Müasir tariximizdə Ümunumilli Lider Heydər Əliyevin 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıdışından sonra yaddaqalan bir çox siyasi-iqtisadi hadisələr baş vermişdir. Sentyabr ayı da Azərbaycan tarixində üç böyük unudulmaz dövrü əhatə edən tarixlərdən olmuşdir: 20 sentyabr 1994-cü il, 27 sentyabr 2020-ci il və 20 sentyabr 2023-cü il. Birincisi, 20 sentyabr 1994-cü ildə Bakıda “Əsrin müqaviləsi” adlanan neft sazişi imzalanıb, ikincisi, 27 sentyabr 2020-ci ildə Azərbaycan Ordusu ərazilərimizin işğaldan azadetmə əməliyyatına başlayıb, üçüncüsü isə 20 sentyabr 2023-cü ildə torpaqlarımız işğaldan tam azad olunaraq suverenliyimiz bərpa olunub. Birinci iki tarix arasında 26 ildən çox vaxt olmasına baxmayaraq onlar bir-biri ilə sıx bağlıdır.
Qeyd etmək istərdim ki, 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər şanlı ordumuzun qəhrəmanlığı ilə bərabər, həm də iqtisadi hazırlığın nəticəsi idi. Müharibə əsgərlə qazanılır, amma büdcə, valyuta ehtiyatları ona müasir texnika, sənaye və diplomatik dəstək hazırlayır. Bu hazırlığın əsasında “Əsrin müqaviləsi” dayanırdı.
Məlum olduğu kimi, 1994-cü ilin payızında Azərbaycan çox ağır vəziyyətdə idi. SSRİ-nin dağılması ilə iqtisadi əlaqələr qırılmış, istehsal azalmış, torpaqlarımızın təxminən beşdə biri işğal altına düşmüş, bir milyona yaxın soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşamaq məcburiyyətində qalmışdır. Atəşkəs həmin ilin may ayında əldə olunsa da, sülh yox idi. Məhz belə bir vaxtda ölkənin ən böyük sərvəti olan Xəzər neftinin xarici kapital və texnologiya ilə işlənməsi barədə Ümummilli Lider Heydər Əliyev böyük risk götürərək 20 sentyabr 1994-cü ildə Bakıda, “Gülüstan” sarayında “Azəri-Çıraq-Günəşli” yataqlarının birgə işlənməsi haqqında saziş imzalanmasına qərar verdi. 8 ölkənin 11 neft şirkəti bu layihəyə qoşuldu, ilkin sərmayə təxminən 7,4 milyard dollar həcmində nəzərdə tutulurdu və "Əsrin müqaviləsi" adını alan bu saziş 30 il müddətinə bağlandı. Bu sazişin bir özəlliyi var idi: hasilat başlayana qədər bütün riski sərmayəçilər daşıyırdı. Dövlət isə öz payını yalnız neft hasil olduqdan sonra alırdı. Münaqişə şəraitində olan bir ölkəyə iri xarici kapitalın gəlməsi eyni zamanda beynəlxalq etimadın göstəricisi idi. Bu etimad sonrakı illərdə Azərbaycanın investisiya mühitinin formalaşmasına da təsir etdi. Çətin zamanda bağlanan bu saziş çox cəsarətli bir qərar olmaqla Azərbaycan iqtisadiyyatının inkişafının təməlini qoydu.
Bu müqavilə sadəcə kommersiya sənədi deyildi. O, Azərbaycanın dünya ilə iqtisadi və siyasi bağlarını möhkəmləndirən strateji seçim idi. Böyük dövlətlərin və nəhəng şirkətlərin marağı ölkəmizin müstəqilliyi üçün əlavə təhlükəsizlik qatı yaratdı. Sonrakı illər göstərdi ki, Heydər Əliyevin hesabı doğru idi: 2017-ci ildə müqavilənin yeni redaksiyası imzalandı və layihənin müddəti 2050-ci ilə qədər uzadıldı.
Qısa zamanda neft strategiyası iqtisadi gücə çevrildi. 1997-ci ildə “Çıraq” yatağından ilk neft hasil edildi. Bir neçə ildən sonra isə Azərbaycan dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə çevrildi. 2000-ci illərin ortalarında illik iqtisadi artım tempi iyirmi faizi ötdü. Bu artım təkcə rəqəm deyildi: yeni iş yerləri, yeni yollar, yeni məktəblər və yenidən canlanan dövlət idi.
İkinci mühüm addım nəqliyyat marşrutu oldu. Uzunluğu 1768 kilometr olan Bakı–Tbilisi–Ceyhan boru kəməri 2006-cı ildə işə düşdü və Xəzər neftini Rusiyanın nəzarətindən kənarda birbaşa dünya bazarına çıxardı, Azərbaycanı, Gürcüstanı və Türkiyəni bir-birinə daha sıx bağladı. Beləliklə, Azərbaycan həm enerji ixracatçısı, həm də regionun nəqliyyat qovşağı kimi tanındı.
Belə bir deyim var: “Əgər ixrac yolu başqasının əlindədirsə, o sizə təsir vasitəsinə çevrilir, yox, əgər öz marşrutunuz varsa, bu asılılıq azalır”. Öz marşrutumuzun olması, eyni zamanda, enerji layihələri Azərbaycanı Avropanın enerji təminatında əhəmiyyətli tərəfdaşa çevirdi. Beynəlxalq münasibətlərdə iqtisadi qarşılıqlı asılılıq siyasi etibar yaratdı. Bunun 2020-ci ildəki diplomatik mühitə təsirini rəqəmlə ölçmək çətindir, amma təsirin olduğunu görməmək də düzgün olmazdı.
Müharibə döyüş meydanında qazanılır. Lakin ordunu maaşla, təlimlə, texnika ilə, silah-sursatla təmin etmək, ölkəni beynəlxalq arenada təkbaşına qoymamaq üçün güclü iqtisadiyyat lazımdır. Bu istiqamətdə “Əsrin müqaviləsi”nin həmin iqtisadi bazanın yaranmasında xüsusi payı vardır
O vaxtki neft gəlirləri düzgün idarə olunmasa, iqtisadiyyat üçün yük də ola bilərdi. Bunu dünya təcrübəsində “Hollandiya xəstəliyi” adlandırırlar. Azərbaycan buna qarşı institusional addım atdı və 29 dekabr 1999-cu ildə Prezident Fərmanı ilə Dövlət Neft Fondu yaradıldı. Fondun məqsədi neft gəlirlərini yığmaq, investisiya etmək və nəsillər arasında ədalətli bölmək idi.
Fondun büdcə üçün nə qədər önəmli olduğunu 2020-ci il büdcə layihəsi göstərir. Layihədə gəlirlər təxminən 14,4 milyard dollar, Fonddan büdcəyə transfert isə 6,92 milyard dollar nəzərdə tutulurdu. Hesablamalara görə, transfertin büdcə gəlirlərində payı təxminən 48%, neft sektorunun ümumi payı isə təxminən 57% idi. Yəni, dövlətin xərc imkanlarının böyük hissəsi birbaşa neft gəlirlərinə söykənirdi.
Pul özü qələbə gətirmir. Amma sabit gəlir uzunmüddətli planlaşdırmaya imkan verir: əsgərlərin təlimi, texnikanın alınması, təchizat zəncirinin qurulması, yerli hərbi-sənaye bazasının inkişafı. Məhz buna görə 1994-cü ilin neft müqaviləsini müharibədə uğurun maliyyə təməlini yaradan amillərdən biri saymaq olar.
Enerji diplomatiyası və geosiyasi dəstək. “Əsrin müqaviləsi”nin ikinci böyük nəticəsi siyasi idi. Layihəyə qoşulan şirkətlərin arxasında güclü dövlətlər dayanırdı və Azərbaycanla tərəfdaşlıq bu ölkələr üçün də strateji maraq idi. Bakı–Tbilisi–Ceyhan, Cənub Qaz Dəhlizi və Bakı–Tbilisi–Qars dəmir yolu Azərbaycanı, Gürcüstanı və Türkiyəni sıx əməkdaşlıq formatında birləşdirdi.
Bu əlaqələr ən çətin anda nəticə verdi. Beynəlxalq münasibətlərdə etibarlı tərəfdaş olmaq nüfuzu gətirdi. Azərbaycan illər boyu öhdəliklərini vaxtında yerinə yetirdi, qaz və neft ixracatında etibarlı ölkə kimi tanındı. Bu etibar 2020-ci ildə Türkiyənin açıq siyasi dəstəyində, bir sıra dost ölkələrin mövqeyində və Avropanın enerji təminatında Azərbaycanın artan rolunda özünü göstərdi.
Enerji sahəsindəki bu güc Azərbaycana həm də diplomatik manevr imkanı verdi. Biz heç kimdən asılı olmadan öz qərarımızı verə bildik, çünki iqtisadi müstəqilliyimiz siyasi müstəqilliyimizin təminatı idi.
İqtisadi gücü hərbi qüdrət çevirən və Zəfərlə nəticələnən şanlı tariximizdə əsas şərt müasir, güclü və peşəkar ordu idi. Belə ordunu isə yalnız güclü iqtisadiyyat yaşada bilərdi. Neft və qaz gəlirləri sayəsində ölkənin dövlət büdcəsi illər boyu böyüdü və hərbi xərclər dəfələrlə artdı. Rəsmi bəyanatlara görə, bir çox illərdə Azərbaycanın hərbi xərcləri qonşu Ermənistanın bütün dövlət büdcəsini üstələdi.
Bu vəsait təsadüfi xərclənmədi. Orduda islahatlar aparıldı, yeni hərbi hissələr və xüsusi təyinatlı qüvvələr yaradıldı, zabit və əsgərlərin hazırlığı beynəlxalq standartlara yaxınlaşdırıldı. Müasir artilleriya, hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları və digər texnikalar əldə olundu. Yerli hərbi sənaye də inkişaf etdi: Müdafiə Sənayesi Nazirliyi bu sahədə ölkənin imkanlarını artırdı. Bir sözlə, 1994-cü ildə imzalanan müqavilənin gəlirləri 2020-ci ildə cəbhədə silaha, texnikaya və təminata çevrildi. Bu həqiqəti açıq demək istəyirik: “Əsrin müqaviləsi” olmasaydı, Zəfərin maddi bünövrəsi də bu qədər möhkəm olmaya bilərdı.
2020-ci il sentyabrın 27-də başlayan əks-hücum əməliyyatı 44 gün davam etdi və noyabrın 10-da Azərbaycan dövlətinin və yenilməz ordusunun qələbəsi ilə nəticələndi. Döyüşlər noyabr ayının 9-dan 10-a keçən gecə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli Bəyanatı ilə dayandırıldı. Son nəticədə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində 5 şəhər, 4 qəsəbə və 286 kəndi, o cümlədən qədim mədəniyyət beşiyi olan Şuşa şəhərini işğaldan azad etdi.
Bu müddətdə ölkə iqtisadiyyatı dayanmadı. Pandemiya şəraitində, neftin qiymətinin düşdüyü bir dövrdə belə dövlət əmək haqqını, pensiyaları və sosial ödənişləri vaxtında verildi, ordunun təchizatı isə fasiləsiz davam etdi. Bunu mümkün edən ehtiyat yastığı Neft Fondunun və valyuta ehtiyatlarının toplandığı illərin nəticəsi idi.
Həmin günlərdə xalqın səfərbərliyi də iqtisadi dəstək formasında göründü. Ordu üçün yaradılan fonda vətəndaşlar, şirkətlər və xaricdəki həmvətənlərimiz ianələr göndərdi. Lakin bu dəstək dövlətin əsas maliyyə imkanını əvəz etmədi, onu tamamladı.
Bu Qələbənin qazanılmasında 2900-dən çox əsgər və zabitimiz şəhid oldu, minlərlə əsgərimiz isə qazi olaraq torpaqlarımızı işğalçılardan təmizlədilər. Qələbəni iqtisadi strategiya ilə bərabər, hərbi strategiya, döyüş hazırlığı, əsgər və zabitlərin cəsarəti, texnoloji üstünlük, xalqın-lider birliyi və beynəlxalq şərait də həlledici rol oynamışdır.
