Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) “Mədəniyyət rüzgarı” layihəsi çərçivəsində oktyabrın 26-da Xaçmaz şəhər Uşaq Musiqi Məktəbində fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib.
“İki sahil” xəbər verir ki, əvvəlcə MEMİM-in şöbə müdiri, Əməkdar mədəniyyət işçisi Lalə Kərimova və Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin aparıcı məsləhətçisi Fərid Musayev çıxış edərək ustad dərslərinin təşkilinin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, ustad dərslərinin məqsədi Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi və incəsənət məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərə metodiki köməkliyin göstərilməsi, qabaqcıl ifaçılıq və tədris metodlarının bölüşülməsi, təhsilalanların yaradıcılıq potensialının daha səmərəli şəkildə üzə çıxarılması və hazırlıq səviyyəsinin yüksəldilməsinə dəstək olmaqdır.
Daha sonra L.Kərimova MEMİM tərəfindən nəşr olunan “Asəf Zeynallı. Seçilmiş əsərlər” not kitabını Xaçmaz şəhər Uşaq Musiqi Məktəbinə hədiyyə edib.
Fortepiano üzrə ustad dərsi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası İxtisas fortepiano kafedrasının baş müəllimi Zərif Kərimovanın iştirakı ilə gerçəkləşib. Müəllim fortepianoda ifa zamanı xüsusi diqqət yetirilməli olan məqamları qeyd edib, çalğı ilə bağlı bəzi texniki məsələlər əyani şəkildə icra olunub.
Əməkdar müəllim, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası Simli alətlər kafedrasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Hökümə Əliyeva tərəfindən keçirilən ustad dərsində isə violində ifaçılığın xüsusiyyətləri, alətlə düzgün davranış, ifa üçün əsərlərin seçilməsi barədə danışılıb, müəllim və şagirdlərə müvafiq tövsiyələr verilib.
İnteraktiv formatda keçən hər iki ustad dərsi müəllim və şagirdlər tərəfindən maraqla qarşılanıb. Təcrübəli pedaqoqlar iştirakçıların suallarını cavablandırıblar.
Xatırladaq ki, “Mədəniyyət rüzgarı” layihəsi Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə həyata keçirilir.
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib
XII Bakı Beynəlxalq Kitab Sərgisində “Mirvarid Dilbazinin poeziya dünyası” adlı ədəbi tədbir keçirildi
Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva Parisdə platin medalla təltif olunub