17 may 2017 16:14
1665

Heydər Əliyev ideyaları və Azərbaycanın neft-qaz sənayesində dərin islahatlar

Güclü, getdikcə daha da qüdrətlənən, sosial-iqtisadi yüksəliş tempinə görə dünyanın aparıcı dövlətləri ilə bir sırada dayanan, beynəlxalq birliyin nüfuzlu üzvü olan Azərbaycan Respublikası Heydər Əliyev dühasının şah əsəridir. Aydın və çevik siyasi təfəkkürə, əhatəli dünyagörüşünə, zəngin idarəçilik təcrübəsinə, misilsiz bilik və bacarığa malik bu fenomenal şəxsiyyət daim Azərbaycan xalqının rifahı naminə yorulmadan çalışmış, ölkəni inkişafın aqrar səviyyəsindən postindustrial səviyyəsinə gətirib çıxarmışdır. Məhz buna görə də Heydər Əliyevin adı dünyanın müasir siyasi salnaməsinə tarix yaradan nadir şəxsiyyətlərdən biri kimi yazılmışdır. O, bütün varlığı ilə bağlı olduğu xalqının şərəfli keçmişini daha işıqlı gələcəyi ilə vahid harmoniyada görərək, respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə onu daim irəli aparmış, zamanla ayaqlaşmağa səsləmişdir. Ötən əsrin ən mahir siyasətçilərindən biri kimi dünyanın politoloji dairələrində böyük hüsn-rəğbət qazanmış Heydər Əliyev fenomeni tarixdə şəxsiyyətin rolunu əks etdirmək baxımından bu gün də ümumbəşəri örnəkdir. Çünki bütöv bir xalqın yüzillik taleyini dəqiqliklə müəyyənləşdirmək qüdrəti yalnız müdrik dövlət xadimlərinə, nadir siyasi şəxsiyyətlərə nəsib olur. Tarix göstərir ki, Azərbaycan hər dəfə təhlükəli sınaqlarla qarşılaşanda ümummilli liderimiz Heydər Əliyev respublikanın sosial-iqtisadi perspektivlərini, prioritet istiqamətlərini dünyanın ümumi inkişaf tendensiyaları kontekstində zərgər dəqiqliyi ilə müəyyənləşdirmiş, ləngimələri, kənarlaşmaları vaxtında hiss etmiş, gərgin səylər bahasına ölkənin qlobal müstəvidə qalmasına nail olmuşdur. Zamanın nəbzini daim əlində saxlayan, çağırış və tələbləri Azərbaycanın ictimai potensialı və mövcud resursları ilə dialektik asılılıqda nəzərdən keçirən Heydər Əliyev ölkənin nicat və yüksəlişini davamlı inkişafda, gərgin fəaliyyətdə görmüş,  cəmiyyəti daim bu yöndə  səfərbər etmiş, müvafiq zəruri sosio-politik motivasiyalar yaratmışdır. 

Bəşər tarixinin industrial inkişaf mərhələsində keçmiş Sovetlər İttifaqının dünyanın qabaqcıl dövlətləri ilə müqayisədə geri qaldığını vaxtında görüb qiymətləndirən Heydər Əliyev ötən əsrin 60-cı illərində sənayenin müasirləşməsini, mövcud intellektual potensialın gücləndirilməsini Azərbaycanın yüksəlişi üçün başlıca amillər hesab edir və yanılmırdı. O yaxşı bilirdi ki, güclü, müasir iqtisadiyyat ölkənin əlverişli geosiyasi mövqelərə sahib olması üçün əsas şərtdir. Hələ o dövrdən dünyanın qloballaşmağa doğru getdiyini aydın şəkildə görən Ulu Öndər mümkün inkişaf qanunauyğunluqlarını dərindən araşdırmış, Azərbaycanın hərəkət istiqamətlərini ustalıqla müəyyən etmişdir. Onun irəli sürdüyü strateji kurs ölkəmizin daim irəliyə, gələcəyə yönəlmiş dəyişməz inkişaf vektoru, siyasi xarakteristika etibarilə Azərbaycanın qurtuluş və davamlı inkişaf doktrinasıdır.

Dünyanın siyasi xəritəsinə adı ötən əsrin 90-cı illərində yazılan Azərbaycan Respublikasının müstəqil inkişaf yolu ağır sınaqlardan keçdi. Ölkənin xarici təzyiq, hərbi təcavüz, daxili çəkişmələr məngənəsində sıxıldığı, ərazisinin 20 faizini itirdiyi, bir milyon vətəndaşının doğma yurd-yuvasından didərgin düşdüyü o çətin məqamda xalqımız vəziyyətdən çıxış yolunu öz əbədi liderinin siyasi  hakimiyyətə qayıdışında gördü, inamını, ümidini ona bağladı. Azərbaycanı böhranlı vəziyyətdən yalnız Heydər Əliyev dühası xilas edə bilər! Bu yekdil ictimai rəyin doğruluğunu tarix tezliklə sübuta yetirdi. Xalqın istəyi və təkidi ilə dövlətimizin sükanı arxasına keçən Ulu Öndər tez bir zamanda siyasi xaosa son qoydu, ölkənin uzunmüddətli inkişaf strategiyasını işləyib hazırlayaraq, iflic vəziyyətində olan iqtisadiyyatı qaldırmaq, sosial problemləri həll etmək üçün gərgin fəaliyyətə başladı. Unutmayaq ki, dövlət müstəqilliyini yuridik cəhətdən bərpa etmiş, lakin dünya birliyində özünü hələ faktiki olaraq təsdiqləyə bilməmiş Azərbaycanın siyasi rəhbərliyinə qayıdarkən Ulu Öndər hər şeyi yenidən başlamalı idi. Qədim dövlətçilik ənənələrinə malik xalqın bütün mövcud dövlət təsisatları deqradasiyaya uğramışdı, ölkə dərin və sistemli böhran keçirirdi. Müstəqilliyimizə qənim kəsilmiş qüvvələr erməni təcavüzkarlarının əli ilə xalqımıza qarşı soyqırımı siyasəti yeridirdilər. Digər bir tərəfdən isə dövlət suverenliyi bərpa olunduqdan sonra respublikada sərbəst bazar münasibətlərinə əsaslanan müstəqil milli iqtisadiyyatın və demokratik dövlətin formalaşdırılması günün tələbinə çevrilmişdi. Azərbaycanın dünya birliyinə inteqrasiyası qloballaşma prosesləri ilə eyni vaxta təsadüf edirdi. Müasir dünyada son dərəcə qabarıq nəzərə çarpan ümumi strateji tendensiyalar mövcud idi ki, yeni dövlət quruculuğu prosesində bunlar mütləq vahid məcrada birləşdirilməli idi. Qloballaşan dünyada milli maraqlarla ümumbəşəri maraqlar arasında “qızıl orta”nın tapılması, milli və planetar demokratik dəyərlər arasında təzada, ziddiyyətə deyil, nizama əsaslanan münasibətlərin müəyyənləşdirilməsi kimi mürəkkəb məsələlər həll olunmalı idi. Beləliklə, tarix Ulu Öndərin üzərinə yalnız suveren deyil, həm də müasir bir dövləti yoxdan var etmək missiyası qoymuşdu və O, həmin missiyanı zamanın hökmü kimi qəbul edərək, gərgin səyləri bahasına ləyaqətlə yerinə yetirirdi. Qarşıda duran əsas problem, əlbəttə ki, ölkə daxilində ictimai-siyasi sabitliyin bərqərar edilməsi idi. Ulu Öndər bu haqda deyirdi: “Daxili ictimai-siyasi sabitlik olmayan yerdə demokratiya ola bilməz. Daxili ictimai-siyasi sabitlik olmayan yerdə islahatlar keçirmək olmaz. Sabitlik olmayan yerdə iqtisadiyyat inkişaf edə bilməz”. Bu sahədə görülən radikal tədbirlər (cəbhədə atəşkəsə nail olunması, qanunsuz silahlı hərbi birləşmələrin ləğv edilməsi, diplomatik fəaliyyətin intensivləşməsi və s.) tezliklə nəticə verdi və bazar münasibətlərinə əsaslanan siyasi-iqtisadi sistemin inkişaf etdirilməsi naminə genişmiqyaslı sosial-iqtisadi proqramların həyata keçirilməsi üçün münbit zəmin yarandı. İctimai həyatımızın bütün sahələrində - siyasi, sosial-iqtisadi, hüquqi və digər sahələrdə aparılan islahatlar bu proqramın əsasını təşkil edirdi. Ulu Öndərin qeyd etdiyi kimi, “bəzi obyektiv səbəblər üzündən islahatların keçirilməsinə başqa ölkələrə nisbətən gec başlayan” Azərbaycanda özəlləşdirmə proqramı, torpaq islahatı, xüsusi mülkiyyətin, sahibkarlığın inkişafı proqramı və başqa çoxsaylı iqtisadi, sosial islahatlar keçirildi. Ulu öndər Heydər Əliyev deyirdi: “Bizim yolumuz islahatlar yoludur. Yolumuz bazar iqtisadiyyatının inkişaf etdirilməsi yoludur. Yolumuz sahibkarlığın inkişaf etdirilməsi yoludur. Yolumuz, ümumiyyətlə, sərbəst iqtisadiyyatın Azərbaycanda bərqərar olunması, özəlləşdirmə prosesinin sona çatdırılması yoludur. Biz bu yolla gedirik. Bu, asan yol deyildir. Bir çox ölkələr, o cümlədən iqtisadi cəhətdən inkişaf etmiş ölkələr bu yolu on illərlə, bəzən də yüz illərlə keçiblər”.

Azərbaycanın dövlət müstəqilliyinin de-yure bərpa olunmasından əsrin dörddə biri qədər vaxt keçir. Başqalarının onilliklər, yüzilliklər ərzində qət etdiyi yolu biz bu qısa müddətdə keçə bilmişik. Uğurlu sosial-iqtisadi islahatların nəticələri xalqımızın gündəlik həyatında, məişətində, maddi rifah halının yüksəlməsində bilavasitə hiss olunur. Ölkənin daxili inkişafı ilə paralel xarici reputasiyası da dinamik surətdə yüksəlir. İrimiqyaslı sosial infrastruktur layihələri həyata keçirilir. Müasir Azərbaycan dövləti milli müstəqilliyimizin xilaskarı olan Heydər Əliyevin yorulmaz fəaliyyəti sayəsində 25 il bundan əvvəlkindən köklü şəkildə fərqlənir və bu fərqlər göz qabağındadır: dünyəvi, hüquqi və demokratik dövlət, milli mənəvi dəyərlərinə sahib çıxmış müasir, gənc və enerjili cəmiyyət, iqtisadiyyatın, elmin, mədəniyyətin, təhsilin misilsiz inkişafı heyranlıq doğurur. Lakin bütün bunlar bir göz qırpımında baş verməyib, Ulu Öndər və onun ən layiqli davamçısı müdrik Prezidentimiz cənab İlham Əliyev Azərbaycanı bugünkü nailiyyətlərə addım-addım gətirmişlər. Mühüm keyfiyyət mərhələlərindən birini isə, heç şübhəsiz, Azərbaycanın qədim neft-qaz sənayesinin “Əsrin müqaviləsi” ilə başlanan yeni yüksəliş dövrü təşkil etmişdir.

“Əsrin müqaviləsi”nin imzalanması, start götürməsi, geosiyasi əhəmiyyəti barədə indiyə qədər çox deyilib, çox yazılıb və hələ bundan sonra da tarixçilərin hər bir nəsli bu hadisəyə öz dövrünün çağırışları baxımından münasibət bildirəcəkdir. Çünki bu saziş Azərbaycanın dövlət müstəqilliyini de-fakto təsdiqləyən, onun dünya birliyinə üzvi surətdə inteqrasiyasına, beynəlxalq enerji bazarında bugünkü mövqeyi tutmasına əlverişli imkanlar açan epoxal bir sənəd idi. Təsadüfi deyil ki, bu saziş həyata keçirildiyi müddətdə Azərbaycanın ictimai həyatının bütün sahələrinə nüfuz etmiş, qazanılan nailiyyətlərin təməlində durmuşdur. Ulu öndər Heydər Əliyev bu sənədin uzaq və daha xoş gələcəyə yönəldiyini xüsusi vurğulayaraq deyirdi: “Əsrin müqaviləsi” ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkan yaradacaq. İnanıram ki, XXI əsr Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaq”. Ulu Öndərin uzaqgörənliklə söylədikləri həqiqətə çevrilib. İqtisadiyyatımız və onun avanqard qüvvəsi olan, ölkənin ümumi inkişaf dinamikasına uyğun irəliləyən, müasirləşən qədim neft-qaz sənayemiz, onun lokomotivi SOCAR yüksəliş yolundadır. İlk növbədə qeyd olunmalıdır ki, “Azəri”, “Çıraq” yataqlarında və “Günəşli” yatağının dərinsulu hissəsində “Əsrin müqaviləsi” çərçivəsində işlənmənin əvvəlindən 2016-cı ilin sonuna qədər 416 milyon ton neft və 128 milyard kubmetr qaz hasil olunmuşdur. Karbohidrogenlərin qəbulu, saxlanılması və dünya bazarlarına çıxarılması məqsədlərinə xidmət edən təhlükəsiz neft və qaz kəmərləri sistemi yaradılmışdır. Ulu Öndərin adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri Azərbaycan iqtisadiyyatına yeni nəfəs gətirmişdir. Bu, yalnız nəhəng maliyyə resursları ilə yox, həm də saziş çərçivəsində reallaşdırılmış 30-dan artıq infrastruktur layihəsinin qeyri-neft sektorunun inkişafına verdiyi töhfələrlə ölçülür. Ötən müddətdə AÇG layihəsinə 4 minə yaxın yerli müəssisə və şirkət cəlb olunmuşdur.

“Əsrin müqaviləsi” həm də sonradan həyata keçirməyə başladığımız regional və qlobal əhəmiyyətli layihələrin təməl daşı oldu. Yeni yataqlar kəşf edildi, Azərbaycanın karbohidrogen ehtiyatları şərti yanacaqla 10 milyard tona çatdırıldı. Hazırda SOCAR 15 ölkənin 23 şirkəti ilə imzalanmış sazişlərdə Azərbaycan dövlətini təmsil edir. Xarici tərəfdaşlarla əməkdaşlıqdan əldə olunan intellektual kapital Şirkətimiz üçün maliyyə gəlirlərindən heç də az əhəmiyyət daşımır. Birlikdə yaratdığımız yeni istehsal gücləri, müəssisələr, alyanslar və s. yerli mütəxəssislərin dünya standartları səviyyəsində yetişməsində mühüm rol oynayır. SOCAR “Şahdəniz” yatağının işlənilməsinin 2-ci mərhələsi çərçivəsində hasil olunacaq qaz həcmlərini Avropa bazarlarına nəql etmək üçün həyata keçirilən “Cənub Qaz Dəhlizi” layihəsində həm istehsalçı, həm də səhmdar kimi öncül rol oynayır. 2016-cı il sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə “Şahdəniz-2” platformasının ilk dayaq bloku dənizə yola salındı. Cənab Prezident öz çıxışında dayaq blokunun tikintisinin bütövlüklə Azərbaycanda, SOCAR-ın tam modernləşdirilmiş dünya səviyyəli istehsalat sahələrində yerli şirkətlər tərəfindən həyata keçirildiyini vurğuladı. Qeyd olundu ki, “Şahdəniz-2” neft-qaz sənayemiz tarixində tikinti-quraşdırma işlərinin tam həcmdə ölkə daxilində yerinə yetirildiyi ilk layihədir. “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının bu ilin fevralında Bakıda keçirilmiş 3-cü iclasında iştirakçı ölkələrin, ABŞ və Avropa Komissiyasının yüksək rütbəli nümayəndələri tərəfindən bu nəhəng layihə çərçivəsində görülən işlərdə Azərbaycanın aparıcı rolu bir daha nəzərə çatdırıldı.

Yeni neft strategiyası çərçivəsində qazanılan nailiyyətlər haqqında çox danışmaq olar. Mən bunların bir neçəsini xatırlatmaqla kifayətlənirəm. Xəzərin Azərbaycan sektorunda, demək olar, bütünlüklə iki və üçölçülü dəqiq seysmik kəşfiyyat işləri aparılmış, alınan nəticələr ümumiləşdirilmiş və modelləşdirilmişdir. AÇG sahəsində isə dördölçülü təkrar seysmik tədqiqatlar texnologiyası geniş tətbiq olunur. Qabaqcıl müasir metodlar arasında yüksək hasilatla işləyən quyularda qum tıxacının, kollektorların dağılmasının qarşısını alan texnologiyaların tətbiqini, neftvermə əmsalının yüksəldilməsi üçün su ilə yanaşı, səmt qazının da təkrarən laya vurulmasını, horizontal quyuların qazılmasını və s. qeyd etmək olar. İndi neftçilər laylarda neftin xassələrinə təsir göstərərək süzülmə qabiliyyətini artırmaq, neft-mədən avadanlıqlarını korroziyadan qorumaq məqsədilə səmərəli tədbirlər görür, borularda parafin və duz çökməsinə, laydan quyu dibinə qum və suyun keçməsinə qarşı müxtəlif fiziki-kimyəvi üsullardan istifadə edirlər. Bir sözlə, SOCAR neft-qaz əməliyyatlarını bütün seqmentlərdə inkişaf etdirir. Qarşıda istər ölkə daxilində, istərsə də xaricdə yeni seqmentlərin mənimsənilməsi vəzifəsi dayanır. Bir neçə il əvvəl Bakıda Gəmiqayırma Zavodu inşa edib istismara verdik. Bu zavod hazırda sualtı əməliyyatlar üzrə ixtisaslaşmış “Xankəndi” gəmisinin və digər dəniz nəqliyyat vasitələrinin tikintisi ilə məşğuldur. Xəzərdə qazma işlərinin intensivləşdirlməsi məqsədi ilə müasir tələblərə cavab verən 6-cı nəsil yarımdalma qazma qurğusunun inşa edilməsi məsələsi ortaya çıxanda da zavodun imkanlarından istifadə etdik. Dənizin 1000 metr dərinliyində 12 min metr qazma gücünə malik qurğunun pantonları və üst göyərtələri burada tikilib istifadəyə verildi. Göründüyü kimi, SOCAR bu gün artıq dünənki şirkət deyil, sabah isə bugünkündən də irəli getməlidir. Səbəb aydındır və belə bir sadə qanunauyğunluğa əsaslanır ki, neft sənayesində innovativ rəqabət ilbəil artır, qarşıya çıxan vəzifələr mürəkkəbləşir, texnoloji meyarlar yüksəlir. Beynəlxalq neft-qaz bazarı son dərəcə qloballaşmış, inkişafın hüdudları coğrafi sərhədlərlə nisbətdə ölçüyəgəlməz miqyaslar almışdır. İnkişaf və uğur milli deyil, transmilli keyfiyyət kəsb edir, müqayisələr də müvafiq olaraq planetar miqyasda aparılır. Ulu Öndərin “bizim yolumuz islahatlar yoludur” kəlamı bu mənada SOCAR üçün, ümumilikdə Azərbaycanın neft-qaz sənayesi üçün konseptual əhəmiyyət daşıyır.

Azərbaycan dünya bazarında təkcə xam neftin və qazın ixracatçısı kimi deyil, həm də neft və neft-kimya məhsullarının istehsalçısı kimi layiqli yer tutur. Emal və kimya məhsullarımız hazırda ABŞ, İtaliya, Misir, Çin də daxil olmaqla onlarla ölkəyə ixrac edilir. Bu məhsulların istehsalına ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü, rəhbərliyi və təşkilatçılığı ilə tikilib istifadəyə verilmiş mövcud emal və neft-kimya qurğuları imkan yaratmışdır. Ötən dövrdə qarşıda duran sosial-iqtisadi vəzifələrin öhdəsindən layiqincə gəlmək, habelə ixrac öhdəliklərinə vaxtında əməl etmək üçün həmin qurğular davamlı olaraq təkmilləşdirlmiş, mövcud imkanlar daxilində müasirləşdirilmiş, səmərəlilik əmsalı artırılmışdır. Lakin məlumdur ki, yanacaq və kimya məhsullarının kəmiyyət və keyfiyyət göstəricilərinə verilən tələblər durmadan dəyişir və artır. İstehsal olunan dizel yanacağının və avtomobil benzinlərinin keyfiyyətcə Avropa standartlarına yaxınlaşdırılması, rentabellik, ekoloji məqsədəuyğunluq hazırda bütün növ neft və qaz məhsullarının istehsalında başlıca kriteriyalardır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev neft emalı və neft-qaz kimyası sənayesində aparılan dərin islahatların daha bir vacib şərti kimi şaxələndirməni, məhsul və istehsal istiqamətlərinin diversifikasiyası xəttini irəli sürmüş və dünya bazarında qiymətlərin kəskin şəkildə aşağı düşdüyü son illərdə bu strateji xətt Azərbaycan iqtisadiyyatına böyük dividendlər gətirmişdir. Xam neftin qiyməti aşağı düşdüyü halda neft-qaz və neft-kimya məhsullarının gəlirliliyi artmışdır. Türkiyədəki ən böyük aktivimiz olan “Petkim” Petrokimya Holdinqinin timsalında biz bunu aydın şəkildə görə bilirik. Təxminən 40 ölkəyə 500 milyon dollar civarında ixracat reallaşdıran və xalis gəlirlərini ilbəil artıran holdinq uğurla fəaliyyət göstərir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Neft-kimya sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında” 2 aprel 2010-cu il tarixli Sərəncamı ölkədə neft emalı və neft-qaz kimyası müəssisələrinin ahəngdar inteqrasiyası, vahid komleksdə birləşdirilməsi və innovativ inkişaf müstəvisinə keçirilməsi baxımından dönüş nöqtəsi olmuş, davamlı islahatların əsasını qoymuşdur. O vaxta qədər müstəqil fəaliyyət göstərən “Azərikimya”, SOCAR-ın tərkibində İstehsalat Birliyi statusunda fəaliyyətə başlamış, bununla da vaxtı keçmiş və mənəvi cəhətdən yararsız hala düşmüş, Sumqayıtda ekoloji duruma mənfi təsir göstərən bir sıra istehsalat sahələrinin ləğv edilməsi və yeni nəsil neft-kimya kompleksinin yaradılması istiqamətində işlərə start verilmişdir. Bir neçə vacib qurğu tikilib istismara buraxılmış, neft emalı zavodundan xammal alınması üçün etibarlı kommunikasiya xətləri yaradılmışdır. Nəticədə kimya məhsullarının istehsal və ixracında irəliləyişə nail olunmuş, məhsuldarlıq artmış, enerji daşıyıcılarına qənaət dəfələrlə yüksəlmişdir. Eyni zamanda Sumqayıtda Kimya Sənaye Parkının yaradılması üçün bütün zəruri tədbirlər həyata keçirilmişdir. Məlum olduğu kimi, sənaye parkları respublikamızda innovativ sənayeyə keçid baxımından son dərəcə mühüm əhəmiyyət kəsb edən yeni tipli müəssisələrdir. SKSP-da xammal kimi “Azərikimya” İB-nin məhsullarından istifadə edilməklə əlavə dəyər yaradan müxtəlif çeşidli yekun istehlak mallarının istehsalı nəzərdə tutulur. SOCAR bu məqsədlə parkın nəzdində illik istehsal gücü 180 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilen olan modern qurğular inşa edir. İndiyə qədər Azərbaycanda polipropilen istehsal olunmadığını nəzərə alsaq, görərik ki, inşaat işlərinin böyük hissəsi artıq başa çatan zavodun istismara buraxılması ölkəmizdə bu məhsula tələbatın ödənilməsi ilə bərabər respublikanın ixrac potensialını da artıracaqdır. Təsadüfi deyil ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı dərin məzmunlu nitqində ötən ilin nailiyyətləri sırasında Sumqayıtda yaradılan sənaye parklarını xüsusi vurğulamışdır: “Bizim artıq bir neçə sənaye parkımız var. Onların sırasında Sumqayıtdakı iki parkın fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm – Texnologiyalar Parkı və Kimya Sənaye Parkı. Sumqayıt Kimya Sənaye Parkında böyük müəssisələrin yaradılması prosesi davam edir. Oraya qoyulan investisiyaların həcmi bir milyard dolları ötüb”.

SOCAR-ın neft emalı və neft-qaz kimyası kompleksində aparılan dərin islahatlar çərçivəsində inşa etdiyi azot gübrəsi-karbamid zavodu “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na əsasən beynəlxalq standartlara uyğun məhsulun istehsal olunması məqsədi daşıyır ki, bu da aqrar sektorun inkişafı baxmından böyük əhəmiyyətə malikdir. Layihə üzrə işlər ümumilikdə 90% tamamlanmışdır. Tikintinin bu il başa çatması və zavodun gələn ilin əvvəlində istismara verilməsi planlaşdırılır. Müəssisədə əsas xammal kimi təbii qazdan istifadə olunacaqdır. Qaz xammalına əsaslanan yeni tipli “SOCAR-Polimer” və Karbamid zavodlarının inşası qısa müddətdə iqtisadiyyatın daha artıq şaxələndirilməsinə, aqrar sektorun, kiçik və orta biznesin inkişafına güclü təkan verəcəkdir.

Neft emalı və neft-qaz kimyasının vahid kompleksdə birləşdirilməsi və istehsal zəncirinin tamamlanması seqmentlərin qarşılıqlı fəaliyyətində müstəsna rol oynamışdır: yeni inşa olunan zavodlar xammal kimi “Azərikimya”nın, o isə Heydər Əliyev adına Neft Emalı Zavodunun məhsullarından istifadə edir. Buradan da zəncirin bütün həlqələrində ahəngdar iş tsiklinin təminatı məsələsi qarşıya çıxır. Təsadüfi deyil ki, Heydər Əliyev adına NEZ və “Azərikimya”da aparılan yenidənqurma tədbirləri də yeni zavodların inşası ilə eyni vaxtda həyata keçirilir. Aparılan islahatlar ayrı-ayrı sahələri deyil, bütün sistemi əhatə edir. Heydər Əliyev adına NEZ-də modernizasiya prosesi istehsal olunan dizel yanacağının və avtomobil benzinlərinin Avro-5 standartına çatdırılması, yeni bitum istehsalatının yaradılması, reaktiv mühərrik yanacağının kəmiyyət və keyfiyyətcə yüksəldilməsi, istismar xərclərinin azaldılması və s. ilə birlikdə “Azərikimya”nın qaz xammalı - propan-propilen, butan-butilen fraksiyaları və s. quru qazlarla daha etibarlı təminatını da nəzərdə tutur. “UOP”, “Fluor”, “KBR”, “Axens”, “AMEC Foster Wheeler” kimi dünyada məşhur şirkətlərin cəlb edildiyi islahatlar zamanı ilkin emal, katalitik krekinq kimi mövcud qurğular əsaslı təmir edilərək, yenidən qurulacaq, bir sıra yeni qurğular inşa olunacaq, zavodun istehsal gücü ildə 6 milyon tondan 7,5 milyon tona qaldırılacaq, istismar müddəti isə 2035-ci ilədək artırılacaqdır. Analoji islahatlar paralel olaraq “Azərikimya” İB-də də aparılır: qurğular tikilir, müasir tələblərə uyğun şəkildə yenidən qurulur, yararsız olanlar yeniləri ilə əvəzlənir və s. Misal üçün, EP-300 istehsalatında yeni rəqəmsal idarəetmə sisteminin tətbiq edilməsi müəssisədə tam təhlükəsiz iş şəraitinin yaradılması, enerji effektivliyinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Mərhələli şəkildə aparılan kompleks yenidənqurma işləri 2019-2021-ci illərdə yekunlaşmalıdır. Bu prosesin başa çatması ilə ölkəmizin enerji müstəqilliyi daha da möhkəmlənəcək, yanacaq məhsullarının rəqabət qabiliyyəti yüksəldiləcək, innovativ səciyyəli yeni istehsal müəssisələrinin yaradılması üçün möhkəm əsaslar yaranacaq, Bakı və Sumqayıtın ekoloji durumu daha da yaxşılaşacaqdır. Fəaliyyətinə xitam verilmiş və Heydər Əliyev adına NEZ-ə birləşdirilmiş “Azərneftyağ” NEZ-in əraziləri boşaldılacaq və təmizlənəcəkdir. “Azərikimya” İB-nin yenidənqurma planında gündəlik 2600 kubmetr gücündə istehsalat-tullantı sularının təmizlənməsi qurğusunun inşası nəzərdə tutulur ki, bu da Xəzər dənizinə atılan suların maksimal dərəcədə təmizlənməsinə və ya təmizlənmiş suların irriqasiya məqsədi ilə istifadə olunmasına imkan yaradacaqdır.    

SOCAR son illərdə ölkəmizdə geniş vüsət almış ekoloji hərəkatın öncüllərindəndir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu il yanvarın 19-da Ümumdünya Davos İqtisadi Forumunda çıxışı zamanı neft-qaz sənayesində aparılan ekoloji islahatlardan ətraflı söz açaraq demişdir: “Azərbaycanda, xüsusilə Xəzər dənizinin bizə aid olan hissəsində neft-qaz əməliyyatları tamamilə beynəlxalq standartlara uyğun surətdə aparılır. Azərbaycan, Bakı 1847-ci ildə dünyada neftin ilk dəfə istehsal olunduğu məkandır. Həmin vaxtda və XX əsrin əksər hissəsində ekoloji məsələlər prioritet sayılmırdı. Odur ki, biz müstəqilliyimizi bərpa etdikdən sonra həmin amilə görə ətraf mühitin çirklənməsi nöqteyi-nəzərdən çox çətin vəziyyətdə idik. Xüsusilə Abşeron yarımadasını, Xəzər dənizini nəzərdə tuturam. Biz bu əraziləri təmizləmək üçün yüz milyonlarla dollar xərcləmişik və xərcləməkdə davam edirik”. Həqiqətən də, möhtərəm Prezidentimizin tapşırığına əsasən, son illərdə mədən ərazilərinin, xüsusilə Xəzərin Azərbaycan sektorunun neft və neft məhsulları ilə çirklənməsinin, istilik effekti yaradan qazların atmosferə atılmasının qarşısının alınması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilmişdir və bu tədbirlər tam gücü ilə davam edir. Abşeron yarımadasında çirklənmiş torpaqların təmizlənməsi və remediasiyası layihəsi üzrə mövcud risklər modelləşdirilmiş, mədən ərazilərində lay sularının qapalı sistemdə utilizasiyası, torpaqların rekultivasiyası, abadlaşdırma və yaşıllaşdırma işləri sürətləndirilmişdir. 2016-cı ildə Şirkətin neft-qazçıxarma müəssisələrində ətraf mühitin əsas çirklənmə mənbələrindən biri olan lay sularının qapalı sistemdə utilizasiyası 88%-dən 100%-ə çatdırılmışdır.

Ötən il Tullantıların İdarə Edilməsi Mərkəzinin açılışı oldu. Bu, MDB və Xəzər regionunda neft sənayesində formalaşan istehsalat tullantılarının emalı və idarə edilməsi üzrə llk və yeganə mərkəzdir. Məhsuldarlığı ildə 100 min ton təşkil edən Mərkəzin istismara verilməsi nəinki SOCAR-a və neft-qaz sənayesində fəaliyyət göstərən tərəfdaşlarımıza, həm də respublikanın digər sənaye müəssisələrinə istehsalat və məişət tullantılarının emalı və utilizə edilməsi üzrə işlərin daha yüksək səviyyədə qurulması üçün əlavə imkan yaradacaqdır. 

Qlobal istiləşmə və iqlim dəyişmələri bu gün bütün bəşəriyyəti narahat edir. Bu istiqamətdə Dünya Bankının Tərəfdaşlıq (GGFR) təşkilatı ilə 2008-ci ildən çalışan SOCAR Bankın “2030-cu ilə qədər səmt qazının normal hasilat prosesində yandırılmasının sıfıra endirilməsi” Təşəbbüsünə də qoşulmuşdur. 2012-ci ildən etibarən istehsalat prosesləri zamanı alçaq təzyiqli səmt qazının yandırılmasının azaldılması üzrə bir neçə layihə işlənib həyata keçirilmişdir. “28 May” və “Neft Daşları” yataqlarında səmt qazının utilizasiyası üzrə layihəmiz Dünya Bankı tərəfindən yüksək qiymətləndirilmiş və “Award Exellence” mükafatına layiq görülmüşdür. Ötən il atmosferə atılan səmt qazının yığılması istiqamətində uğurlu nəticələr əldə olunmuş, bu həcm 2015-ci illə müqayisədə 10,8% azalmışdır. 2017-2020-ci illər üzrə tədbirlər planında “28 May”, “Neft Daşları” və “Abşeronneft” NQÇİ-lərdə yeni vakuum kompressor stansiyalarının tikintisi və kompressor qurğularının quraşdırılması nəzərdə tutulmuşdur ki, bu da  atmosferə qaz tullantılarının “sıfır” həddinə endirilməsində əhəmiyyətli rol oynayacaq.

SOCAR öz xarici tərəfdaşlarını da ekoloji layihələrə cəlb edir. 2013-cü ildə “BP-Azərbaycan” şirkəti ilə birgə həyata keçirdiyimiz “Çıraq” platformasında “Yumşaq qoruyucu təhlükəsizlik divarı” layihəsi şamda yandırılan səmt qazının həcminin 1,2%-ə qədər azalması ilə nəticələndı. Hazırda hər gün orta hesabla 300 min kubmetr alçaq təzyiqli qaz yığılaraq sistemə ötürülür. Bu layihə də beynəlxalq miqyasda rezonans doğurmuş, GGFR-ın Ekspert Şurası tərəfindən Ali Mükafata layiq görülmüşdür. 2015-ci ildə isə Dünya Bankının Baş ofisində Bankın rəhbəri Cim Yonq Kim, BMT-nın o vaxtkı baş katibi Pan Gi Mun, müxtəlif neft ölkələrinin yüksək vəzifəli şəxslərinin, nəhəng  neft şirkətlərinin rəhbərlərinin iştirakı ilə keçirilmiş tədbirdə SOCAR xüsusi qonaq və məruzəçi qismində iştirak etmiş, Şirkətin fəaliyyəti yüksək qiymətləndirilmişdir.

Bu gün SOCAR-ın qarşısında böyük enerji və biznes imkanlarına malik beynəlxalq şirkətlərlə rəqabət apara bilən güclü və modern bir qurum kimi həm ölkə daxilində, həm də xaricdə investisiya fəaliyyətini genişləndirmək vəzifəsi durur. Xaricdə həyata keçirdiyimiz layihələr ölkəmizin ümumi strateji inkişafına xidmət edir. Xam neftin qiyməti yüksək olduğu illərdə neft şirkətləri sərmayələrini əsasən, hasilata, hətta işlənməsi çox baha başa gələn yataqların istismarına yatırmağa üstünlük verirdi. Biz isə risklərin azaldılması və səmərəliliyin yüksəldilməsi məqsədi ilə şirkətin investisiya portfelini şaxələndirməyə, eləcə də müxtəlif istiqamətlərdə yeni bazarlara çıxmağa çalışırdıq. Türkiyədə “Petkim”i, Gürcüstanda Kulevi “Black Sea” Terminalını o zaman aldıq, İsveçrədə treydinq şirkətimizi o zaman qurduq, Rumıniyada, Ukraynada gəlirli aktivlər əldə etdik, STAR neft emalı zavodu, Petlim limanı, konteyner terminalı kimi perspektivli inşaat layihələrinə sərmayələr yatırdıq. İndi bu layihələr mənfəət gətirməyə başlamışdır. Düzgün investisiya strategiyası nəticəsində hər il aktivlərimizin dəyəri ilə bərabər, Şirkətin dövriyyə kapitalı da artır. Cari gəlirlərimizi investisiya layihələrinə yönəldirik. Hazırda həyata keçirdiyimiz layihələrin başa çatdırılması Azərbaycana on milyardlarla sabit gəlir gətirəcək, ölkəmizin davamlı inkişafına, xalqımızın rifah halının daha da yaxşılaşdırılmasına xidmət edəcəkdir.

Dünya bazarında səmərəli fəaliyyət göstərmək üçün maliyyə hesabatlarının və idarəçilik modellərinin beynəlxalq standartlarına keçid, konsolidə olunmuş hesabatların peşəkar auditi, müasir informasiya-kommunikasiya texnologiyalarından effektiv istifadə zəruri şərtlərdir və apardığımız islahatların mühüm istiqamətlərini təşkil edir. SOCAR Azərbaycanda Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına keçmiş ilk dövlət qurumlarından biridir. Bu prosesdə standart uçot və konsolidasiya mexanizminin hazırlanması məqsədi ilə beynəlxalq təşkilatlarla uzunmüddətli razılaşmalar əldə olunmuş, SAP ERP sisteminin maliyyə uçotu, idarəetmə uçotunun təşkili, alış və satış əməliyyatlarının uçotu, fəaliyyətin büdcə proqnozlaşdırılması, məhsul istehsalı, xəzinədarlıq, istehsalatın planlaşdırılması, texniki xidmət və təmir, keyfiyyətə nəzarət, ehtiyatların, risklərin, layihələrin, hasilatın idarə edilməsi üzrə modulları və alt modulları tətbiq edilmişdir. Artıq bir neçə ildir ki, Şirkətin maliyyə hesabatları beynəlxalq standartlara uyğun təqdim edilir. Bu sahədə “Ernst & Young”, “Fitch Ratings”, “Standard & Poor’s”, “Moody’s” kimi tanınmış audit şirkətləri və reytinq agentlikləri ilə səmərəli əməkdaşlıq qurulmuşdur. Karbohidrogenlərin hasilatı üzrə qərarların səmərəliliyinin artırılması məqsədini daşıyan “neft-qaz hasilatının idarə edilməsi” modulunun tətbiqini xüsusi qeyd etmək istərdim.  Bu modul vasitəsi ilə hasilat prosesinə dair məlumatlar (hər quyu üzrə hasilatın faktiki həcmi, ölçmələr, təmirə tələbat və s.) tam avtomatlaşdırılmışdır ki, bu da əməliyyatların operativ idarə olunmasına imkan yaradır. Mobil avadanlıqlar vasitəsi ilə istənilən anda hasilat prosesinə müdaxilə etmək mümkündür. Bundan başqa, Geoloji Mədən Verilənlər Bazasının da yaradılması üçün əməli işlər görülmüş, neft və qazçıxarma, eləcə də qazma üzrə quyu məlumatları tam həcmdə toplanıb, ODLAR KV Bazasına köçürülmüş, geoloji və geofiziki xəritələrin rəqəmsal variantları da bazaya yüklənmişdir. Bu və digər yeniliklər SOCAR-ın işgüzar nüfuzunu yüksəldir.

Çevik idarəçilik yüksək rəqabətli bazar şəraitində xüsusilə vacib amildir. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən islahatlar kursunun SOCAR-ın timsalında qazandığı uğurlardan danışarkən “Azəriqaz” İstehsalat Birliyində aparılmış struktur islahatlarını xatırlatmaq yerinə düşər. Möhtərəm Prezidentimizin 2009-cu il 7 iyul tarixli “Neft və qaz sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında” Sərəncamında deyilir: “Mövcud sahələrarası maneələr, paralel qurumlar sahənin kompleks şəkildə inkişaf etdirilməsində, investisiyaların cəlb edilməsində və texnoloji sistemin tam şəkildə yenidən qurulmasında müəyyən məhdudiyyətlər yaradır. Bununla bağlı idarəetmə sisteminin təkmilləşdirilməsi və itkilərin azaldılması yolu ilə səmərəliliyinin artırılması hesabına qazın nəqli və təchizatında operativ idarəetmə mexanizmləri təşkil edilməlidir”. Sərəncama əsasən, “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyəti SOCAR-ın tərkibinə verildi və qaz təsərrüfatının inkişafında idarəçilik islahatları mərhələsi başlandı. Aparılan təkmilləşdirmə proqramları, sənayenin və əhalinin qaz təminatının yaxşılaşdırılması, itkilərin aradan qaldırılması, uçot sisteminin müasir İKT əsasında yenidən qurulması “Azəriqaz”ın inkişafında ciddi irəliləyişlərə səbəb oldu. Əvvəllər bu qurum üç və daha çox pilləli idarəetmə strukturuna malik idi ki, bu da bir xidmət sahəsi üçün operativ nəzarət və idarəetmənin etibarlılığı baxımından məqsədəuyğun deyildi. Eyni funksiyalı, yaxud da kiçik əraziləri əhatə edən strukturların birləşdirilməsi səmərəliliyin yüksəldilməsində mühüm rol oynadı. Hazırda “Azəriqaz” İB çevik və mobil struktur mexanizminə malik xidmət sahəsi kimi daha məhsuldar fəaliyyət göstərir. Bakıda və Abşeron yarımadasında movcud abonentlərin smart tipli qaz sayğacları ilə təchiz olunması,  “ASAN xidmət” mərkəzlərində müraciətlərin operativ cavablandırlması, 104 və 185 qaynar telefon xətlərinə malik çoxfunksiyalı “Çağrı mərkəzi”nin yaradılması, qaz sızmalarının vaxtında aşkar olunması üçün müasir cihazlarla təchiz edilmiş, qazın təhlili üzrə ixtisaslaşmış podratçı təşkilatlarla əməkdaşlıq izafi xərclərin aradan qaldırılmasına, şəffaflığın artırılmasına səbəb olmuşdur. Struktur islahatları bölgələrin qazlaşdırılmasında, eləcə də regionların sosial–iqtisadi inkişafının sürətləndirilməsinə dair Dövlət Proqramında nəzərdə tutulan digər tədbirlərin vaxtında yerinə yetirilməsində böyük əhəmiyyət kəsb etmişdir. Real mənzərəni aydın görmək üçün bir fakta nəzər salaq: 2009-cu ilin sonunda respublika üzrə ümumi qazlaşma səviyyəsi 62,3% təşkil edirdisə, hazırda bu göstərici 92%-ə qalxıb. Əhali kateqoriyasından olan qeydiyyata alınmış abunəçilərin sayı 2 milyondan çoxdur.

İşçilərinin sayına görə ölkəmizin ən böyük Şirkəti olan SOCAR insan kapitalını özünün ən dəyərli aktivi hesab edir. Fikrimcə, insan resurslarının inkişafına qoyulan investisiya eyni zamanda Şirkətin gələcəyinə yatırılır. İşçilərin sosial rifahının yaxşılaşdırılmasını, peşəkarlıq imkanlarının genişləndirilməsini və karyera yüksəlişini fəaliyyətimizdə prioritet istiqamətlərdən hesab edirik. İdarəçilikdə və strukturda baş verən dəyişikliklər yeni elmi biliklərə, analitik düşüncəyə, çevik qərar qəbul etmə qabiliyyətinə malik təşəbbüskar gənc kadrların hazırlanmasını gündəmə gətirmişdir. Bu məqsədlə SOCAR bir tərəfdən ehtiyac duyulan ixtisaslar üzrə dünyanın tanınmış universitetlərinə daxil olan azərbaycanlı tələbələrin təhsilini maliyyələşdirir, digər tərəfdən respublikamızın ali məktəblərində Təqaüd Proqramı həyata keçirir. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Şirkətin strukturunda təsis olunmuş Bakı Ali Neft Məktəbində yüksək səviyyəli mühəndislər hazırlanır. SOCAR təqaüdü ilə təhsil alan tələbələr şirkət tərəfindən daim dəstəklənir, Yay Məktəbi, Ödənişli Yay Təcrübəsi layihələrində iştirak edir, onların ən layiqliləri universiteti bitirdikdən sonra gənc mütəxəssis statusunda ixtisaslarına uyğun işlə təmin olunurlar. SOCAR gənclərin öz potensiallarını ifadə etmələri, istedad və bacarıqlarını qısa müddətdə üzə çıxarmaları üçün də müvafiq tədbirlər hazırlayıb həyata keçirir. Personalın idarə edilməsi sahəsində daha effektiv nəticə əldə etmək məqsədilə bu yaxınlarda start verilmiş üçillik “İnsan resurslarının idarə edilməsi proseslərinin transformasiyası” layihəsi əməkdaşların potensialını Şirkətin biznes hədəfləri istiqamətində səfərbər etmək məqsədini daşıyır. İşçinin səriştəlilik dərəcəsi və fəaliyyətinin effektivliyini qiymətləndirərək, onun karyera inkişafı üçün geniş perspektivlər açan layihə vəzifələr üzrə səriştəliliyin (müəyyən konkret vəzifənin yerinə yetirilməsi üçün tələb olunan bilik, bacarıq, davranışların məcmusu) müəyyənləşdirilməsi yolu ilə mövcud vakansiyalara daha keyfiyyətli namizədlərin təqdim olunmasını təmin edir. Qeyd etmək lazımdır ki, bu proseslərin şəffaflığını təmin etməkdən ötrü SAP sistemi əsasında yeni proqram təminatının istifadəyə verilməsi nəzərdə tutulur. 

Beləliklə, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında yeni dövrün tələblərinə uyğun həyata keçirilən enerji strategiyası ölkəmizdə gedən dərin islahatlara mühüm töhfələr verir, Azərbaycanı inkişafın zirvəsinə doğru aparır, iqtisadiyyatın digər sahələrinin də bu inkişafa qoşulması üçün möhkəm zəmin yaradır. 

Rövnəq Abdullayev,
SOCAR-ın prezidenti, Milli Məclisin deputatı