31 yanvar 2017 22:40
293

"Azərikmya" İB-də Almaniya səfiri ilə görüş

«Azərikimya»da Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab ilə görüş keçirilmişdir

Yanvarın 31-də “Azərikimya” İstehsalat Birliyində Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab ilə görüş keçirilmişdir.Görüşdə «Azərikimya» İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev Azərbaycan neft-kimya sənayesinin inkişaf tarixi, Birliyin istehsalat sahələrində aparılan yenidənqurma və modernizasiya işləri, həmçinin perspektiv layihələr haqqında ətraflı məlumat vermişdir. Görüşdə Almaniyanın UNIPER (EON) şirkətinin prezidenti Klaus Şehferin rəhbərlik etdiyi nümayəndə heyətinin Sumqayıta səfəri çərçivəsində enerji və buxar istehsalı sahəsində fəaliyyət göstərəcək birgə müəssisənin - “SOCAR-UNIPER” MMC-nin yaradılması haqqında imzalanan sazişə də toxunulmuşdur. 

Səmimi qəbula görə minnətdarlığını bildirən səfir Mixael Kindsqrab iki ölkə arasında münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, humanitar sahələrdə dinamik şəkildə inkişaf etdiyini vurğulamış, neft-qaz və kimya sektoruna xüsusi önəm verildiyini qeyd etmiş, bu əməkdaşlığın Azərbaycan-Almaniya münasibətlərinin inkişafına yeni töhfə verəcəyinə əminliyini ifadə etmişdir. Görüşdə həmçinin Sumqayıt Kimya Sənaye Parkında müxtəlif sənaye məhsullarının istehsal olunacağı onlarla kiçik və özəl kimya müəssisələrinin yaradılmasında Almaniya şirkətlərinin və iş adamlarının öz investisiyaları, mütərəqqi texnologiyaları, müasir avadanlıqları ilə iştirakının arzuedilən olduğu diqqətə çatdırılmışdır. 

Daha sonra “Azərikimya” İstehsalat Birliyində yaradılmış Heydər Əliyev güşəsini ziyarət edən qonağa Ulu öndərin memarı olduğu yeni neft strategiyasının bu gün möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi haqda ətraflı məlumat verilmişdir. Görüşdə səfiri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdir.