18 may 2017 00:32
436

Neft-qaz əməkdaşlığı mövzusunda dəyirmi masa keçirilib

Pekində “Bir kəmər-bir yol” konsepsiyası çərçivəsində neft-qaz əməkdaşlığı mövzusunda dəyirmi masa keçirilmişdir 

Mayın 16-da Çin Milli Neft Korporasiyasının (CNPC) Pekində yerləşən baş ofisində “Bir kəmər-bir yol” konsepsiyası çərçivəsində neft-qaz əməkdaşlığı mövzusunda dəyirmi masa keçirilmişdir.

Çin Xalq Respublikasının Dövlət Energetika İdarəsinin rəhbəri Nur Bekri iştirakçıları salamlayaraq, müzakirələrin vacibliyini vurğulamışdır. CNPC şirkətinin Direktorlar Şurasının sədri Van İlin giriş nitqində dəyirmi masanın məqsədlərini açıqlamışdır. Müzakirələrdə SOCAR, Gazprom, Rosneft, Uzbeknefteqaz, KazMunayGas, Sinopec, İpək Yolu Fondu, Çin İnkişaf Bankı və digər şirkət və dövlət strukturları rəhbərləri iştirak etmişlər. Birinci sessiyada SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Transmilli magistral neft-qaz kəmərləri və qarşılıqlı infrastruktur əlaqəsi” mövzusunda məruzə ilə çıxış etmişdir. R. Abdullayev hazırda Azərbaycanda istismar edilən transmilli kəmərlərin ümumi uzunluğunun 5 500 kilometrdən artıq olduğunu və tikilməkdə olan obyektləri nəzərə almaqla 9 000 kilometrə çatdırılacağını bildirmişdir.

Qeyd olunmuşdur ki, Azərbaycanın nümunəsində magistral neft-qaz kəmərləri strategiyasının düzgün seçiminin iqtisadi artımın lokomotivi ola biləcəyi aydın görünür. Azərbaycan transmilli magistral boru kəmərlərinin yeni Böyük İpək Yolunun əsas çevriləcəyinə və bunun əldə ediləcək mənfəətin karbohidrogen istehsalçıları, tranzitçiləri və istehlakçıları arasında ədalətlə bölüşdürülməsinə zəmanət verəcəyinə əmindir.