SOCAR-ın Kompleks Qazma İşləri Trestində əmək kollektivi ilə görüşlər davam etdirilir. Bu ənənəyə Trestin müdiri İskəndər Şirəlinin təşəbbüsü ilə bu ilin əvvəlindən start verilib. Məqsəd Trestin işçilərinin istək və təkliflərini dinləmək, onları narahat edən bəzi problemləri operativ şəkildə həll etməkdir.
Qeyd edək ki, bu günə kimi “Bulla-8 Mart-Ümid”, “Neft Daşları” istehsalat bölümlərinin əməkdaşları ilə görüşlər keçirilib.
Növbəti görüş bu günlərdə “Günəşli” İstehsalat Bölümünün 14 və 112 saylı dərin dəniz stasionar özüllərinin kolektivi ilə olub.
Kompleks Qazma İşləri Trestinin müdiri İskəndər Şirəli görülən işlər, qarşıda icrası gözlənilən planlar barədə ətraflı məlumat verib. Bildirilib ki, Trestin hazırkı fəaliyyəti dünya standartları səviyyəsində qurulub, bütün qazma işləri, texnoloji proseslər ən müasir qurğu və avadanlıqlar cəlb edilməklə beynəlxalq standartlar səviyyəsində aparılır.
SOCAR rəhbərliyinin Kompleks Qazma İşləri Trestinin fəaliyyətini yüksək qiymətləndirdiyini deyən müdir əlavə edib ki, görüşdə iştirak edən kollektivin də burada böyük əməyi var və onların bütün fəaliyyəti daim Trest rəhbərliyinin diqqətindədir. Qazmaçıların əmək şəraitinin də beynəlxalq standartlara uyğunlaşdırılmasının zəruriliyini vurğulayan İskəndər Şirəli bu məsələnin şəxsən SOCAR prezidenti Rövnəq Abdullayevin nəzarətində olduğunu diqqətə çatdırıb. SOCAR prezidentinin qazmaçılara olan yüksək diqqət və qayğısından danışan Trest müdiri qazmaçıların da bu qayğıya yüksək peşəkarlıqla cavab verdiklərini bildirib. Qeyd edilib ki, Şirkət rəhbərliyi tərəfindən qarşıya qoyulan bütün tapşırıqlar vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilib.
Sonra Trestin baş mühəndisi Fazil Ramazanov, müdir müavinləri Faiq Hüseynov, Səday Allahverdiyev, İsmayıl Qurbanov, müdirin müşaviri Ədalət İmaməliyev çıxış edərək öz tövsiyələrini veriblər.
Görüşdə Trestin əməkdaşları mənzil, kurslarda iştirak zamanı əmək haqqının ödənilməsi, karyera yükşəlişi və s. mövzularda onları maraqlandıran məsələlərdən danışıblar. İqtisadiyyat Uçot Departamentinin rəisi Rəsul Quliyev, Kadrlar şöbəsinin rəisi Sübhan İsmayılov, Personal və əmək haqqı şöbəsinin rəisi Mircavad Ağalarov, Məxfi rejim və hərbi səfərbərlik şöbəsinin rəsi Teymur Əliyev, Sosial şöbənin rəisi Nazim Əhmədov iştirakçıların suallarını cavablandırıblar.
Nail Rəhimzadə, “İki sahil”
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb