03 mart 2017 23:40
53457

Şəhidlər ölməz, Vətən bölünməz!

Dünyada hər şey gözəldir, lakin ən müqəddəs duyğu Vətəni özününkü olduğu üçün sevmək, qoynunda boya- başa çatdığın torpağın müqəddəsliyini hiss edib yolunda canından keçməyə hazır olmaqdır.

Tarixin hansısa səhifəsini vərəqləyib bir xalqın taleyinə yazılmış qəhrəmanlıq salnaməsinə diqqət yetirdikdə dəyişməyən bir həqiqətin şahidi olursan. İnsanlarda anadangəlmə hiss, duyğu olan, nəyinsə, kiminsə naminə canından belə keçmək cəsarəti  məqamı yetişəndə başqalarından fərqli xüsusiyyət mütləq özünü büruzə verir. İnsanı məhkum etmək olar, lakin şücaəti, mərdliyi, vətənpərvərliyi şərəfi və fədakarlığı boğmaq olmaz. Milli mənsubluğuna görə fərqlənən bu keyfiyyət insanın daxili gücünün, qətiyyətinin, bəzən də barışmazlığın, ədalətsizliyə qarşı mübarizliyin nümunəsi, məkanı isə müqəddəs sayılan şəhidlik zirvəsi olur.

...Müstəqillik əldə etdikdən sonra dilimizdə yaşam hüququ qazanan, 20 Yanvar faciəsindən başlayaraq Xocalıya uzanan, hələ də davam edən Dağlıq Qarabağ müharibəsinin ağrı-acısını ifadə edən şəhid sözü qəhrəmanlıq simvolu kimi də hər kəsdə qürur hissi oyadır. Ermənistanın Azərbaycana hərbi təcavüzü zamanı müstəqilliyimiz, ərazi bütövlüyü uğrunda qurban gedənlər hər qarış yurd yeri üçün canlarından keçərək müasir qəhrəmanlıq tariximizin səhifələrini dönməzlikləri, ölümün gözünə dik baxmaq bacarıqları ilə yazdılar.  Azərbaycanın hər bölgəsində and yeri kimi müqəddəslik qazanmış Şəhidlər xiyabanlarında əbədi məskən salmaqla gənclərimizə örnək oldular. Şəhidlərimiz ölümləri ilə bir həqiqəti təsdiqlədilər: qəhrəman o insandır ki, özünü həyat uğrunda mübarizələrdə ölümə qalib gəlməklə təsdiqləyir.

Müqəddəs amal uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan Milli Qəhrəmanlar Mübariz İbrahimov, bu günlərdə şəhidlik zirvəsinə ucalan Çingiz Qurbanov kimi bütün igidlərimiz davamçıları üçün nümunə, örnəkdir.

Döyüşlərdə mənfur düşmənə ağır zərbə vuran, layiqli dərs verən şəhidlərimiz qəhrəmanlıq salnaməsinə adlarını yazmaqla Vətənin bölünməzliyinə imza atdılar. Ermənilərin Xocavənd- Füzuli istiqamətində törətdikləri təxribatların qarşısını alarkən qəhrəmanlıqla həlak olan Aqşin Abdullayev, Şahlar Nəzərov, Tural Haşımlı, Zülfü Qədimov, Zakir Cəfərov, Elvin Əhmədov büründükləri üçrəngli bayrağımızın və uğrunda qurban getdikləri torpağımızın müqəddəsliyini qorudular. Qorudular ki, Azərbaycanın müstəqilliyi əbədi olsun. Dünya dövlətləri arasında sayılıb-seçilsin. Adı daim yüksəklərdə səslənsin. Prezident, Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, qələbə soraqlı bayrağımızın Xankəndidə, Şuşada, Kəlbəcərdə, Zəngilanda, Laçında... Azərbaycanın işğal altındakı digər ərazilərində dalğalanması naminə canlarından keçdilər.

Yalnız bu yolda canından keçməyi bacaran qəhrəmanlar yetirən xalqın şəhidi olur. Azərbaycan yenilməz, mübariz xalq olduğunu şəhidlik zirvəsinə ucalan övladlarının şücaəti, oğul itkisinə mətanətlə dözən müqəddəs anaların dəyanəti ilə də təsdiqləyir. 

Övladları kiçik ikən  ciyərparalarını “boyun qurbanı olum” deyərək sevib, oxşayan, qayğı ilə böyüdən şəhid anaları bütün Azərbaycan xalqının and yerinə çevrilən, ilk addımını atdığı torpaqlarımız uğrunda qurban gedən balaları ilə fəxr edərək “südüm sənə halal olsun” deyir. Qəhrəman oğullarımızın üstünlüyü ondadır ki, düşmənlə üz-üzə gələndə qorxmur, həyatla vidalaşanda da əzəmətini qoruyub saxlaya bilir. Azərbaycanın şəhid oğul və qızları ölümləri ilə də ermənilərə qalib gəlirlər. Amma başqalarının torpaqlarını zəbt etdikləri üçün layiq olduqları cavabı alan, öldürülən erməniləri şəhid adlandırmaq olmaz. Çünki onlar özlərinə məxsus olmayan torpaqlara oğru kimi soxularaq   tarixi ərazilərimizə sahib çıxmaq istəyirlər. Amma bilmirlər ki, özgə torpağına xor baxanın gözü kor, yurdu viran qalar, uzanan əli kəsilər. Erməni işğalçılarını təşvişə salan da Azərbaycanın müdafiə qüdrətinin üstünlüyü, hərb istəməsə də hərbə hazır olan əsgərlərimizin döyüş bacarığı, mətanəti, düşmənə qalib gəlmək əzmidir. Bu əzm Ermənistan üzərində zəfər çağırışıdır. Qüdrətli Ordumuzun uğurlu əməliyyatları göstərir ki, Dağlıq Qarabağ savaşı da Azərbaycanın qələbəsi ilə başa çatacaq. Xain düşmənin torpaqlarımızı murdarlayan nəfəsi kəsiləcək. Onda şəhidlərimizin nigaran ruhları rahatlıq tapacaq, səmamızdan yurdumuza boylanacaq, “Gözün aydın, Vətən!” deyəcək.

Xuraman İsmayılqızı, “İki sahil”