Vətən müharibənin 44 günə bitməsi də iqtisadi baxımdan maraqlıdır. Uzun hərbi əməliyyatlar dövlətdən böyük əlavə xərclər tələb edir. 44 günlük müddətdə isə əməliyyatların əvvəlcədən toplanmış resurslara əsaslandığını güman etmək olar.
Zəfər iqtisadiyyat üçün yeni mərhələ açdı: Qarabağ və Şərqi Zəngəzurda Böyük Qayıdış Proqramı, yeni yollar, hava limanları, enerji və su təchizatı, ağıllı kənd və şəhər layihələri. Bu bərpa işləri dövlət büdcəsindən milyardlarla manat tələb edir və yenə də həmin enerji gəlirlərinə söykənir.
Vətən müharibəsi Azərbaycan xalqının Qarabağ həsrətinə son qoydu, işğaldan azad edilmiş ərazilərdə ən müasir standartlarla bərpa və yenidənqurma işlərinə başlanıldı, Qarabağa yeni həyat-nəfəs qaytarıldı. Məhz Vətən müharibəsinin nəticəsi kimi Azərbaycanın Ermənistanla sərhəd xəttinin bərpasına başlanıldı və Zəngəzur dəhlizi yaxın müddətdə tarixi reallığa çevriləcək.
2021-ci il iyunun 15-də Şuşada imzalanmış Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsində də Zəngəzur dəhlizinin açılmasının bölgənin həyatında yeni mərhələ olacağı öz əksini tapdı. Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir. Tarixi Qars müqaviləsi düz 100 il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır. Azad edilmiş Şuşa şəhərində 100 ildən sonra müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir.
Suverenlik dövlətin yalnız hüquqi statusu deyil, onun öz ərazisində hakimiyyətini həyata keçirmək, qanunlarını tətbiq etmək, sərhədlərinə nəzarət etmək və milli maraqlarını müstəqil şəkildə qorumaq imkanının ifadəsidir. Azərbaycan üçün 20 Sentyabr 2023-cü il məhz bu baxımdan xüsusi tarixi və siyasi məna daşıyır.
Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə 20 Sentyabrın Dövlət Suverenliyi Günü elan edilməsi də təsadüfi deyildi. Sərəncamda vurğulandığı kimi, 2020-ci il Vətən müharibəsi və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub.
2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi də təsadüfi xarakter daşımırdı. Prezidentin müvafiq Sərəncamında qeyd edilir ki, Vətən müharibəsindəki Qələbə və 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Suverenliyin bərpasından sonra əsas vəzifə həmin suverenliyin siyasi, hüquqi, iqtisadi və sosial baxımdan möhkəmləndirilməsidir.
Bu tarixlərin bizə öyrətdiyi dərs sadədir: dövlətin təhlükəsizliyi iqtisadi müstəqillikdən, iqtisadi müstəqillik isə uzaqgörən siyasətdən başlayır. Ulu Öndər Heydər Əliyevin cəsarətli qərarı, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin onu ardıcıl davam etdirməsi, xalqın iradəsi və şəhidlərimizin qanı tarixi Zəfəri mümkün etdi.
Bizim vəzifəmiz isə bu irsi qorumaq, neft gəlirlərini qeyri-neft sektorunun, elmin, təhsilin və texnologiyanın inkişafına yönəltmək, yəni, gələcəyin iqtisadiyyatını bu gün qurmaqdır. Çünki bu gün bizi neft-qaz qoruyur, sabah isə bilik və istehsal qoruyacaq. Tarix yalnız qələbə qazanmaqla deyil, qazanılmış qələbəni qorumaq, onun siyasi və hüquqi nəticələrini möhkəmləndirmək və gələcək nəsillərə ötürməklə yazılır.
Xıdır İbrahimov,
SOCAR-ın “Nefqazelmitədqiqatlayihə” İnstitutunun şöbə rəisi,
texnika üzrə fəlsəfə doktoru, dosent
Multikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı meyarlar olub
Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixini öyrənənlər üçün dəyərli əsər
Böyük Qayıdış: İqtisadi gücün təsdiqi, müstəqil strategiyanın bariz göstəricisi