir. İndi dünyada 200-ə yaxın müstəqil ölkə var. Amma demək olmaz ki, onların hər biri doğrudan da müstəqildir. Biz, sözün əsl mənasında, müstəqil dövlətik. Çünki öz taleyimizi özümüz həll edirik, siyasətimizi heç kimə baxmadan xalqın, dövlətin naminə, milli maraqların qorunması əsasında aparırıq”.

Azərbaycan Silahlı Qüvvələri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində möhtəşəm Zəfər qazanaraq torpaqlarımızı işğaldan azad etdi. Ölkəmizin ərazi bütövlüyü və tarixi ədalət bərpa olundu. 2023-cü il sentyabrın 20-də cəmi 23 saat 43 dəqiqə ərzində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin təslim olmağa məcbur edilməsi, oktyabrın 15-də isə Xankəndidə Ali Baş Komandan İlham Əliyev tərəfindən Azərbaycan Bayrağının ucaldılması öz tarixi əhəmiyyətinə görə qırx dörd günlük müharibə və 8 Noyabr Zəfər Gününə bərabər növbəti parlaq Qələbə oldu. Azərbaycanın bütün ərazilərində suvrenliyimiz tam bərpa olundu.

milli kimliyin, suverenliyin və ərazi bütövlüyünün tam bərpasını ifadə edən ən uca zirvədir. Qırx dörd günlük Vətən müharibəsi və lokal antiterror tədbirləri nəticəsində qazanılan şanlı zəfərlər 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyinin bərpası ilə başlayan tarixi yolu bir daha taclandırdı. Bu tarixi qələbələrimiz müstəqilliyimizin sadəcə hüquqi bəyannamələrdən ibarət olmadığını, həm də real hərbi-siyasi güclə qorunduğunu bütün dünyaya nümayiş etdirdi.

Bu gün xalqımız Azərbaycanın əbədi və sarsılmaz müstəqilliyinin, Zəfər təntənəsinin sevincini böyük fəxr və qürur hissi ilə yaşayır.

Zahid Rza, “İki sahil”