06 fevral 2017 17:14
317

“Petkim” neft-kimya holdinqi Türkiyədə iki mükafata layiq görülüb

“Petkim PetroKimya Holding A.Ş.” Türkiyənin Egey bölgəsinin İxracatçı Birlikləri təşkilatının iki mükafatına layiq görülüb.

AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, regionun ən böyük ixracatçısı olan, Türkiyənin ilk və yeganə neft-kimya müəssisəsi “Petkim” “Egey bölgəsinin ən çox ixrac həyata keçirən şirkəti” və “Kimya sektorunun ən çox ixrac həyata keçirən birinci şirkəti” mükafatlarını alıb. “Petkim” birinci mükafatı 2016-cı ildə həyata keçirdiyi 438 milyon dollarlıq ixraca görə, ikinci mükafatı isə Egey İxracatçı Birlikləri üzvlərinin qiymətləndirməsi əsasında qazanıb.

Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi mükafatları “Petkim” neft-kimya holdinqinin icraçı direktoru Anar Məmmədova təqdim edib.

A.Məmmədov deyib ki, “Petkim” neft-kimya kompleksində 60 növdə məhsul istehsal edilir, bu məhsullar 50-dən çox ölkəyə ixrac olunur.

Qeyd edək ki, SOCAR “Petkim”i 2008-ci ildə 2,5 milyard dollara alıb. SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) adı ilə davam etdirir. STEAŞ “Petkim”də təxminən 52,32 faizlik səhmə sahibdir.