27 yanvar 2017 17:28
445

SOCAR-da vətəndaş cəmiyyəti və QHT nümayəndələri ilə görüş

Ötən gün SOCAR-ın baş ofisində insan resurslarının idarə edilməsinə dair vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüş keçirildi. SOCAR-ın İnsan Resursları Departamentinin (İRD) rəisi Asif Bəkirli rəhbərlik etdiyi qurumun 2016-cı il üzrə fəaliyyətinə dair hesabatla çıxış etdi.

O, İRD-nin karyera planlama və personalla əlaqələr istiqaməti üzrə 2016-cı il fəaliyyətinə dair statistik məlumatları diqqətə çatdırdı. Qeyd edildi ki, Dövlət Neft Şirkətinin birbaşa tabeliyində olan struktur bölmələrində həyata keçirilən 6034 yerdəyişmə əməliyyatları SOCAR-ın daxili normativ sənədlərinin və qanunvericiliyin (VTİSK)  tələblərinə uyğunluğu yoxlanılıb. SOCAR-ın struktur bölmələrində işləmiş və öz təşəbbüsü ilə işdən çıxmış 277 nəfərlə telefon vasitəsilə sorğu keçirilib. Sorğuda iştrak edənlər ən çox “Başqa işə götürənlə əmək müqaviləsinin bağlanmasını”, “Əmək haqqının qane etməməsini” və “Səhhətinin imkan verməməsini” işdən çıxma səbəbləri kimi izah ediblər.

Bildirildi ki, SOCAR üzrə xarici təqaüd proqramı məzunlarının, təhsillərini xarici təhsil müəssisələrində bitirdikdən sonra şirkətlə əmək fəaliyyətinə başladıqları andan etibarən gözləntilərinin reallıqla uyğunlaşıb-uyğunlaşmaması məqsədi ilə həm xarici təqaüd proqramının məzunları, həm də onların rəhbərləri ilə sorğu keçirilib. SOCAR-ın müəssisələrində (İnformasiya Texnologiyaları və Rabitə İdarəsi, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi, Sərmayələr İdarəsi və s.) 248 nəfər arasında məmnunluq sorğusu keçirilib. Sorğuya əsasən 157 nəfər iştirakçı hazırda tutduğu əməyin ödənilməsi dərəcəsini qənaətbəxş hesab edib, 63 nəfər tutduqları dərəcədən narazılığını bildirib, 28 nəfər isə münasibət bildirməyib.

Kommunikasiyanın idarəedilməsi istiqaməti üzrə kommunikasiya tədbirləri ilə əlaqədar təqdimatların və materialların Azərbaycan dilinə tərcüməsi edilib,  təsdiqlənib və bu istiqamət üzrə “qaynar xətt” istifadəyə verilib. Kommunikasiyanın idarəedilməsi istiqamətində “Azneft” İB-nin müəssisə və təşkilat rəhbərləri üçün “İnsan Resursları Transformasiya”  layihəsinin açılış təqdimatı keçirilib.

Hesabatda qeyd edilib ki, motivasiya və effektivliyin idarəedilməsi istiqaməti üzrə ilkin görüşlər keçirilib və motivasiya ediləcək tərəflər müəyyən edilib. Motivasiya tədbirləri ilə bağlı təkliflər hazırlanıb və baxılması üçün ekspertiza mərkəzlərinin müzakirəsinə təqdim edilib. Adaptasiyanın idarəedilməsi istiqaməti üzrə dəyişikliklərin reyestri və insan resursları üzrə əlaqələndiricilərin funksiyaları müəyyən edilib. Eyni istiqamət üzrə 10 sayda əhəmiyyətli dəyişiklik və bunlarla bağlı tədbirlər müəyyən edilib. Adaptasiyanın idarəedilməsi istiqaməti çərçivəsində “Azneft” İstehsalat Birliyinin aparat, Ə.Əmirov adına NQÇİ və “28 May” NQÇİ üzrə əsas istifadəçilərin ilkin siyahısının formalaşdırılması və daha sonra seçilməsi prosesinin hazırlanması baş tutub. Əsas istifadəçilərin ilkin siyahısı müəssisə və strukturlardan əldə edilib.

SOCAR-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik  Məmmədov isə şirkətin kadr siyasəti, bu istiqamətdə həyata keçirilən müxtəlif layihələr barədə məlumat verdi. Bildirdi ki, SOCAR rəhbərliyinin önəm verdiyi ən mühüm məsələ məhz insan amilidir. Qeyd edildi ki, SOCAR-da 2016-cı ildə 1244 vakansiya elan edilib. 72567 nəfər vakansiyalar üzrə müraciət edib. 14035 nəfər test imtahanında iştirak edib. 769 nəfər peşə sınaq imtahanında iştirak edib. 2504 nəfər müsahibədə iştirak edib. 642 nəfər işə qəbul edilib. 246 nəfər Kadr Ehtiyatı Bazasına salınıb.

Görüşdə çıxış edən QHT rəhbərləri SOCAR-ın insan resurslarının idarə edilməsi ilə bağlı fəaliyyətini yüksək qiymətləndirdilər. Görüş qarşılıqlı müzakirələrlə davam etdirildi. 

Nail Rəhimzadə,

Vüsal Cahanov (foto), “İki sahil”