SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin (İB) bütün istehsalat sahələrini əhatə edən yenidənqurma, rekonstruksiya və modernizasiya işləri kadr siyasətində də özünü göstərir. Yeni qurğu və avadanlıqların quraşdırılması, kompyuter sistemi ilə idarəetmə, eyni zamanda bu qurğu və avadanlıqları problemsiz işlədə biləcək yeni ixtisaslı fəhlə və ali təhsilli mühəndis kadrlarına tələbat bu istiqamətdə müəyyən addımların atılmasını zəruri edir.
“Azərikimya” İB SOCAR-ın İnsan Resursları Departamenti ilə birgə bu məsələnin həlli istiqamətində xüsusi tədbirlər proqramı işləyib həyata keçirir. Bunlardan biri də bu ilin yanvar ayında “Azərikimya” İB-nin Etilen-polietilen zavodunda iki aylıq ödənişli istehsalat təcrübəsi keçmək üçün elan olunmuş müsabiqədir. Mühəndis-mexanik, mühəndis-energetik, nəzarət-ölçü cihazları və avtomatika üzrə mühəndis, mühəndis-texnoloq və kimya mühəndisliyi ixtisasları üzrə elan olunmuş müsabiqəyə 150 nəfərə yaxın bakalavr təhsilli, əsas etibarilə Sumqayıt qeydiyyatında olan gənc müraciət etmişdi. SOCAR-ın İnsan Resursları Departamenti nümayəndələrinin və “Azərikimya” İB-nin Etilen-polietilen zavodunun mütəxəssislərinin iştirakı ilə keçirilən ilkin seçim müsabiqəsində daha fəal olan və sualları düzgün cavablandıran 31 nəfər gənc kadr növbəti mərhələyə vəsiqə alıb və “Azərikimya”da iki aylıq ödənişli təcrübə keçmək hüququ qazanıb. Artıq ikinci aydır ki, gənclər Etilen-polietilen zavodunun müxtəlif istehsalatlarında kimyaçılar ailəsinin bərabərhüquqlu üzvü kimi təcrübə keçirlər.
Bu gənclərin iki aylıq təcrübə dövründəki fəaliyyətlərini, təcrübə keçdikləri sahə və ümumilikdə gələcək karyeraları ilə bağlı məqsədlərini öyrənmək üçün yolumuzu Etilen-polietilen zavodunun istehsalatlarına saldıq. Gənclərlə görüşüb söhbət etdik. Gəlin, onlarla özlərinin təqdimatında tanış olaq:
Emin Alışov: - 2007-ci ildə Sumqayıt Dövlət Universitetinin energetika fakültəsini mühəndis-energetik ixtisası üzrə bitirmişəm. Etilen-polietilen zavodunun Buxar və elektrik enerjisi istehsalatında 9-cu dərəcəli elektrik mühəndisi kimi təcrübə keçirəm. Təcrübə rəhbərim BGK-nın energetiki Aydın Əliyevdir. Bu vaxta qədər “BM”, “ATL İnfrotex” və “Atilla” şirkətlərində kamera və elektrik üzrə mütəxəssis kimi çalışmışam. Niyyətim taleyimi SOCAR-la, konkret olaraq isə “Azərikimya” İstehsalat Birliyi ilə bağlamaqdır.
Fərrux Mahmudov: - 2015-ci ildə Sumqayıt Dövlət Universitetinin Mühəndislik fakültəsini bitirərək metrologiya, standartlaşdırma və sertifikatlaşdırma üzrə mühəndis ixtisasına yiyələnmişəm. 2015-ci ilin iyulundan 2016-cı ilin iyuluna qədər hərbi xidmət borcumu yerinə yetirmişəm. Buxar və elektrik enerjisi istehsalatında NÖC və Avtomatika üzrə mühəndis kimi təcrübə keçirəm. Təcrübə rəhbərim BGK-nın NÖC və avtomatika üzrə mühəndisi, metroloq əvəzi İlham Əliyevdir.
Murad Muradov: - 2015-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Energetika fakültəsini istilik energetika mühəndisliyi ixtisası üzrə bitirmişəm. Buxar və elektrik enerjisi istehsalatında mühəndis-texnoloq kimi təcrübə keçirəm. Təcrübə rəhbərim Buxar və elektrik enerjisi istehsalatının rəisi İlqar Səmədovdur.
Xalid Qasımzadə: - 2014-cü ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İstehsalat proseslərinin avtomatlaşdırılması fakültəsini proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə bitirmişəm. 2015-ci ildən ADNSU-nun İnformasiya texnologiyaları və idarəetmə fakültəsində texnoloji proseslərin avtomatlaşdırılması üzrə magistr təhsili alıram. Metroloji təminat və avtomatika sahəsində NÖC və Avtomatika üzrə 9-cu dərəcəli mühəndis kimi təcrübə keçirəm. Təcrübə rəhbərim Metroloji təminat və avtomatika sahəsinin rəisi İbrahim Həsənovdur.
Toğrul Novruzov: - 2016-cı ildə ADNSU-nun İnformasiya texnologiyaları və idarəetmə fakültəsini texnoloji proseslərin avtomatlaşdırılması mühəndisi ixtisası üzrə bitirmişəm. Elə həmin ildən də həmin fakültədə texnoloji proseslərin avtomatlaşdırılması üzrə magistratura təhsili alıram. Piroliz qazının sıxılması və təmizlənməsi sahəsində NÖC və Avtomatika üzrə mühəndis kimi təcrübə keçirəm. Təcrübə rəhbərim Metroloji təminat və avtomatika sahəsinin rəisi İbrahim Həsənovdur.
Roman Məmmədli: - 2014-cü ildə Azərbaycan Texniki Universitetinin Texnoloji maşınlar fakültəsini texnoloji maşınlar və avadanlıqlar mühəndisi ixtisası üzrə bitirmişəm. Hərbi xidməti başa vurduqdan sonra müxtəlif işlərdə, o cümlədən “ATEF” şirkətlər qrupunda satınalma mütəxəssisi və Abşeron şərab zavodunda operator vəzifələrində çalışmışam. Amma həmişə arzum öz ixtisasım üzrə işləmək olub. Burada - avadanlıqların təmiri və emal üzrə istehsalatda 9-cu dərəcəli mühəndis-mexanik kimi təcrübə keçirəm. Təcrübə rəhbərim avadanlıqların təmiri və emal üzrə istehsalatın rəis müavini Arif Əliyevdir.
Vasif Abdulov: - 2014-cü ildə ADNSU-nun Neft mexanika fakültəsini mexanika mühəndisi ixtisası üzrə bitirmişəm. 2014-2016-cı illərdə isə ADNSU-nun mexanika fakültəsində mexanika mühəndisi ixtisası üzrə magistr təhsili almışam. Hazırda Avadanlıqların təmiri və emal üzrə istehsalatda mühəndis-mexanik kimi təcrübə keçirəm. Təcrübə rəhbərim avadanlıqların təmiri və emal üzrə istehsalatın rəis müavini Arif Əliyevdir. Qeyd edim ki, bundan öncə “ETB”-də operator kimi 4 aylıq təcrübə keçmişəm.
Fərid Sadiyev: - 2014-cü ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Energetika fakültəsini elektrik mühəndisliyi ixtisası üzrə bitirmişəm. 2016-cı ildən ADNSU-nun Energetika fakültəsində elektrik mühəndisliyi ixtisası üzrə magistr təhsili alıram. Elektrik avadanlıqlarının təmiri və istismarı sahəsində mühəndis-energetik kimi təcrübə keçirəm. Təcrübə rəhbərim Elektrik avadanlıqlarının təmiri və istismarı sahəsinin rəisi İslam Sərxanovdur. Qeyd edim ki, 2013-cü ildə “Neftqaztikinti” Trestinin 1 saylı Tikinti-Quraşdırma Bölümündə 2 aylıq təcrübədə olmuşam.
Xəyyam Abışov: - 2010-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasının (indiki ADNSU) Energetika fakültəsini elektrik təchizatı ixtisası üzrə bitirmişəm. 2010-2013-cü illərdə Energetika fakültəsində elektrik təchizatı ixtisası üzrə magistratura təhsili almışam. Təhsilarası hərbi xidmət borcumu yerinə yetirmişəm. Elektrik avadanlıqlarının təmiri və istismarı sahəsində mühəndis-energetik kimi təcrübə keçirəm. Təcrübə rəhbərim Elektrik avadanlıqlarının təmiri və istismarı sahəsinin rəis müavini Atakişi Xanbabayevdir. 2014-cü ildə “ATEF” şirkətlər qrupunda mühərriklərin layihələndirilməsi şöbəsində çalışmışam.
Münəvvər Cabbarlı: - 2016-cı ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Energetika fakültəsinin elektrik stansiyaları bölümünü mühəndis-energetik ixtisası üzrə bitirmişəm. Universitetin Energetika fakültəsinin elektrik stansiyaları üzrə magistr təhsili almaq niyyətindəyəm. Artıq müsabiqənin birinci mərhələsindən keçmişəm, bir müddət sonra isə 2-ci mərhələ üçün imtahan verəcəyəm. Etilen istehsalatının elektrotexniki laboratoriyasında 9-cu dərəcəli mühəndis qismində təcrübə keçirəm. Təcrübə rəhbərim Elektrotexniki laboratoriyanın rəisi Seyman Axundovdur.
Elvin Həmzəli: - 2016-cı ildə ADNSU-nun Energetika fakültəsini elektrik mühəndisliyi ixtisası üzrə bitirmişəm. Piroliz qazının sıxılması və təmizlənməsi sahəsində 9-cu dərəcəli mühəndis qismində təcrübə keçirəm. Təcrübə rəhbərim Piroliz qazının sıxılması və təmizlənməsi sahəsinin energetiki Nəsib Abdullayevdir.
Aysel Yunusova: - 2016-cı ildə Qafqaz Universitetinin (indiki Bakı Mühəndislik Universiteti) Kimya mühəndisliyi fakültəsini mühəndis ixtisası üzrə bitirmişəm. Etilen-polietilen zavodunun idarəetmə aparatının Texniki-istehsalat şöbəsində 9-cu dərəcəli mühəndis qismində təcrübə keçirəm. Təcrübə rəhbərim Texniki-istehsalat şöbəsinin baş texnoloqu Firudin Nəcəfovdur. Bundan öncə - 2014-cü ilin iyul-avqust aylarında “Halliburton” LTD-də təcrübədə olmuşam. Tələbəlik dövründə 3 il “Yaşıl kimyaçılar” klubunun sədr müavini vəzifəsini icra etmişəm.
Nüşabə Səfərova: - 2010-cu ildə indiki ADNSU-nun Kimya-texnologiya fakültəsinin kimya mühəndisliyi ixtisası üzrə bakalavr pilləsini bitirmişəm. 2013-2015-ci illərdə Qafqaz Universitetində (indiki Bakı Mühəndislik Universiteti) Ekologiya mühəndisliyi ixtisası üzrə magistratura təhsili almışam. Etilen-polietilen zavodunun idarəetmə aparatının Texniki-istehsalat şöbəsində 9-cu dərəcəli mühəndis qismində təcrübə keçirəm. Təcrübə rəhbərim Texniki-istehsalat şöbəsinin baş texnoloqu Firudin Nəcəfovdur. Bundan öncə - 2014 və 2015-ci illərdə SOCAR-ın Ekologiya İdarəsində hər il 2 ay olmaqla ödənişli yay təcrübəsində olmuşam. 2015-ci ildə SOCAR-ın daxili təqaüd proqramının qalibi adını qazanmışam. Həmçinin 2016-cı ildə NORM MMC-də SƏTƏM üzrə 2 aylıq təcrübədə olmuşam.
Asif Yusifli: - 2015-ci ildə Sumqayıt Dövlət Universitetinin Kimya və biologiya fakültəsini bitirərək, kimya mühəndisi ixtisasına yiyələnmişəm. 2015-ci ilin iyulundan 2016-cı ilin iyuluna qədər hərbi xidmət borcumu yerinə yetirmişəm. Etilen-polietilen zavodunun idarəetmə aparatının Texniki-istehsalat şöbəsində 9-cu dərəcəli mühəndis qismində təcrübə keçirəm. Təcrübə rəhbərim Texniki-istehsalat şöbəsinin baş texnoloqu Firudin Nəcəfovdur. Bundan öncə - 2014-cü ilin yayında bir ay “Azərikimya” İB-də, bir ay da “Petkim”də yay təcrübəsində olmuşam.
Gənc kadrlarla birbaşa təcrübə keçdikləri sahələrdə görüşdük. Təcrübə rəhbərlərinin münasibətini öyrəndik. Gənclərin söylədiklərini ümumiləşdirərək belə bir qənaətə gəldik ki, hər biri “Azərikimya”nın istehsalat sahələrində təcrübə keçmələrindən çox məmnundur.
Təcrübə rəhbərləri ilə söhbətdən sonra onların da gənc təcrübəçilərlə bağlı həmfikir olduqlarını gördük. Yekdil fikir isə belə idi:
- Müəssisəmizdə olan təcrübəçilərin demək olar ki, hamısı çalışqan, məsuliyyətli və özlərinə qarşı tələbkardır. Davranışları, nizam-intizamlı olmaları ilə seçilirlər, qavrama qabiliyyətləri qaneedicidir. Hər bir təcrübəçi üçün aylıq, eyni zamanda həftəlik və gündəlik plan tutulub, təcrübəni də bu plana uyğun keçirik. Həmçinin ev tapşırıqları verməklə biliklərini bir az da artırırıq. Hər günün də nəticəsinin qeydiyyatını apararaq, davamlı olaraq zavod direktoruna və Birlik rəhbərliyinə məruzə edirik. Çalışırıq ki, iki ay ərzində bu gənclərə maksimum təcrübi bilik verə bilək. Hiss olunur ki, onlar da çalışqanlıqları, işə məsuliyyətlə yanaşmaları ilə göstərilən etimadı doğrultmaq istəyirlər.
Biz istehsalat sahələrində olarkən “Azərikimya” İstehsalat Birliyinin İstehsalat proseslərinin avtomatlaşdırılması, mexanika və energetika şöbəsinin rəis müavini Rövşən İsgəndərov da gənclərlə söhbət-müsahibə aparır, onların təməl biliklərini yoxlayırdı. R.İsgəndərovun da gənclərlə bağlı fikirlərini öyrəndik:
- Mən bu gənclərin bizim sahəyə aid olan 9 nəfəri ilə söhbət aparıb, onları sözün yaxşı mənasında sorğu-suala çəkmişəm. Bunlardan 4-5 nəfərinin hazırlığı, bilik səviyyəsi məni tam qane edib. Digərlərinə də pis demək olmaz, amma öz üzərilərində bir az da ciddi çalışsalar daha yaxşı olar. Bir müsbət cəhət də ondadır ki, bu təcrübəçilərin hamısı bu sahəyə maraqlı və talelərini kimya sənayesi ilə bağlamaq istəyən gənclərdir. Çalışqan, məsuliyyətli, özlərinə qarşı tələbkar, davranışları, nizam-intizamlı olmaları ilə seçilən bu gənclərin sabahına böyük ümidlər bəsləmək olar.
Orxan Vahidoğlu, “İki sahil”
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb