Ölkənin quru və dəniz yataqlarında neft-qaz hasilatını həyata keçirən SOCAR-ın “Azneft” İstehsalat Birliyi 2017-ci ilin ilk ayında əldə etdiyi hasilat göstəriciləri ilə uğurlu başlanğıc edib. Ümumilikdə cari ilin ilk ayında neft və qaz hasilatının düşmə tempinin qarşısını alınıb, uğurlu qazma əməliyyatları aparılmaqla artıma nail olunub. Bununla yanaşı, “Azneft” İstehsalat Birliyi kollektivinin həyata keçirdiyi texniki-geoloji tədbirlər nəticəsində istismar olunan quyulardan plandan əlavə neft-qaz çıxarılıb.
2017-ci ilin yanvar ayı ərzində “Azneft” İstehsalat Birliyi üzrə 535 min 40 ton plana qarşı, 537 min 406 ton neft hasil edilib. Plana 100,4 faiz əməl olunub. Yanvar ayı ərzində isə 438,3 milyon kubmetr qaz hasil edilib.
Yataqların tammiqyaslı istismara daxil edilməsi, yeni quyuların qazılması işi bu il də uğurla start götürüb. “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında planlaşdırıldığı kimi, 4 yeni quyu qazılaraq istismara verilib. Yeni quyuların qazılması nəticəsində 343 ton neft hasil edilib. Ötən ay fəaliyyətsiz quyu fondundan 2 quyu planlaşdırıldığı halda, 11 quyu istismara qaytarılıb. Bu quyulardan 663 ton neft hasil edilməsi planlaşdırıldığı halda, faktiki olaraq 1236 ton neft alınıb.
Neftin və qazın çıxarılma tempini saxlamaq və artırmaq üçün səmərəli geoloji-texniki tədbirlər aparılmaqla yanvar ayında 55 geoloji tədbir keçirilib, nəticədə 4401 ton neft hasil edilib ki, bu da plana qarşı 15 tədbir çox və 2871 ton artıq neft deməkdir. Həyata keçirilən texniki tədbirlər nəticəsində isə 3047 ton plana qarşı, 3568 ton neft hasil edilib.
Nail Rəhimzadə
“İki sahil”
SOCAR-ın prezidenti ABŞ Dövlət Departamentinin baş müşaviri və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri ilə görüşüb
"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub