19 may 2017 14:39
1017

“Azəriqaz” İB Həmkarlar İttifaqı Komitəsi hesabat verib

Mayın 18-də Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin “Azəriqaz” İstehsalat Birliyi üzrə Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki yığıncağı keçirilib. Yığıncaqda ANQSİHİRK “Azəriqaz” İB üzrə HİK-in 2012-2017-ci illər ərzindəki fəaliyyəti haqqında hesabat məruzəsi dinlənilib, təşkilatın Təftiş Komissiyasının hesabatı və təşkilati məsələlər müzakirə olunub.

ANQSİHİRK “Azəriqaz” İB üzrə HİK-in sədri Ədalət Qurbanov hesabat məruzəsi ilə çıxış edib. Ə.Qurbanov 5 il ərzində HİK-in gördüyü işlər haqqında ətraflı məlumat verərək qeyd edib ki, Birliyin HİK-in fəaliyyəti Azərbaycan Respublikasının qanunları və ANQSİHİRK-nın nizamnaməsi əsasında tənzimlənib. Təşkilat ötən dövr ərzində Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasının, eləcə də Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin son qurultayının qərarlarının icrasının yüksək səviyyədə təmin edilməsinə çalışıb, komitə tərəfindən verilən təlimat və göstərişlərin yerinə yetirilməsi üçün lazımi səylər göstərib. HİK  təsdiq olunan illik iş planlarına uyğun olaraq müxtəlif xarakterli tədbirlərin həyata keçirilməsini təmin edib. Hər zaman təşəbbüskarlığı ilə fərqlənən təşkilat üzvləri tədbirlərin təşkilində və keçirilməsində də mütəşəkkillik nümayiş etdiriblər. Komitə Azərbaycan xalqının və müstəqil dövlətçilik tariximizdə mühüm əhəmiyyət kəsb edən hadisələrin qeyd edilməsində, həmçinin Birlik tərəfindən təşkil edilən bütün tədbirlərdə həmrəylik nümayiş etdirib. Belə ki, tədbirlərdə Həmkarlar İttifaqı Komitəsi üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışıb. Ötən dövr ərzində 8 Mart - Beynəlxalq Qadınlar Günü, Novruz bayramı, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə təşkilat üzvlərinin iştirakı ilə müxtəlif xarakterli tədbirlər keçirilib.

Bundan əlavə, Birliyin HİK öz fəaliyyət dairəsinə uyğun olaraq işçilərin, fəhlə və qulluqçuların əmək şəraitinin yaxşılaşdırılması, sağlamlıqlarının və təhlükəsizliklərinin qorunması, istirahətinin təşkili, mədəni-kütləvi və bayram tədbirlərinin keçirilməsi istiqamətində çoxsaylı təkliflərlə çıxış etmiş, qaldırılan təşəbbüslər HİK iclaslarında baxılmış və Birlik rəhbərliyi tərəfindən həllini tapmışdır.

ANQSİHİRK-nın sədri Cahangir Əliyev Komitənin 2012-2017-ci illər üzrə fəaliyyətinin qənaətbəxş olduğunu vurğulayıb. Bildirib ki, SOCAR rəhbərliyi istehsalatda işçilərin normal və sağlam iş şəraitində işləmələri üçün böyük səylər göstərir və bu məsələlərə xüsusi qayğı ilə yanaşır.

Daha sonra ANQSİHİRK “Azəriqaz” İB üzrə HİK-in Həmkarlar İttifaqı Təftiş Komissiyasının sədri Cəlal Musayev Təftiş Komissiyasının hesabatını təqdim edib.

Birliyin Baş direktorunun Ümumi məsələlər üzrə müavini Şəfiq Nemətov isə öz çıxışında bildirib ki, müxtəlif idman-əyləncə yarışlarının təşkilində, istirahət səfərlərində, eyni zamanda, bayramlarda mükafatların verilməsində HİK-in bu istiqamətdəki fəaliyyəti hər kəs tərəfindən yüksək dəyərləndirilir.

Sonda Həmkarlar İttifaqı Komitəsinin İdarə Heyətinin, Təftiş Komissiyasının üzvlərinin və HİK sədrinin seçilməsi üçün açıq səsvermə keçirilib. İdarə Heyəti və Təftiş Komissiyasının üzvləri təyin olunduqdan sonra Ə.Qurbanov yekdilliklə yenidən ANQSİHİRK “Azəriqaz” İB üzrə HİK-in sədri seçilib.

Zamin Məmmədov, “İki sahil”