23 oktyabr 2026 21:36
129

Avropa çempionatı: Azərbaycanın 3 boksçusu finala yüksəlib, 2-si bürünc medal qazanıb

Türkiyənin Trabzon şəhərində keçirilən U-15 Avropa çempionatında Azərbaycanın üç boksçusu finala yüksəlib, ikisi bürünc medal qazanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Bildirilib ki, yarışın yarımfinal mərhələsində millinin 3 boksçusu qələbə qazanaraq finala vəsiqə əldə edib.

Sənan Nəsibli (52 kq) Lazar Yovanoviçlə (Serbiya) döyüşüb. Hər 3 raundu xeyrinə bitirən Qazax boks məktəbinin yetirməsi yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. O, finalda Brodi Dau (Şotlandiya) ilə üz-üzə gələcək.

Yusif Əli (57 kq) Kirilo Çumakovla (Ukrayna) gücünü yoxlayıb. Boksçumuz rəqibini 4:1 (30:27, 30:27, 30:27, 30:27, 28:29) hesabı ilə məğlub edib. O, həlledici görüşdə Yeqor Jiruxinlə (Rusiya) münasibətinə aydınlıq gətirəcək.

Sərxan Haxverdiyev (70 kq) də adını finala yazdırıb. Milli üzvü bu dəfə Dieqo Mastrorillloya (İtaliya) gücünü göstərib – 5:0 (30:26, 30:27, 30:27, 30:26, 30:27). Gəncə boks məktəbinin yetirməsi çempionluq döyüşündə Şeyn Fyuri (İngiltərə) ilə qüvvəsini sınayacaq.

Digər boksçulardan Ələkbər Məmmədli (44 kq) və Gülay Ocaqova (57 kq) U-15 Avropa çempionatını bürünc medalla başa vurublar.

Qeyd edək ki, yarımfinal mərhələsinin ikinci günündə daha 5 təmsilçimiz rinqə çıxacaq. Yarışın qalibləri isə oktyabrın 25-də bilinəcək.