10 fevral 2017 18:14
1722

Mərakeşin yeganə neft-qaz emalı zavodu borcu ilə əlaqədar satışa çıxarılıb

Mərakeşin yeganə neft və qaz emalı zavodu olan Mərakeş Neft Emalı Zavodu Səhmdar Cəmiyyəti (“SAMIR”) borcla əlaqədar satışa çıxarılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Kasablanka Ticarət Məhkəməsi tərəfindən neft emalı zavodunun satışı ilə məşğul olan Məhkəmə Komissarı Məhəmməd əl-Kərimi deyib. O bildirib ki, bu gündən etibarən “SAMIR”in satılması üzrə rəsmi olaraq tender elan olunub. Tenderə təkliflər üzrə son tarix martın 9-dur.

Qeyd edək ki, 2016-cı ilin martında Mərakeşin Kasablanka Ticarət Məhkəməsi tərəfindən 70 faizi mərkəzi ofisi Səudiyyə Ərəbistanında olan “Corral Group”a məxsus zavod haqqında ləğv qərarı verilib. Gündəlik 200 min barrel neft emal edən zavodun 1 milyard 300 milyon dollar vergi borcu ilə əlaqədar bank hesabları dondurulub. Mərakeş hökuməti neft-qaz emalı zavodunun ümumi borcunun 4,55 milyard dollar həcmində olduğunu bildirir.