13 fevral 2017 23:34
351

OPEC üzvü olan Nigeriyada korrupsiya qalmaqalı

Korrupsiya ilə mübarizə aparan OPEC üzvü Nigeriyada sabiq neft naziri Diezani Alison-Maduekenin 37,5 milyon dollar məbləğində dəyərləndirilən evi nəzarətə götürülərək əlindən alınıb. Nigeriyada korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparan İqtisadi və Maliyyə Cinayətləri Komissiyası tərəfindən nəzarətə götürülən evlə bağlı yazılı açıqlamada “sabiq nazirə aid 37,5 milyon dollar dəyərindəki mülkün 2011-2012-ci illər aralığında satın alındığı” ifadəsi işlədilib. Komissiyanın açıqlamasında ayrıca olaraq keçmiş nazirin sözügedən evin sənədlərini adı göstərilməyən bir şirkətin üzərinə keçirməsi qeyd olunub.

Sabiq prezident Conatan Qudlokun hakimiyyətdə olduğu illərdə Nigeriyada neft naziri vəzifəsini icra edən Alison-Madueke korrupsiyaya qarşı aparılan mübarizə çərçivəsində istintaqa cəlb olunub. Hazırda İngiltərədə müalicəsi davam edən Alison-Madueke ötən ay mətbuata verdiyi açıqlamada nazir olduğu müddətdə bəzi səhvlər etdiyini etiraf etmiş, ancaq korrupsiya iddialarını qəbul etməmiş və ona qarşı qaldırılan ittihamları əsassız saymışdı.

Nigeriyanın Təhlükəsizlik Xidməti tərəfindən korrupsiya ilə mübarizə çərçivəsində həyata keçirilən xüsusi əməliyyatda daha öncə Beynəlxalq Neft Şirkətinin katibi Andre Yakubuya aid evdən də təxminən 10 milyon dollar məbləğində qanunsuz vəsait müsadirə olunub.

Xatırladaq ki, Nigeriyanın hazırkı prezidenti Məhəmməd Buhari 2015-ci ildə hakimiyyətə gəldikdən sonra korrupsiya və rüşvətxorluğa qarşı davamlı addımlar atmaqdadır. Ölkədəki korrupsiya ilə mübarizə çərçivəsində əvvəlki kabinetdə yer almış bəzi nazirlər başda olmaqla bir çox sabiq məmur cinayət məsuliyyətinə cəlb olunub. Aparılan ilkin istintaq tədbirlərinin nəticələrinə görə, Nigeriyada 6,8 milyard dollar məbləğində korrupsiya halının baş verdiyi ortaya çıxıb. Hazırda çoxlu sayda siyasətçi və hərbçilərin istintaqı davam etdirilir.

Həmidağa Məcidov, “İki sahil”