02 noyabr 2026 21:14
142

Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır

Rusiyada əcnəbilərin ölkədən inzibati qaydada çıxarılmasını nəzərdə tutan inzibati xətaların siyahısı noyabrın 3-dən etibarən iki dəfə genişləndirilərək 45-ə çatdırılacaq.

“İki sahil” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya Xidmətindən bildirilib.

Yeni qaydalara əsasən, əcnəbilərin inzibati qaydada ölkədən çıxarılmasına səbəb olan hüquqpozma növlərinin sayı iki dəfə artırılıb. Beləliklə, deportasiya sanksiyasını nəzərdə tutan maddələrin ümumi sayı 45-ə çatıb.

Siyahıya, digər hallarla yanaşı, xırda xuliqanlıq, kütləvi tədbirlərin keçirilməsi qaydalarının pozulması, polis əməkdaşının qanuni tələbinə tabe olmamaq və Rusiya Silahlı Qüvvələrinin nüfuzdan salınması da daxil edilib.

Bundan başqa, bəzi hüquqpozmalara görə ölkədən çıxarılmanın digər inzibati cəza növləri ilə əvəz edilməsi mümkün olmayacaq. Bu kateqoriyaya narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı inzibati xətalar da əlavə edilib.