19 oktyabr 2026 23:32
107

Tramp müşaviri barəsində nüfuz alveri şübhəsi ilə araşdırma başladıb

ABŞ Prezidenti Donald Tramp nüfuz alveri ilə bağlı şübhələrə görə müşaviri Riçard Qrenell barəsində araşdırma aparılmasına göstəriş verib.

“İki sahil”in "Axios"a istinadən verdiyi məlumata görə, araşdırmanı Ağ Evin hüquq müşavirinin aparatı həyata keçirir.

Yoxlamaya səbəb Trampın keçmiş vəkili və müşaviri Alina Xabbanın oktyabrın əvvəlində prezidentə təqdim etdiyi məlumat olub.

Xabba bildirib ki, 2025-ci ilin mayında Qrenell onun həyat yoldaşına - türkiyəli iş adamı Turhan Mildona Con Kennedi adına İfa Sənətləri Mərkəzinə ianə etməyi təklif edib. İddialara görə, bunun müqabilində müşavir iş adamı üçün ABŞ administrasiyasının nümayəndələri ilə görüşlər təşkil etməyi və onun Trampın da iştirak etdiyi tədbirlərə qatılmasını təmin etməyi vəd edib.

"Axios"un məlumatına görə, Qrenell bu təklifi Mildona mətn mesajı vasitəsilə göndərib.

Administrasiya nümayəndələrinin sözlərinə görə, həmin mesaj Trampın təşəbbüsü ilə başladılan araşdırmanın əsas sübutlarından birinə çevrilib. Ağ Ev Qrenellin prezidentin etimadından sui-istifadə edib-etmədiyini, eləcə də Kennedi Mərkəzinə ayrılması nəzərdə tutulan milyonlarla dollarlıq ianələrin mənimsənilib-mənimsənilmədiyini müəyyənləşdirmək niyyətindədir.

Xabba və Mildonun vəkilləri iş adamının Qrenellin təklifi əsasında vəsait köçürdüyünü, lakin sonradan həmin pulun Kennedi Mərkəzinə çatmadığını öyrəndiyini bildiriblər.