03 fevral 2017 22:59
287

“Cənub Qaz Dəhlizi” Azərbaycanın liderliyi hesabına icra edilir

Regionda nəhəng enerji, nəqliyyat-kommunikasiya layihələrinin  təşəbbüskarı olan Azərbaycan Avropanın qaz bazarının şaxələndirilməsində və enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm rol oynayacaq “Cənub Qaz Dəhlizi”ni uğurla reallaşdırır.

Prezident İlham Əliyev yanvarın 30-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda bu layihənin strateji əhəmiyyətini yüksək qiymətləndirərək bildirib: “Bu layihə də uğurla icra edilir. Mən tam açıq deyə bilərəm ki, əgər Azərbaycan yenə də bu layihənin icrası ilə bağlı liderlik  keyfiyyətlərini ortaya qoymasaydı, bu layihə heç vaxt icra edilməzdi. “Cənub Qaz Dəhlizi” bu gün ancaq Azərbaycanın liderliyi hesabına icra edilir. Bunu bu işlərlə tanış olan hər kəs təsdiq edə bilər”.

Avropanın enerji təhlükəsizliyinin təminatında, ümumiyyətlə,  qlobal enerji təchizatında  mühüm rol oynayan Azərbaycanın reallaşdırdığı “Cənub Qaz Dəhlizi”nin  icrasının başa çatdırılmasına böyük maraq göstərən dünyanın nəhəng maliyyə qurumları ölkəmizlə davamlı əməkdaşlığın coğrafiyasını daha da genişləndirmək üçün mühüm addımlar atırlar. Belə ki, 2017-ci il yanvar ayının ikinci yarısında Azərbaycan Respublikası Hökuməti, “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti və Dünya Bankı arasında Trans-Anadolu təbii qaz boru kəməri (TANAP) layihəsinin dəstəklənməsi məqsədilə 400 milyon ABŞ dolları məbləğində kredit ayrılmasına dair müqavilə imzalanıb. Bundan başqa, Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankı tərəfindən də müvafiq maliyyə dəstəklərinin təsdiqlənməsi beynəlxlaq maliyyə qurumlarının bu qlobal layihəyə böyük diqqət və dəstək verməsinin əyani sübutudur. TANAP-la bağlı imzalanan  müqavilənin xüsusi əhəmiyyətini qe yd edən  Dünya Bankının regional direktoru Merci Tembon etibarlı tərəfdaş kimi Azərbaycanla bundan sonra da əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bildirib: “Biz əminik ki, bu layihə ölkənin regional ticarətdə rolunu və rəqabətqabiliyyətini gücləndirmək və ixracını genişləndirməklə Azərbaycan xalqına çoxlu fayda gətirəcək”.

Bu yaxınlarda Bolqarıstanın energetika naziri Temenuşka Petkova  serbiyalı həmkarı Aleksandr Antiç  ilə Sofiyada iki ölkə arasında qaz kəməri birləşməsinin inşasına dair Anlaşma Memorandumu imzalayıb. Memorandumun imzalanmasından sonra Bolqarıstanın Energetika Forumunun prezidenti İvan Hinovski bildirib ki, hər iki ölkə üçün həyati əhəmiyyəti olan bu kəmər hazırda inşası davam edən Trans-Anadolu qaz kəməri vasitəsilə Bolqarıstandan Serbiyaya İran, Azərbaycan və Türkmənistan qazının nəqlinə geniş imkan verəcək. Yeri gəlmişkən, Bolqarıstan və Serbiya arasında qaz birləşməsinin yaradılması Mərkəzi və Qərbi Avropa ölkələrində Avropaya qaz mənbələri və nəqlinin diversifikasiyasına yönəlmiş, həmçinin qaz infrastrukturunun yaradılması üçün vacib olan 7 prioritetdən biri hesab olunur.

Zahid Rza, “İki sahil”