23 oktyabr 2026 19:57
91

Büdcədə nəqliyyat və rabitənin artan payı hansı iqtisadi hədəflərlə bağlıdır?

İqtisadçı: Bu sahələrə investisiya iqtisadi dayanıqlığın təminatıdır

Azərbaycanın 2027-ci il üçün dövlət büdcəsi layihəsində nəqliyyat və rabitə sahəsinə ayrılması nəzərdə tutulan vəsaitin əhəmiyyətli dərəcədə artırılması diqqət çəkir. Bu istiqamət üzrə xərclərin 785,1 milyon manata çatdırılması planlaşdırılır. Müqayisə üçün qeyd edək ki, 2026-cı ilin təsdiqlənmiş dövlət büdcəsində həmin göstərici 286,9 milyon manat təşkil edib. Beləliklə, növbəti il üçün 498,2 milyon manatlıq artım nəzərdə tutulur ki, bu da təqribən 173,7 faiz deməkdir.

Artımın miqyası nəqliyyat və rabitənin dövlətin iqtisadi fəaliyyətlə bağlı büdcə prioritetləri daxilində daha böyük yer tutacağını göstərir. Bununla belə, söhbət hələlik büdcə layihəsində nəzərdə tutulan göstəricilərdən gedir. Vəsaitin yekun həcmi və onun konkret istiqamətlər üzrə bölgüsü büdcə prosesinin sonrakı mərhələlərində dəqiqləşə bilər.

2027-ci ildə iqtisadi fəaliyyət sahəsi üzrə ümumi büdcə xərclərinin 8 milyard 907,3 milyon manat olacağı proqnozlaşdırılır. Bu, 2026-cı ilin təsdiqlənmiş göstəricisi ilə müqayisədə 1 milyard 50,7 milyon manat və ya 13,4 faiz çoxdur. Nəqliyyat və rabitə istiqamətində nəzərdə tutulan artım isə ümumi iqtisadi fəaliyyət xərclərinin artım tempini xeyli üstələyir.

Rəqəmlər arasındakı fərq bu sahənin büdcə daxilində nisbi əhəmiyyətinin yüksəldiyini də göstərir. Belə ki, nəqliyyat və rabitə xərclərinin iqtisadi fəaliyyət üzrə ümumi xərclərdə payının 2026-cı ildəki təxminən 3,7 faizdən 2027-ci ildə 8,8 faizə çatacağı gözlənilir. Başqa sözlə, bu istiqamətin payı bir il ərzində 5,1 faiz bəndi artmış olacaq.

Diqqət çəkən digər məqam iqtisadi fəaliyyət sahəsi üzrə nəzərdə tutulan ümumi artımın təxminən yarısına yaxın hissəsinin nəqliyyat və rabitə istiqamətinin payına düşməsidir. Hesablamalara əsasən, bu sahə üzrə 498,2 milyon manatlıq əlavə vəsait ümumi artımın təqribən 47,4 faizini təşkil edir. Bu nisbət nəqliyyat və rabitənin 2027-ci il büdcə planlaşdırılmasında mühüm yer tutduğunu göstərir.

Nəqliyyat və rabitə infrastrukturu iqtisadiyyatın müxtəlif sahələrinin fəaliyyətinə təsir göstərən əsas istiqamətlərdəndir. Avtomobil yollarının və digər nəqliyyat xətlərinin inkişafı, logistika imkanlarının genişləndirilməsi, sərnişin və yük daşımalarının səmərəliliyinin yüksəldilməsi iqtisadi əlaqələrin güclənməsinə şərait yarada bilər. Rabitə infrastrukturunun inkişafı isə rəqəmsal xidmətlərin əlçatanlığı, məlumat mübadiləsinin sürəti və iqtisadi fəaliyyətin texnoloji imkanları baxımından əhəmiyyət daşıyır.

İqtisadçı ekspert Emin Qəribli mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, nəqliyyat və rabitə sahəsinə ayrılan vəsaitin artırılması ölkə iqtisadiyyatının gələcəkdə dayanıqlığının təmin olunması baxımından böyük əhəmiyyət daşıyır: “Bildiyimiz kimi, bu il nəqliyyat və rabitə sahəsində də artım tempi kifayət qədər yüksəkdir və 7 faizdən çoxdur. Buna görə də həmin istiqamətə xüsusi diqqət yetirilməsi vacibdir.

Bu sahənin inkişafı iqtisadiyyatın digər istiqamətlərinə, xüsusilə sənaye komplekslərinin formalaşmasına və inkişafına, eləcə də ümumi iqtisadi dayanıqlığın gücləndirilməsinə mühüm töhfə verə bilər. Nəqliyyat və rabitə iqtisadiyyatın bazis elementlərindəndir. Nəqliyyat daşımalarının əhəmiyyəti, eləcə də nəqliyyat dəhlizləri üzərində yerləşən ölkələrin inkişaf imkanları bunu aydın göstərir. Bu baxımdan Azərbaycanın nəqliyyat infrastrukturunun və rabitə sisteminin təkmilləşdirilməsi də xüsusi əhəmiyyət kəsb edir. Gələcəkdə ölkədə məlumat bazalarının qurulması və yeni dövrün tələblərinə uyğunlaşma da əsas hədəflərdən biri ola bilər”.

E. Qəribli qeyd etdi ki, bu investisiyaların səmərəliliyini müxtəlif göstəricilər əsasında qiymətləndirmək mümkündür: “Buraya nəqliyyat infrastrukturunun inkişaf səviyyəsi və onun ÜDM-də payı kimi göstəricilər daxildir. Bununla belə, xüsusilə rabitə sahəsinə yatırılan vəsaitin nəticələri ilk ildə özünü göstərməyə bilər. Bu investisiyaların iqtisadi səmərəsi sonrakı illərdə, o cümlədən texnologiya sahələrinin inkişafında daha aydın görünə bilər.

Ümumilikdə, bu sahədə səmərəliliyi ölçmək üçün kifayət qədər çox göstərici mövcuddur. Məsələn, Azərbaycanın ərazisindən keçəcək TRİP layihəsi və digər nəqliyyat layihələrinin reallaşdırılması ölkə iqtisadiyyatının şaxələndirilməsinə xidmət edə bilər. Rabitə sahəsində inkişaf isə öz növbəsində elmin və texnologiyaların tərəqqisinə mühüm töhfə verə bilər”.

Nigar Orucova, “İki sahil”