24 oktyabr 2026 13:27
118

Aşqabadda OGT 2026-nın yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib

Aşqabadda “Türkmənistanın neft və qazı” (OGT 2026) 31-ci Beynəlxalq Konfrans və Sərgisinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib. Tədbirdə “Türkmənqaz” Dövlət Konserninin sədri, dövlət naziri Maksat Babayev iştirak edib.

“İki sahil” xəbər verir ki, Trend-in xüsusi müxbirinin şənbə günü verdiyi məlumata görə, jurnalistlərlə görüşdə karbohidrogen hasilatı planları, təbii qaz ixracı, enerji infrastrukturunun inkişafı və beynəlxalq əməkdaşlıq perspektivləri müzakirə olunub.

Qeyd edilib ki, Türkmənistan 2026-cı ildə təxminən 80 milyard kubmetr təbii qaz hasil etməyi planlaşdırır. 2027-ci ildə də qaz hasilatının təxminən eyni səviyyədə saxlanılması gözlənilir. Hazırda hasil olunan qazın təxminən 40 milyard kubmetri Çin və Özbəkistana tədarük edilir.

2026-cı il üçün neft hasilatı planı ötən il hasil edilmiş 7,5 milyon tonla müqayisədə göstəricinin 8 milyon tona çatdırılmasını nəzərdə tutur.

Müzakirə olunan mövzular sırasında Türkmənistan–Əfqanıstan–Pakistan–Hindistan (TAPI) qaz kəməri marşrutu ilə Türkmənistan qazının Əfqanıstana tədarükü perspektivləri də yer alıb. Serhetabat–Herat hissəsinin tikintisinin 2026-cı ilin sonunadək başa çatdırılması, qaz tədarükünə isə 2027-ci ilin ortalarında başlanılması gözlənilir. Müddətlər, o cümlədən, Əfqanıstan tərəfinin hazırlıq səviyyəsindən asılı olacaq.

Vurğulanıb ki, Türkmənistan qaz tədarükünün Transxəzər marşrutu ilə həyata keçirilməsinə də marağını qoruyub saxlayır. Bu marşrutun inkişafı nəqliyyat-logistika obyektləri də daxil olmaqla, Xəzər regionunda daha geniş infrastruktur layihələri kompleksi ilə əlaqəlidir. Qalkınış yatağının işlənməsinin davam etdirilməsi də ixrac tədarükünün artırılmasına imkan yarada bilər.

Qalkınış yatağının dördüncü mərhələsində hasil olunacaq qazın həm ixraca, həm də daxili bazara yönəldilməsi planlaşdırılır.

Yeraltı qaz anbarlarının yaradılması layihəsinə də xüsusi diqqət yetirilib. Layihədə iştirak üçün Avstriya, Almaniya və Türkiyə şirkətləri də daxil olmaqla, yeddi şirkət müraciət edib. Təkliflərin nəzərdən keçirilməsi başa çatmaq üzrədir. Bundan sonra baza mühəndislik layihəsinin hazırlanması üçün şirkətin seçilməsi planlaşdırılır.

OGT 2026-da beynəlxalq iştirakla bağlı danışan Türkmənistan tərəfi nümayəndə heyətlərinin sayının ötən illə müqayisədə 40 faiz artdığını bildirib.

Qeyd olunub ki, builki forumda 75 ölkədən təxminən 700 xarici nümayəndə iştirak edib.