Oktyabrın 23-də Qaradağ rayonu Sahil qəsəbəsi, Bakı-Astara magistral yolu, 25-ci km ünvanı (“Bakı Gəmiqayırma zavodu” MMC) üzrə ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi fikirlərdən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri, VIII Qurultayın nümayəndəsi İlqar İlyasov, Bakı-Astara magistral yolu, 25-ci km ünvanı üzrə ərazi partiya təşkilatının sədri, “Bakı Gəmiqayırma zavodu” MMC-nin inzibati işlər bölməsinin rəhbəri Namiq Vəliyev, partiya üzvləri və fəallar iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri açan Sahil qəsəbəsi, Bakı-Astara magistral yolu, 25-ci km ünvanı (“Bakı Gəmiqayırma zavodu” MMC) üzrə ərazi partiya təşkilatnın sədri, inzibati işlər bölməsinin rəhbəri Namiq Vəliyev Yeni Azərbaycan Partiyasının müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında və möhkəmləndirilməsində oynadığı mühüm roldan, Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsindən, onun müəyyən etdiyi inkişaf strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsindən bəhs edib. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan mühüm tarixi nailiyyətlər əldə edib, ölkəmizin beynəlxalq nüfuzu və regional mövqeyi daha da möhkəmlənib. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri dövlətimizin qüdrətinin və inkişafının bariz nümunəsi kimi yüksək qiymətləndirilməlidir. Tədbirdə çıxış edən “Bakı Gəmiqayırma zavodu” MMC-nin işə qəbul üzrə mütəxəssisi Zülfiyyə Əskərova YAP-ın VIII Qurultayında müəyyən edilmiş siyasi və təşkilati hədəflər, partiya üzvlərinin üzərinə düşən vəzifələr, ictimai-siyasi proseslərdə fəallığın artırılması və partiyanın fəaliyyət prinsiplərinin gündəlik işdə rəhbər tutulmasının vacibliyini qeyd edib.
YAP Qaradağ rayon təşkilatının sədri, VIII qurultayın nümayəndəsi İlqar İlyasov tədbirdə çıxış edərək partiyanın son forumunda Prezident, YAP Sədri İlham Əliyevin nitqində irəli sürülən əsas prioritetlər, qaldırılan məsələlər və qarşıya qoyulan vəzifələr barədə ətraflı məlumat verib. Qeyd edib ki, dövlətimizin başçısı, həmçinin nitqində milli-mənəvi dəyərlərin qorunması, dövlətçilik ənənələrinə sədaqət, vətənpərvərlik ruhunun gücləndirilməsi, cəmiyyətdə milli birliyin və həmrəyliyin möhkəmləndirilməsi məsələlərinə də toxunub. Müasir informasiya mühitində ideoloji təsirlərə qarşı maarifləndirmə işinin gücləndirilməsinin, xüsusilə gənclər arasında milli dövlətçilik düşüncəsinin və vətəndaş məsuliyyətinin təşviqinin əhəmiyyətini vurğulayıb. İlqar İlyasov qeyd edib ki, bütün vətəndaşlar, xüsusən partiya üzvləri peşəkar fəaliyyəti, məsuliyyətli davranışı, vətəndaşlara həssas münasibəti və ictimai təşəbbüskarlığı ilə nümunə olmalı, dövlət siyasətinin həyata keçirilməsinə öz töhfələrini verməlidirlər. Çıxışının sonunda tədbir iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar arzulayan YAP Qaradağ rayon təşkilatının sədri əmin olduğunu bildirib ki, “Bakı Gəmiqayırma zavodu” MMC-nin kollektivi partiyanın VIII Qurultayında dövlətimizin başçısının nitqində irəli sürülmüş vəzifələrin həyata keçirilməsi üçün səylə çalışacaq.