Şimali Koreyanın şərq sahilində yeni hərbi-dəniz bazası ölkə rəhbərliyinin müəyyən etdiyi müddətlərdə tikilib başa çatdırılmalıdır.
“İki sahil” xəbər verir ki, Koreya Mərkəzi Teleqraf Agentliyinin məlumatına görə, bu tələbi ölkə lideri Kim Çen In noyabrın 11-də tikinti sahəsinə səfəri zamanı irəli sürüb.
“Müasir hərbi-dəniz bazasının tikintisi dövlətin təhlükəsizliyinin təmin edilməsi və dəniz suverenliyinin qorunması ilə bilavasitə bağlı olan ən mühüm layihədir. Buna görə də tikinti Partiya Mərkəzi Komitəsinin müəyyən etdiyi müddətlərdə və tələb olunan keyfiyyət standartlarına uyğun olaraq mütləq başa çatdırılmalıdır”, – agentlik dövlət başçısının sözlərini sitat gətirib.
Tikinti işlərinin gedişi ilə tanış olan Şimali Koreya lideri bazanın müasir avadanlıqlarla təchiz edilməsini, imkanlarının genişləndirilməsini və müdafiə qurğularının möhkəmləndirilməsini tapşırıb. Tikintinin sürətləndirilməsi məqsədilə işçilərin sayının artırılmasını və layihəyə rəhbərliyin gücləndirilməsini əmr edib.
Kim Çen In ölkənin Hərbi Dəniz Qüvvələrinin idarəetmə, döyüş hazırlığı və inkişaf mərkəzinə çevriləcək müasir hərbi-dəniz kompleksinin mümkün qədər tez yaradılmasının vacibliyini vurğulayıb. Onun qiymətləndirməsinə görə, layihənin həyata keçirilməsi Şimali Koreyanın Hərbi Dəniz Qüvvələrinin infrastrukturunu gücləndirməyə imkan verəcək.