SOCAR-ın Geofizika və Geologiya İdarəsində 2016-cı il ərzində əməyin mühafizəsi, təhlükəsizlik texnikası sahəsində görülən işlərin yekunlarına həsr olunan hesabat yığıncağı keçirildi
Yanvarın 31-də SOCAR-ın Geofizika və Geologiya İdarəsində (GGİ) 2016-cı il ərzində əməyin mühafizəsi, təhlükəsizliyi sahəsi üzrə görülmüş işlərlə əlaqədar yekun hesabat toplantısı keçirildi.
Tədbiri GGİ-nin əməyin mühafizəsi üzrə rəis müavini İsmayıl Hüseynov açaraq bildirdi ki, 2016-cı il ərzində İdarənin strukturuna daxil olan istehsalat bölümlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, istehsalat sahələrinin, iş yerlərinin müasir standartların tələblərinə uyğun qurulması sahəsində bir çox işlər görülüb: “Hesabat dövründə İdarənin istehsalat bölümlərində əmək şəraitinin vəziyyətinə operativ nəzarətin üç mərhələsini ardıcıl həyata keçirərək cəmi 8345 baxış-yoxlama keçirilib ki, bunlardan 10-u daimi fəaliyyət göstərən komissiyaların (DFGK) payına düşür. Bu yoxlamalar nəticəsində yalnız DFGK-lar tərəfindən 44 müxtəlif çatışmazlıq aşkar edilib və qısa müddət ərzində aradan qaldırılıb.”
Geofizika və Geologiya İdarəsinin rəisi Elçin Şirinov vurğuladı ki, bu gün əməyin mühafizəsinə və insanların sağlamlığına təminat yaradan mütərəqqi texnologiyalara malik yeni müəssisələrin tikilməsinə, köhnə texnologiyaların yenisi ilə əvəz olunmasına, yaşıllıqların və parkların salınmasına, peşəkar mütəxəssislərin hazırlanmasına xüsusi diqqət yetirilir. E.Şirinov əməyin mühafizəsi, təhlükəsizlik qaydalarına riayət olunması istiqamətində müvafiq tapşırıqlarını da verdi: “Bölümlərdə işçilər arasında əməyin təhlükəsizliyi üzrə maarifləndirmə işlərinin gələcəkdə daha da keyfiyyətlə aparılmasına nəzarət gücləndirilməli, qarşıya çıxan hər hansı çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması üçün operativ tədbirlər görülməlidir.”
GGİ-nin Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ekologiya şöbəsinin rəisi Elxan Ələskərov 2016-cı il ərzində əməyin mühafizəsi, təhlükəsizliyi sahəsi üzrə görülmüş işlərlə əlaqədar çıxış etdi. Bildirdi ki, 2016-cı il üçün GGİ-nin strukturuna daxil olan istehsalat bölümlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması və təmin olunması, istehsalat sahələrinin, binaların, iş yerlərinin müasir standartların tələblərinə uyğun səviyyədə yenidən qurulması, istehsalat xəsarətlərinin, qəzaların, peşə xəstəliklərinin qarşısının alınması məqsədilə əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması üzrə tədbirlər planı hazırlanıb və tətbiq olunub.
GGİ-nin strukturuna daxil olan “Mədəngeofizika”, “Kəşfiyyatgeofizika”, Kompleks Mühəndisi Axtarış İstehsalat Bölümlərinin rəhbər işçiləri əməyin mühafizəsi və təhlükəsizliyi sahəsində həyata keçirilən işlər barədə məlumat verdilər.
İdarənin Həmkarlar İttifaqı Komitəsinin sədri Fəxrəddin Əliyev qeyd etdi ki, sağlam və təhlükəsiz əmək şəraiti qurmaq GGİ rəhbərliyinin prioritet istiqamətlərindəndir. Bu sahədə əldə olunan nailiyyətlər idarə rəhbərliyinin və Şirkətin prezidentinin gündəlik diqqət və qayğısının nəticəsidir.
Sonda GGİ rəisinin I müavini Sarvan Mansurov çıxış edərək bildirdi ki, istehsalat sahələrində qəzaların, yanğınların, bədbəxt hadisələrin baş verməsinə və peşə xəstəliklərinin yaranmasına səbəb ola biləcək risklərin müəyyən edilməsi, onların ləğvi və ya minimuma endirilməsi məqsədilə İdarə tərəfindən struktur bölmələrdə reydlər, yoxlamalar keçirilib. Gələcəkdə bu istiqamətdə işlərin daha da keyfiyyətlə aparılmasına ciddi fikir veriləcək.
Orxan Vahidoğlu, “İki sahil”
SOCAR-ın prezidenti ABŞ Dövlət Departamentinin baş müşaviri və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri ilə görüşüb
"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub