15 fevral 2017 15:10
243

IBM nümayəndə heyəti SOCAR-da olmuşdur

Fevralın 14-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev IBM şirkətinin baş vitse-prezidenti və “IBM-Avropa”nın sədri Erik Klementini qəbul etmişdir.

Qonağı səmimi salamlayan Rövnəq Abdullayev Azərbaycanın həyata keçirdiyi davamlı sosial-iqtisadi inkişaf və tərəqqi strategiyası çərçivəsində qazandığı uğurlardan söz açmış, respublikamızın regionun lider dövləti olduğunu qeyd etmiş, ölkəmizdə həyata keçirilən qlobal və regional əhəmiyyətli enerji layihələrindən danışmışdır. SOCAR-ın bu layihələrdə Azərbaycan dövlətini təmsil etdiyini söyləyən Rövnəq Abdullayev şirkətin öz fəaliyyətində daim innovativ texnologiyalara üstünlük verdiyini, neftin-qazın kəşfiyyatı, hasilatı, emalı və nəqlində elm və texnikanın ən son nailiyyətlərinin tətbiq olunduğunu bildirmiş, bu sahədə dünyanın qabaqcıl şirkətləri ilə məhsuldar, effektiv tərəfdaşlığın qurulduğunu qeyd etmiş, IBM ilə yaranan münasibətlərin genişlənməsini yüksək qiymətləndirmişdir. 

IBM şirkətinin baş vitse-prezidenti və “IBM-Avropa”nın sədri Erik Klementi öz növbəsində demişdir ki, təmsil etdiyi şirkət yarandığı gündən beynəlxalq bir qurum kimi fəaliyyət göstərir, dünyanın bir çox ölkələrində irimiqyaslı layihələr həyata keçirir və bu sahədə zəngin təcrübəyə malikdir. Qabaqcıl enerji şirkətləri, o cümlədən BP, Shell, Chevron, ExxonMobil, Statoil, OMV və digərləri ilə səmərəli qarşılıqlı tərəfdaşlıq əlaqələri qurmuş IBM-in Azərbaycan iqtisadiyyatının aparıcı şirkəti olan SOCAR-la əməkdaşlığa başlamasını əlamətdar hadisə adlandıran qonaq, SOCAR-IBM tərəfdaşlığının dünya enerji sənayesinin gələcək inkişafına xidmət edəcəyinə və Azərbaycanda həyata keçirilən regional və qlobal miqyaslı layihələrin irəliləməsinə əlavə stimul verəcəyinə əminliyini qeyd etmişdir. 

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da müzakirələr aparılmışdır.