08 fevral 2017 16:36
457

Qubanın Qam-qam kəndində ilk dəfə “mavi yanacaq” verilib

“Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən Quba rayonunun Qam-qam kəndinin qazlaşdırılması işi yekunlaşıb və abonentlərə “mavi yanacağ”ın verilməsinə başlanılıb.

AZƏRTAC xəbər verir ki, fevralın 8-də kəndə ilk dəfə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İB-nin nümayəndələri, ziyalılar, eləcə də kənd sakinləri iştirak ediblər.

Qam-qam kəndinin qazlaşdırılması üçün daşıyıcı xətt, kəndin daxilində isə ortatəzyiqli qaz xətləri çəkilib, bütün mənzillərə qaz sayğacları quraşdırılıb. Yaşayış məntəqəsinin qazlaşdırılması üçün, ümumilikdə, 24 min 470 metr müxtəlif diametrli dəmir borulardan istifadə olunub. Kənddə 296 abonent ilk dəfə “mavi yanacaq”dan istifadə etməyə başlayıb. Hazırda Rustov kəndinin qazlaşdırılması işləri də həyata keçirilir.

Mərasimdə çıxış edənlər yaşayış məntəqəsinə təbii qazın verilməsi münasibətilə kənd sakinlərini təbrik ediblər.

Bildirilib ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarına uyğun olaraq respublikanın digər şəhər və rayonları kimi, Quba rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Ötən il rayonun doqquz kəndinin qazlaşdırılması işləri başa çatdırılıb.

Mərasimdə çıxış edən kənd ağsaqqalları əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb, kəndə təbii qaz verilib.