17 noyabr 2026 01:39
119

Kreml Putin, Tramp və Si Cinpinin mümkün görüşünün təfərrüatlarını açıqlayıb

Kreml Çinin Şençjen şəhərində keçiriləcək APEC sammiti çərçivəsində Rusiya və ABŞ prezidentləri arasında ikitərəfli görüşün keçirilməsinə üstünlük verir. Danışıqların dəqiq vaxtı və formatı hələ razılaşdırılmayıb.

“İki sahil” xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, liderlərin iş qrafiki olduqca gərgindir. Həm Vladimir Putinin, həm də Donald Trampın digər mühüm ikitərəfli görüşləri nəzərdə tutulub. Buna görə də danışıqlar üçün münasib vaxtın müəyyənləşdirilməsi zəruridir.

Dmitri Peskov, həmçinin Vladimir Putin, Donald Tramp və Si Cinpin arasında keçiriləcək üçtərəfli görüşün əsas mövzularının artıq razılaşdırıldığını bildirib. Bununla belə, bəzi məsələlərin birbaşa danışıqlar zamanı gündəmə gətirilə biləcəyini istisna etməyib.

Üç ölkənin liderlərinin dünyanın gələcək taleyini müəyyənləşdirmək üçün bir araya gələcəkləri barədə fikirlərə münasibət bildirən Kremlin sözçüsü vurğulayıb ki, Rusiya və Çin çoxqütblü dünya nizamının tərəfdarıdır və digər dövlətlərin taleyinə müdaxilənin əleyhinədir.

“Biz istəmirik ki, kimsə bizim taleyimizi həll etsin və heç vaxt başqalarının taleyini müəyyənləşdirmək iddiasında da olmayacağıq”, – deyə o bildirib.

Peskov qarşıdakı danışıqların İkinci Dünya müharibəsi dövründə keçirilmiş Yalta və Tehran konfransları ilə müqayisə olunmasını da “politoloji məşğələlər” adlandırıb və belə paralellərin reallıqla heç bir əlaqəsinin olmadığını qeyd edib.

Rusiya Prezidentinin Şimali Koreya lideri Kim Çen Inla mümkün görüşü barədə suala cavab verən Peskov bildirib ki, Şimali Koreya lideri APEC sammitində iştirak edərsə, belə bir görüş də keçirilə bilər.

Bundan başqa, Peskov ABŞ Prezidenti Donald Trampın Rusiyanın Ukraynada daha sərt addımlar ata biləcəyi, lakin bunu etmədiyi barədə fikirlərini şərh edib.

“Prezident Trampın bu sözləri ilə razılaşmaq olar, çünki daha sərt davrana bilərik”, – deyə Kremlin nümayəndəsi bildirib.

Rusiyanın konkret olaraq hansı daha sərt addımları ata biləcəyi ilə bağlı suala isə Peskov “Bunu hərbçilərdən soruşun”, – deyə cavab verib.