28 fevral 2017 20:02
234

Azərbaycanın aqrar siyasətində qida təhlükəsizliyi daim diqqət mərkəzində saxlanılır

Azərbaycanın aqrar siyasətində qida təhlükəsizliyi daim diqqət mərkəzində saxlanılır. Muxtar respublikada da bu istiqamətdə kompleks işlər görülür, əhalinin keyfiyyətli məhsullarla təmin edilməsi ilə bağlı mühüm tədbirlər həyata keçirilir.

Naxçıvan Dövlət Universitetinin (NDU) mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu fikirlər universitetin iqtisadiyyat fakültəsində “Qida təhlükəsizliyi qloballaşan dünyanın mühüm problemlərindən biri kimi” mövzusunda təşkil olunan elmi-praktik konfransda səsləndirilib.

Tədbiri açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ölkəmizdə, o cümlədən muxtar respublikamızda insanların ekoloji cəhətdən təhlükəsiz şəraitdə yaşaması və təmiz qida ilə təmin olunması istiqamətində xeyli iş görüldüyünü qeyd edib.

Universitetin iqtisadiyyat fakültəsinin dekanı Mehdi Bağırov “Qloballaşma və Azərbaycan iqtisadiyyatı” adlı məruzəsində Azərbaycan Respublikasının 2014-2016-cı illər üzrə iqtisadi inkişaf dinamikasından bəhs edib. Bildirib ki, ötən il ölkəmizdə kənd təsərrüfatı üzrə fermerlərə 2 milyard manatdan çox güzəştli kreditlər verilib. Başlıca iqtisadi gəlirli sahə olan turizmə gəlincə, 2016-cı ildə Azərbaycana gələn turistlərin sayı 2 milyonu ötüb.

“Ərzaq təminatı strategiyasında qida təhlükəsizliyi vacib şərtdir” adlı məruzə ilə çıxış edən NDU-nun “Dünya iqtisadiyyatı” kafedrasının müdiri Ceyhun Mahmudov bildirib ki, qida təhlükəsizliyi milli genefondun qorunmasında və sağlam nəslin yetişdirilməsində təsiredici əsasları özündə cəmləşdirən amildir.

Həmin kafedranın dosenti Həsən Məmmədov “Yeyinti məhsullarının tərkibində olan kənar maddələrin insan orqanizminə təsiri” adlı məruzəsində qlobal iqtisadi problemlərin aradan qaldırılması üçün görülən işlərdən danışıb.

“Təhlükəsiz qida məhsullarının yaradılması istiqamətləri” adlı məruzə ilə çıxış edən “Dünya iqtisadiyyatı” ixtisası üzrə III kurs tələbəsi Tural Məmmədzadə vurğulayıb ki, insanların əmək məhsuldarlığının genetik potensialının azalması, ölüm hallarının artmasının başlıca səbəbi qida məhsullarının kifayət qədər yüksək olmayan ekoloji keyfiyyəti ilə bağlıdır.

Konfransın sonunda mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.