16 may 2017 14:51
370

“Cənub Qaz Dəhlizi” beynəlxalq əməkdaşlığın uğurlu formatıdır

Azərbaycanın təşəbbüsü və liderliyi ilə uğurla reallaşdırılan, Avropanın enerji xəritəsinin zənginləşdirilməsində, enerji mənbələrinin şaxələndirilməsində mühüm rol oynayacaq XXI əsrin layihəsi adlandırılan “Cənub Qaz Dəhlizi layihəsi”nə beynəlxalq maliyyə dəstəyi gündən-günə genişlənir.

“Asiyanın rifah və tərəqqisini birlikdə quraq” devizi altında 2017-ci il 4-7 may tarixlərində Yaponiyanın Yokohama şəhərində Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının illik Toplantısı çərçivəsində “Cənub Qaz Dəhlizi” QSC və qurum arasında “Şahdəniz” qaz-kondensat yatağının islənməsi layihəsinin dəstəklənməsi məqsədilə 500 milyon dollar məbləğində kreditin ayrılmasına dair müqavilə və Zəmanət sazişi imzalanması bunun əyani sübutudur.

Bir müddət bundan əvvəl Transanadolu Qaz Boru Kəməri (TANAP) layihəsinin tikintisi üçün Azərbaycan dövlətinin zəmanəti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı tərəfindən “Cənub Qaz Dəhlizi” QSC-yə ayrılmış kredit xətti üzrə  146,3 milyon ABŞ dolları məbləğində, habelə Asiya İnfrastruktur İnvestisiya Bankı tərəfindən ayrılmış kredit xətti üzrə 219,5 milyon ABŞ dolları məbləğində ikinci maliyyə tranşı baş tutub. Dünya Bankının Direktorlar Şurasının 2016-cı il 20 dekabr tarixli qərarına əsasən, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı tərəfindən kredit ayrılmasına dair imzalanmış müqaviləyə uyğun olaraq, TANAP layihəsinin tikintisi üçün Azərbaycan dövlətinin zəmanəti ilə “Cənub Qaz Dəhlizi” QSC-yə 30 il müddətinə 400 milyon ABŞ dolları məbləğində kredit xətti ayrılıb. Bununla yanaşı, Asiya İnfrastruktur İnvestisiya Bankının Direktorlar Şurasının 2016-cı il 21 dekabr tarixli qərarına əsasən, kredit ayrılmasına dair imzalanmış müqaviləyə uyğun olaraq, TANAP layihəsinin tikintisi üçün Azərbaycan dövlətinin zəmanəti ilə “Cənub Qaz Dəhlizi” QSC-yə 30 il müddətinə 600 milyon ABŞ dolları məbləğində kredit ayrılıb.

Azərbaycanın siyasi iradəsi və əzmi, tərəfdaş ölkələrin, beynəlxalq maliyyə təşkilatlarının Azərbaycan qazının Avropaya çatdırılması layihəsi üzrə işlər çox irəliləyib. O cümlədən, “Şahdəniz” yatağının işlənməsinin 2-ci mərhələsi üzrə işlər 90%, Cənubi Qafqaz Qaz Kəmərinin Bakıdan Gürcüstan-Türkiyə sərhədinə qədər genişləndirilməsi üzrə işlər 80%, TANAP-ın tikintisi üzrə işlər 65%, Trans-Adriatik Qaz Kəmərinin tikintisi üzrə işlər isə 34% yerinə yetirilib.

Prezident İlham Əliyev 2017-ci il fevralın 23-də “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısındakı nitqində bildirib ki, bu məsələdə tərəflər çoxdan sövdələşmə dövrünü keçərək, mümkün problem və gecikmələrin həlli yollarında vahid cəbhədən çıxış edirlər: “Hesab edirəm ki, biz nadir və xüsusi beynəlxalq əməkdaşlıq formatını yaratmağa müvəffəq olmuşuq. Əlbəttə ki, müxtəlif dövlət, şirkət və maliyyə qurumları arasında əməkdaşlıq təcrübəsi “Cənub Qaz Dəhlizi”nin uğurla həyata keçirilməsinin əsas səbəbi olmaqla yanaşı, gələcəkdə də özünün əhəmiyyətli rolunu oynayacaq. Çünki bu qlobal layihənin icrası başa çatdırıldıqdan sonra, bizim əməkdaşlığımız müxtəlif sahələr üzrə davam edəcəkdir”.

Zahid Rza, “İki sahil”