İş yerlərində əmək normalarının işlənməsi zərərli parametrlərin ölçülməsi, iqtisadi təhlillər və biznes proseslərinin optimallaşdırılması kimi istiqamətlər xərclərin azaldılması, istehsalatda effektivliyin və səmərəliliyin artırılması kimi proseslərdə vacib və lazımlı amillərdən biridir. SOCAR-ın Əmək Şəraiti Normalarının İşlənməsi İdarəsi (ƏŞNİİ) artıq uzun illərdir ki, Şirkətin müəssisə və təşkilatlarında sadalanan sahələri özündə birləşdirərək fəaliyyət istiqamətini təsdiq edilmiş illik iş proqrama əsasən həyata keçirir.
Son illər SOCAR-ın həyata keçirdiyi bir çox beynəlxalq layihələrdə iştirak edən Əmək Şəraiti Normalarının İşlənməsi İdarəsi Şirkətin neft və qaz sənayesinin inkişafı üçün öz üzərinə düşən vəzifələri inamla yerinə yetirir. İdarə öz fəaliyyətini İSO-9001 “Keyfiyyət idarəetmə” və OHSAS - 18001 “Əməyin mühafizəsi və təhlükəsizliyi” beynəlxalq standartlarının tələblərinə uyğun olaraq yerinə yetirir.
ƏŞNİİ-nin rəisi Telman Məhəmmədov bildirir ki, müəssisədə əməyin təşkilinin əsas elementlərindən biri əməyin normalaşdırılmasıdır. Çünki dəqiq normalar işin icra edilməsinin ən əlverişli, məhsuldar və məqsədəuyğun formasının müəyyənləşdirilməsini özündə əks etdirir. Əməyin normalaşdırılmasında məqsəd zəruri əmək məsrəflərinin və onun nəticələrinin müəyyən edilməsi, müxtəlif qrupa daxil olan işçi sayı və avadanlıqların miqdarı arasında nisbətin müəyyən olunmasıdır. Bu normalar əməyin, istehsalın və idarəetmənin ən səmərəli təşkili səviyyəsinə uyğun olmalıdır. Konkret texniki-təşkilati şərait daxilində iş yerində müəyyən həcmdə işin yerinə yetirilməsinə sərf olunan iş vaxtı sərfinin ölçülməsi əməyin normalaşdırılmasının ən mühüm vəzifəsi hesab edilir. Hər bir iş yerində, müəssisədə vaxt sərfı üzrə daxili ehtiyatlar əmək məhsuldarlığını yüksəltməyin əlavə ehtiyatı olmaqla normalaşdırma vasitəsilə aşkar edilir. Bu ehtiyatların aşkar edilməsi və reallaşdırılması əməyin normalaşdırılmasının bilavasitə məqsədini təşkil edir. Bu baxımdan müəssisədə işlərin səmərəli təşkili üçün əmək prosesinin müxtəlif tərəflərini əks etdirən əmək normalarından istifadə olunur ki, SOCAR-da bu prosesi Əmək Şəraiti Normalarının İşlənməsi İdarəsi həyata keçirir. Belə ki, 2016-cı ildə Əmək normalarının işlənməsi şöbəsi təsdiq olunmuş illik plan üzrə SOCAR-ın daxilində olan müəssisələr üçün əmək normalarının normativ sənədlərinin işlənib hazırlanmasına dair tapşırıqları vaxtında, müvəffəqiyyətlə yerinə yetirib.
İşçilərin təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsi üçün əmək şəraitinin ağır və zərərliliyinin öyrənilməsinin əsas və vacib məsələlərdən biri olduğunu bildirən T.Məhəmmədov məlumat verdi ki, bu məqsədlə Əmək Şəraiti Normalarının İşlənməsi İdarəsi SOCAR-ın daxilində fəaliyyət göstərən müəssisə və təşkilatlarda əmək şəraitində faktiki vəziyyətin öyrənilməsi və qiymətləndirilməsi metodikasını uğurla həyata keçirir: “Belə ki, SOCAR tərəfindən təsdiq edilmiş qrafiklərə əsasən, 2016-cı il ərzində bir çox müəssisə və təşkilatlarda iş yerlərinin attestasiyası həyata keçirilib. 14 müəssisədə zərərli parametrlərin səviyyəsinin müəyyən edilməsi üçün 1433 iş yerində instrumental ölçmə işləri yerinə yetirilib. İl ərzində SOCAR-ın Mərkəzi Attestasiya Komissiyası tərəfindən daxil olan müraciətlərə əsasən, 12 müəssisədə növbədənkənar instrumental ölçmə işləri aparılıb.
İdarənin fəaliyyət istiqamətlərindən biri də SAP ERP sistemində SOCAR üzrə vahid normativ sorğu məlumat sisteminin yaradılması sahəsində işlərin yerinə yetirilməsidir. Bu istiqamətdə görülən işlərdən danışan ƏŞNİİ-nin rəisi vurğuladı ki, SAP ERP əl ilə yerinə yetirilən əməliyyatların payının azaldılmasına, biznes proseslərin unifikasiyasına və bir sıra vəzifələrin icrasının o cümlədən insan amilinin təsirinin azaldılması hesabına icrasının sürətləndirilməsinə imkan verən bir sistem olaraq SOCAR innovasiya İT həllərindən fəal istifadə edir: “Artıq uzun illərdir Şirkətdə miqyaslı biznes-transformasiya proqramı və SAP həllərinin bazasında biznes proseslərin avtomatlaşdırılması həyata keçirilir. Bu çərçivədə maliyyə və idarəçilik fəaliyyəti prosesləri, xarici logistika və personalın idarə olunması, həmçinin hesabatlılıq və sənəd dövriyyəsi avtomatlaşdırılıb. SAP həllərindən istifadə SOCAR-ın yeni şəffaflıq səviyyəsinin və biznes proseslərinin effektivliyinin əsasına çevrilib ki, bu da xarici investorların köməyi ilə biznesin inkişafı üçün əlverişli şəraitin yaradılmasına, həmçinin ölkə üçün strateji önəm daşıyan iri layihələrin reallaşmasına imkan verir.”
SOCAR-da tətbiq etdilən SAP ERP sisteminin modulları arasında optimal inteqrasiyasının təmin edilməsi zərurətilə SOCAR-ın “Vahid Normativ Sorğu Məlumat Sistemi”nin yaradılması layihəsi həyata keçirilir. Bu məqsədlə layihə çərçivəsində SAP ERP sistemində mövcud olan mal-material, kontragent və xidmət soraqçalarının kütləvi emalı, keyfiyyətsiz yazılardan təmizlənməsi, məsləhətçi şirkət tərəfindən təqdim olunmuş təsnifat üzrə bölüşdürülməsi, eləcə də sistemə daxil edilməsinin mərkəzləşdirilməsi üçün SOCAR-da SAP MDG alətinin tətbiqi uğurla davam etdirilir. T.Məhəmmədov qeyd etdi ki, SAP ERP sisteminin istehsalatın planlaşdırılması, Texniki xidmət və təmir, Layihələrin idarə olunması və Keyfiyyətə nəzarət modullarının tətbiqi ilə istifadə olunacaq master məlumatlara təsdiqlənmiş reqlamentə uyğun olaraq nəzarətin təşkili, onların SAP ERP sistemində yaradılması mexanizminin icrası Əmək Şəraiti Normalarının İşlənməsi İdarəsinin Normativ məlumat bazalarının idarə edilməsi şöbəsinə həvalə olunub və hazırda qarşıya qoyulmuş tapşırıqların icrası uğurla davam etdirilir: “İqtisadi təhlil sahəsində iqtisadi göstəricilərin toplanması, sistemləşdirilməsi, təhlili və həmin məlumatlar əsasında yeni maliyyə modellərinin hazırlanması idarənin İqtisadi göstəricilər və maliyyə modelləşdirilməsi şöbəsi tərəfindən həyata keçirilir. Neft və qazın qiymət təhlilinin, proqnozunun hazırlanması, SOCAR-ın strukturuna daxil olan müəssisələr üzrə illik və rüblük maliyyə-analitik hesabatlarının hazırlanması, Şirkətin strukturuna daxil olan qurumlar tərəfindən Baş ofisə təqdim olunan hesabatların sayının optimallaşdırılması, SOCAR-ın konsolidə olunmuş maliyyə hesabatları əsasında maliyyə-analitik hesabatının və müqayisə analizinin hazırlanması, SOCAR-ın aktivlərinin ümumi dəyərinin qiymətləndirilməsi işləri də adı çəkilən şöbə tərəfindən müvafq şəkildə yerinə yetirilir. Qeyd edək ki, cari il ərzində “SOCAR-ın 2016-cı il üzrə maliyyə-analitik hesabatı”, “Neft və qazın qiymət analizi”, SOCAR-ın strukturuna daxil olan müəssisələr üzrə 2016-cı ilin rüblük maliyyə analitik hesabatları tərtib edilərək Şirkətə təqdim olunub. Hazırda İqtisadi göstəricilər və maliyyə modelləşdirilməsi şöbəsinin mütəxəssisləri beynəlxalq audit şirkəti olan PwC ilə SOCAR-ın kooperativ maliyyə modeli üzərində işləyirlər. İşlər uğurla həyata keçirilir.”
ƏŞNİİ-nin rəisi vurğuladı ki, SOCAR-ın müvafiq sifarişi əsasında biznes proseslərinin optimallaşdırılması və tənzimlənməsi şöbəsi “Ernst &Young” beynəlxalq məsləhətçi şirkətinin nümayəndələri ilə birgə “əməliyyat effektivliyinin artırılması və məsrəflərin optimallaşdırılması”, eyni zamanda SOCAR müəssisələrində “Maddi-texniki vəsait ehtiyatının idarə edilməsi və tənzimlənməsi metodikası”nın tətbiqi kimi bir neçə böyük layihələrin həyata keçirilməsində iştirak edib. Qeyd olunan layihənin həyata keçirilməsində əsas məqsəd SOCAR-da istehsalat proseslərində mal-material ehtiyatlarının istifadə təyinatları üzrə təsnifləşdirilməsi və tələbatın optimal səviyyəsinin formalaşdırılması, qeyri-likvidlərin həcminin minimuma endirilməsi və belə növ ehtiyatlarla iş qaydalarının müəyyən edilməsi, təchizat proseslərində vaxt itkisi üzrə xərclərin və ehtiyatların saxlanma xərclərinin azaldılması, bir sözlə, dövriyyə vəsaitlərinin optimallaşdırılması üzrə vahid idarəetmə siteminin tətbiq edilməsidir. SOCAR-ın əsas istehsalat müəssisələrində layihələr üzrə işlər başa çatdırılıb və istismara buraxılıb.
İdarə rəisi onu da deyd etdi ki, SOCAR və “Ernst & Young” beynəlxalq məsləhətçi şirkət arasında bağlanmış müqaviləyə əsasən, Şirkətin idarə və müəssisələrində birgə həyata keçirilən layihələrinin icrası üzrə SOCAR-ın mütəxəssislərinə beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə məsləhətçi şirkət tərəfindən optimallaşmanın bir çox istiqamətləri üzrə təlimlər də keçirilib. Şirkətin İqtisadiyyat və Uçot İdarəsinin rəhbərliyinin və “Ernst & Young” beynəlxalq məsləhətçi şirkətin nümayəndəsinin iştirakı ilə təlim və layihələri müvəffəqiyyətlə başa vuran 24 nəfər SOCAR mütəxəssislərinə sertifikatlar təqdim edilib.
T.Məhəmmədov vurğuladı ki, neft sənayesinin inkişafında beynəlxalq səviyyəli, eləcə də dünya dövlətləri içərisində tanınmış şirkətlərdən biri sayılan SOCAR-da insan kapitalının inkişafı, səriştəli və ixtisaslı kadrların hazırlığı, eləcə də informasiya-kommunikasiya texnologiyalarının inkişafı həmişə diqqət mərkəzindədir: “Bu baxımdan SOCAR-ın Baş ofisinin sifarişi əsasında Əmək Şəraiti Normalarının İşlənməsi İdarəsi tərəfindən “SOCAR üzrə işlərin məmnunluq dərəcəsinin qiymətləndirilməsi” və “SOCAR-ın müəssisə və təşkilatlarında istifadəçilərin informasiya texnologiyaları və rabitə vasitələrinin keyfiyyəti və xidməti üzrə məmnunluq dərəcəsinin qiymətləndirilməsi” istiqamətində sosioloji sorğular aparılır. 2500-dən artıq respondent arasında aparılan sosioloji sorğuların məqsədi burada çalışan işçilərin rəylərini öyrənmək, SOCAR-ın fəaliyyətinin təkmilləşdirillməsinə ehtiyac olan faktorları aşkar edərək korporativ idarəetmənin təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsidir. Bununla yanaşı, idarə əmək şəraitinin idarə edilməsi üzrə yerli (lokal) normativ və metodiki xarakterli nümunəvi sənədlərin işlənilməsini, mövcud normativ sənədlərin təkmilləşdirilməsi üzrə tədqiqat işlərini yerinə yetirməklə müvafiq təkliflərin qanunvericiliklə müəyyən edilmiş qaydada hazırlanmasını təmin edir.”
Orxan Vahidoğlu, “İki sahil”
SOCAR-ın prezidenti ABŞ Dövlət Departamentinin baş müşaviri və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri ilə görüşüb
"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub