28 oktyabr 2026 10:01
111

Azərbaycan beynəlxalq münasibətlərdəki ikili standartlara qarşı mübarizəsini davam etdirəcək

Paytaxtımız Bakı artıq beynəlxalq və qlobal tədbirlərin keçirildiyi siyasi və mədəni bir mərkəzə çevrilib. Bu onun göstəricisidir ki, Azərbaycan artıq geosiyasi nüfuzu və sosial-iqtisadi, mədəni inkişafı ilə dünyanın diqqət mərkəzindədir. Növbəti  belə beynəlxalq tədbir  oktyabrın 27-də Prezident İlham Əliyevin iştirakı ilə  «Ortaq gələcək naminə dialoq» mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu oldu. Ölkəmizin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ISESCO-nun tərəfdaşlığı ilə keçirilən Forumda dünyanın 100-dən artıq ölkəsindən gəlmiş 500-dən çox qonaq, ümumilikdə isə 2000 nəfərdən artıq nümayəndə iştirak edib. Forumda yüksək səviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər və müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçılar mənalı dialoq vasitəsilə sülh və qlobal təhlükəsizliyə doğru irəliləyişə nail olmaq üçün bir araya gəliblər. İştirakçıların sayı ötən 15 il ərzində keçirilən forumun mədəniyyətlərarası münasibətləri və digər əlaqədar məsələləri həll etmək üçün olduqca səmərəli və əhatəli platformalardan birinə çevrildiyinin təsdiqidir.

Forumun açılış mərasimində Prezident İlham Əliyev geniş çıxış edib. Qeyd edib ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu son illər ərzində, sözün əsl mənasında, effektiv və inklüziv bir platformaya çevrilərək mədəniyyətlərarası münasibətlərin inkişafına, həmçinin digər sahələrə öz töhfəsini vermişdir: «Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub. Biz Avropa ilə Asiya arasında yerləşirik və əsrlər boyu Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsü olub». Ökəmizin başçısı vurğulayıb ki, Azərbaycanda yaşayan xalqlar  multikulturalizm , həmçinin dini və etnik tolerantlıq ənənələrini daim uca tuublar və bu əsrlər boy u davam edib. Ona görə də bu Azərbaycanda bir çox sahələrdə uğurlar əldə edilib. Çünki bütün etnik qrupların, dinlərin nümayəndələri Konstitusiyamız əsasında nəinki bərabər hüquqlara malikdir, o cümlədən bir ailədəki kimi yaşayırlar. Bu, bir həqiqətdir ki, İkinci Qarabağ müharibəsində Azərbaycanda yaşayan xalqların nümayəndələri öz Vətənlərini  təcavüzkar Ermənstanın 30 illik işğalından  azad etmək üçün canları və qanları bahasına ölüm-dirim mübarizəsi nə qoşuldular.  Çüni həmin  xalqlar  ölkəmizdə  həmrəylik, qarşılıqlı anlaşma  və hörmət mühitində yaşayırlar. Biz həmişə vahid  azərbaycançılıq  ideyası ətrafında birləşmişik v bu gündə bu birləşmə daha da böyük miqyasda davam edir.

Beynəlxalq tədbirdə vurğulanıb ki, bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir. Azərbaycanda hər hansı daxili risklərimizin olmadığını dəfələrlə söylədiyini xatırladan dövlətimizin başçısı deyib ki,  bütün potensial risklər bizim hüdudlarımızdan kənardan gəlir: « İdeoloji risklər fiziki risklər qədər təhlükəlidir. Ona görə biz hər zaman ayıq-sayıq olmalıyıq və milli mənsubiyyətimizin, dövlətçiliyimizin qorunmasına, müstəqilliyimizin müdafiə olunmasına və həyat tərzimizin qorunmasına çox bağlı olmalıyıq».

Azərbaycanın dövlət başçısı  Forumdakı çıxışında  işğaldakı torpaqlarımızın 44 günə və həm də  ordumuzun dünyanı heyran edəcək bir peşəkarlıqla  işğaldan azad etməsindən danışıb: « Biz beynəlxalq hüququ, ədaləti bərpa etdik. Biz öz gücümüz hesabına BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrin icrasını təmin etdik».

Bu gün dünyanın bir çox bölgəsində qanlı müharibələrin davam etdiyini bildirən Prezident İlham Əliyev deyib ki,  müharibələrin dayandırılması ilə bağlı Azərbaycanın təcrübəsi mövcuddur: «Biz müharibədən qalib çıxdıq və bizim mübarizəmiz düzgün idi. Düşmən kapitulyasiya etdikdən sonra biz bundan o tərəfə getmədik, dayandıq və sülh təklif etdik». Bu təcrübəyə nəzər salınmalı olduğunu və müharibə tərəflərinin bunu tədqiq etməli olduqlarını deyən ölkə başçısı vurğulayıb ki, bizim qurduğumuz mövcud presedent bəzi münaqişələrin aradan qaldırılmasına da xidmət edə bilər.

Forumda Prezident İlham Əliyevin xüsusi vurğuladığı digər məsələ isə beynəlxalq münasibətlərdə ikili standartlara qarşı mübarizənin davam etdiriləcəyidir. Dövlətimizin  başçısı güman edir ki, bu cür yanaşmalar beynəlxalq münasibətlər sistemindən tamamilə çıxarılmalıdır.  Ona görə ki, beynəlxalq hüququn prinsipləri ayrı-ayrı dövlətlərin siyasi maraqlarından asılı olaraq fərqli şəkildə tətbiq edildikdə ədalət anlayışı zərər görür, beynəlxalq institutlara etimad zəifləyir və münaqişələrin həlli daha da çətinləşir. Azərbaycanın müasir tarixində yaşanan hadisələr bu məsələnin nə qədər əhəmiyyətli olduğunu göstərir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə milli iradəsini ortaya qoydu, beynəlxalq hüquqa əsaslanan mövqeyinin həyata keçirilməsinə nail oldu. Bu gün ikili standartlara qarşı prinsipial mövqenin müdafiəsi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir. Dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunması, bütün ölkələrə münasibətdə eyni meyarların tətbiqi beynəlxalq təhlükəsizliyin təmin edilməsi üçün vacibdir.

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri