13 fevral 2017 14:40
238

“Cənub Qaz Dəhlizi” Avropa üçün prioritetdir

Dünya bazarlarında neftin qiymətinin düşməsinin yaratdığı reallıqlara baxmayaraq, Azərbaycan üzərinə götürdüyü öhdəliklərə sadiq qalaraq tərəfdaşlıq etdiyi ölkələrlə əlaqələrini daha da gücləndirir, təşəbbüskarı olduğu nəhəng transmilli layihələrin icrasını uğurla davam etdirir. Bəllidir ki, Avropa ilə Asiya arasında körpü rolunu oynayan ölkəmiz enerji resurslarının nəqli üçün böyük tranzit imkanlarına malikdir.

Hazırda mürəkkəb geosiyasi şəraitdə olan Avropanın qarşıdakı 100 ildə enerji təhlükəsizliyinin təminatını və şaxələndirilməsini şərtləndirən əsas amillərdən olan “Cənub Qaz Dəhlizi” Azərbaycanın liderliyi, eləcə də bu layihə ilə bağlılığı olan ölkələr və dünyanın maliyyə qurumlarının sıx əməkdaşlığı sayəsində  uğurla reallaşdırılır.

Avropanın çox nüfuzlu siyasi və maliyyə qurumlarının rəhbərləri dəfələrlə bəyan ediblər ki, bu layihə “köhnə qitə” üçün prioritetdir.

Prezident İlham Əliyevin fevralın 6-da Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüşündən sonrakı mətbuat konfransında D.Tusk bildirdi ki, bundan sonra enerji sahəsində etibarlı və strateji tərəfdaş olan Azərbaycanla işbirliyini daha da artırmaq niyyətindədirlər: “Azərbaycan Avropanın enerji təhlükəsizliyi və təchizatının şaxələndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Bizim “Cənub Qaz Dəhlizi”ni tamamlamaq üçün ortaq öhdəliyimiz var. Bu, faktiki olaraq hər iki tərəf üçün əsas prioritetdir”.

Ölkə başçısı İlham Əliyev isə öz növbəsində bildirdi ki, bütün vasitələrdən istifadə edərək layihənin icrasını sürətləndirəcəyik: “Biz “Cənub Qaz Dəhlizi” layihəsinin inkişaf etdirilməsi üçün uğurla əməkdaşlıq edirik. Bu, hazırda Avropada həyata keçirilən ən böyük infrastruktur layihələrindən biridir. Həmin layihə 40 milyard dollardan artıq vəsaitin sərmayə kimi qoyulmasını tələb edir. “Cənub Qaz Dəhlizi” enerji təhlükəsizliyi və şaxələndirilməsi layihəsidir. Şaxələndirilmə dedikdə mən yalnız marşrutları deyil, o cümlədən mənbələri də nəzərdə tuturam. Azərbaycanın nəhəng qaz ehtiyatları var və ölkəmiz Avropa bazarı üçün yeni alternativ təbii qaz mənbəyidir. Mən cənab prezidentə məlumat verdim ki, “Cənub Qaz Dəhlizi”nin həyata keçirilməsi, layihənin bütün dörd seqmenti uğurla irəliyə doğru gedir və ümidvarıq ki, əlavə səylərlə biz bu layihənin icrasını sürətləndirəcəyik”.

Bu günlərdə  qardaş Türkiyə hökuməti ilə Dünya Bankı (DB) arasında  “Cənub Qaz Dəhlizi”nin əsas seqmentlərindən olan TANAP layihəsinə 400 milyon dollar məbləğində kreditin ayrılmasına dair razılaşma imzalanıb. Yeri gəlmişkən,  ötən ilin dekabr ayının 20-də DB-nin Direktorlar Şurası “Cənub Qaz Dəhlizi”  layihəsinin reallaşdırılması məqsədilə Azərbaycana 400 milyon  dollar həcmində kreditin ayrılmasını təsdiq edib.

Qeyd edək ki,ümumi uzunluğu 1 850 km olan TANAP qaz kəməri “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub.  2015-ci il martın 17-də Türkiyənin Qars vilayətində TANAP qaz kəmərinin təməlqoyma mərasimi keçirilib. Qaz kəmərinin ötürmə qabiliyyətinin ən azı 16 milyard kubmetr təşkil edəcəyi ehtimal olunur. Bu həcmin 10 milyard kubmetri Avropaya, 6 mlrd. kubmetri Türkiyənin qərb regionlarına göndəriləcək.

Zahid Rza, “İki sahil”